Azərbaycan oxucuları nələri sevir?

Nicat Həşimzadə

16-02-2016, 14:34 Oxunub: 1101
Özümüzü nə qədər tərifləsək də bir reallıq var ki, biz dünyanın ən paxıl, ən qaraniyyətli xalqıyıq. Kiminsə uğur qazanması bizi qıcıqlandırır. Azərbaycanda oxucuların əksəriyyəti yaza bilmədikləri üçün yazarlara qısqanclıqla yanaşırlar.

Azərbaycan oxucuları bunları sevir:

1) Gənc yazar sözlərini dırnaq içində yazmağı;
2) Ucuz reklam, ucuz məşhurlaşma sözlərini tez-tez təkrar etməyi;
3) Azərbaycan yazarları yaza bilmir deməyi;
4) Azərbaycan yazarının kitabına pul xərcləmədiyinə görə fəxr etməyi və özünü haqlı saymağı və s.

Xalqımızın təfəkkürünün formalaşmasında folklorumuzun böyük əhəmiyyəti var. Dədə Qorqud arvad-gəlin münasibətlərinə qarışır, mamaçılıq edir, uşaqlara ad qoyur. Məsələn, "gəlinə ayıran demədim mən Dədə Qorqud", "adını Qazan qoydum, qiymətini ellər versin" və s.

Qoç Koroğlu iki saat vuruşub yorulandan sonar qılıncı qınına salır, sazı alır sinəsinə, başlayır toy oxumağa. Gülünc atalar sözlərimiz də çoxdur. Atalar sözlərimiz qadınları alçaldır. Məsələn, "qızını döyməyən dizini döyər", "yaxşı at özünə qamçı vurdurmaz", "arvadı əri saxlar, pendiri dəri". Yəni ki, xalqımız qadını adam yerinə qoymur. Qadın azad ola bilməz. Qadın müstəqil yaşaya bilməz.

Belə bir mənasız atalar sözümüz var: "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir". Bu məsəli bizim atalar deyib. Konfutsi təlimisə deyir ki, "yaxşılığa yaxşılıq, yamanlığa yamanlıqla cavab ver, çünki bəşəri ədalət bunu tələb edir". Bizim atalar deyir ki, "ustadına kəm baxanın gözlərinə qan damar". Yaponlarsa deyir ki, "ustad olmaq üçün öz ustadını üstələməlisən, sonrasa səni üstələyəcək şagirdlər yetişdirməlisən".

Azərbaycan oxucuları mənasız dastanların, mənasız atalar sözlərinin təsiri, təzyiqi ilə tərbiyə olunublar. Bu səbəblərə görə də Azərbaycan oxucusu yeni fikrə hazır deyil, alternativ düşüncə ona yaddır. O, öz bütlərini yıxa bilmir, öz bütləri qarşısında acizdir.

Hələ 2012-ci ildə azərbaycanlı oxuculara məktub yazıb xahiş etmişdim ki, bu qədər çox kitab oxumayın. O qədər çox oxuyursunuz ki, sonra yerli yazarları bəyənmirsiniz. Biz sizin səviyyənizə uyğun mətnlər yaza bilmirik. Az kitab oxuyun. Bizi nəzərə alın.

Əksər yazarlar oxumaqdan daha çox yazmaqdan həzz alırlar. Mənsə mütaliədən daha çox zövq alıram. Yazını bitirib Drayzerin “Dahi” sini oxuyum. Kitabın son 150 səhifəsi məni gözləyir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar