Məmləkət dərdi çəkən mühacirlər

Nicat Həşimzadə

25-01-2016, 16:08 Oxunub: 891
Bütün dünyada işıqlı adamları, xalqın aydınlarını sevmirlər, onlara qarşı cəddi təqiblər olur. Portuqaliyada Saramaqo, Türkiyədə Aziz Nesin, Fransada Marques De Sad təqib olunub. Azərbaycandasa Heydər Hüseynov və Cəfər Cabbarlı kimi nümunələr var. Amma heç bir xalqın ziyalısı Azərbaycan ziyalısı kimi aciz, iradəsiz olmayıb, hər fürsətdə ölkəni tərk etməyə çalışmayıb. Oqtay Eloğlularına ehtiyacımız var. Berlində, Parisdə dincəlib Azərbaycanda baş verən proseslər haqqında pafoslu danışmaq çox asandır. Bu adamların məqsədi nədir? Nəyə nail olmağa çalışırlar. Azərbaycanda savadlı adam azdır, bu savadlı adamların arasında vicdan ziyalı daha azdır. Dərd ondadır ki, vicdanlı ziyalılarımız ölkəndən qaçırlar. Mübarizələrini davam etdirmir, məqsədlərinə xəyanət edirlər.

Əksəriyyəti mitinqlərə çıxır, polislərin qucağına düşüb fotolar çəkdirir və nəticədə Avropadan siyasi sığınacaq əldə edirlər. Fransaya, Polşaya, Amerikaya gedəndən sonrasa pafos dolu kədərli statuslar yazırlar. Guya ki, məmləkət dərdi bu adamları narahat edir. Azərbaycanda ziyalı mövqeyi anlayışı deqradasiyaya uğrayır. "Deqradasiya" terminini qəsdlə yazdım ki, haqqımda danışanda “savadlı oğlandır” desinlər. "Devalvasiya" sözünü də təzə öyrənmişəm. Bu termini də tez-tez deyirəm ki, savadsızlığımı gizlədə bilim. Təzə-təzə "devalyasiya" deyirdim. Sonra səhvimi düzəltdim.

Ümumiyyətlə bir acı həqiqət var. Azərbaycan cəmiyyətində səmimi olmaq çox çətindir. Bu yaxınlarda bir oxucu mənimlə Murakaminin “Kafka sahilində” əsəri haqqında danışmaq istədi. Mənsə dedim ki, o romanı iki dəfə oxusam da heç nə başa düşməmişəm. Adam sual verdi ki, sən necə yazıçısan ki, oxuduğunu başa düşmürsən. Çünki insanlarımız özlərini ağıllı göstərməyi, səy-səy məsləhətlər verməyi sevirlər.

Azərbaycan xalqı ziyalısına inanmır. Buna qarşılıq olaraq Azərbaycan ziyalısı da öz xalqına inanmır. Uzun illərdir ki, qarşılıqlı inamsızlıq davam edir. Bu inamsızlığı sındırmaq lazımdır. Yalnız musiqinin və idmanın təbliğ olunduğu cəmiyyətdə bəlkə də xalqdan ziyalıya ciddi münasibət göstəməsini tələb etmək axmaqlıq olar. Televiziyaları günahlandırmaq fikrim yoxdur. Təbliğat maşınları həmişə verilən göstərişləri yerinə yetirir. Azərbaycanda azad tv kanal yoxdursa tv kanalları günahlandırmaq doğru deyil. Biz həmişə güclü, varlı adamların xalqa verdiyi əzabın heyfini jurnalistlərdən almağa öyrənmişik.

Dostum Vəli Efe demiş "Öləndə heç olmasa bir rəhmət oxuyanım olsun" deyə yaşayan adamlar var. Azərbaycan ziyalıları ümidsizdirsə, xoş gələcək vəd etmirlərsə, xoşbəxt gələcəyə inanmırlarsa sadə insandan nə tələb etmək olar?

Hansısa xarici ölkədə otel foyelərində əyləşib Azərbaycanda baş verən hadisələr haqqında danışmaq, xalqı günahlandırmaq çox asandır. Çox da gülünc görünür. Əgər xalqı sevirdinsə niyə xarici ölkəyə qaçdın? Əgər xalqa inanmırsansa onda niyə tənqid edirsən. Ağıllı ziyalı o xalqı tənqid edər ki, o xalqdan gözlədiyi hansısa xoş məramlar var. Ziyalı dediyin kəs xalqı səhranın ortasında tənha qoymamalıdır.

Bu haqda çox  danışmaq olar, amma məncə ağıllı oxucu hər şeyi özü başa düşəcək. Ehtiyac olsa yazının ardını özü quraşdıracaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar