Ölülər...

Səid Əlizadə

23-10-2017, 17:46 Oxunub: 1088
Mirzə Cəlili hamımız sevirik, Sabirə min rəhmət oxuyuruq. Amma yas düşəndə mollanı gətirib ən başda oturduruq. Həmin o mollalar çox sevdiyimiz Axundovu qəbrə tullamışdılar. Rəsulzadə hamımız üçün əzizdir, Xoyskini, Xalq Cümhuriyyətinin banilərini hörmətlə anırıq, sonra da Nərimanov adına metro tikib, “Sovet bizə elm gətirdi” deyirik.

Ziddiyyətlər, riyakarlıq... Biz tənqidin başını "Ölülər" pyesində "Şeyx Nəsrullahın" 9 yaşında qızı otağın o biri küncünə zorla dartanda zalın qəhqəhə çəkişi ilə buraxmışıq. Biz millət yükünü hələ 20-ci ildə Qızıl Ordunu qarşılamağa çıxan Bakı fəhlələrinin çiyinlərində torpağa tapşırmışıq. İndi kimik biz?... Bura təhsili özünü daha baha satmaq üçün alanların, kitabı tələbələrə sırımaq üçün yazanların, qabağa düşmək üçün yoldaşına quyu qazanların ölkəsidir.

Əziz tamaşaçılar, nəyə gülürsünüz?! Halınızamı? Halımızamı? İndi kimsiz siz?! Ölülər! Belə baxanda düz edirik. Acından ölməliyik? Yoxsa ortada qalmalıyıq?! "Rüşvət alır, əcəb edir, “dvijeniyan" olsaydı, sən də alardın". Neyləyirsiz savadı? Əsas diplom olsun bəsdir. Axşam da gedək, tamaşada 9 yaşlı qızın siğəsinə qəhqəhə çəkək. Üstündən də bir stəkan soyuq su içək, rahat "həzm" olsun. Əslində hamımız yaxşı oğlanlarıq, "prosta" sağ qalmaq lazımdır. Özü də çox xarakterli xalqıq. 200 ildir bir qram da dəyişməmişik, bir girvənkə belə "həqiqətimizdən" dönməmişik. O vaxtı da Fars allahı ilə Ərəb allahı üstə bir-birimizi qırırdıq, indi də ona görə qırışırıq. İndi hətta iki türk klubu oynayanda da bir-birimizi qırırıq. Müasirlikdir, qardaşım, yeni imkanlar tanıyır bizə.

Əvvəllər cahillərə söz başa salmaq olmurdu, indi "fikirləşənlərimiz" də monqol kəsilib başımıza. Dövlət deyəndə yekəqarın məmurlar yadına düşən gözəl ölkəm. Düz edirik, gəlin gedək Azadlıq meydanında boğazımıza kəndir keçirib bir-birimizi asaq. Şaqqalayaq qudurmuşları, utanmırlar hələ tənqid də edirlər. Azad qadın heykəlinə çadra keçirək, ayıbdı, bizə yaraşmır. Gəlin "əxlaq"ın keşiyində duraq. Sonra gecə 12-dən sonra iki şillə çəkək, “soyun” deyə bağıraq. Axşam bütün nəsil yığışsın, ağsaqqallar, ağbirçəklər iki dənə dini söhbət etsin, ekstaz yaşayaq. Həyif deyil? Nəyi dəyişəsən? Niyə dəyişəsən? Belə pisdi bəyəm? Dünyanın hansı ölkəsində 9 yaşlı qızın siğəsinə qəhqəhə çəkirlər? Bundan böyük azadlıq? Oturun aşağı əziz tənqidçilər. Bu ölkəni sizə yedirtmərik, bura Qafqazdır! Ağıllı-kamallı həcilərimiz var, məsələn, mağaza müdiridi, iki ildən bir Həccə gedir, sora gəlir, qiymətləri qaldırır. Deyəndə ki, bir partiya getmə, bir uşaq tap göndər xaricə oxusun, deyir “boş şeydi oxumaq”. Biz oxumaq deyəndə mühazirə zallarında kor gözləri ilə qabağındakı vərəqlərlə əlləşib imla yazdıran "müəllimləri" xatırlayırıq. Yaxşı deyil? Əladır.

Həyatı haram pul yeməkdən ibarət olan müəllimlər var, ağzından Allah sözü düşmür. Soruşsan, kəlməyi-şəhadəti gəvələyə-gəvələyə deyir, Qurandan-zaddan dəm vurur, amma oxumayıb. Heyif ki, biz oxumuşuq əziz tamaşaçılar, orada da "balalarınızı dolandırın" yazılmayıb. İngiltərə deyəndə hamının ağlına ya qüdrət gəlir, ya kafirlər. Veber adlı bir cəmiyyətşünas olub. Deyirlər əjdaha adamdır. O deyirdi ki, İngiltərənin inkişafına 3 şey səbəb olub. Onlardan biri və birincisi Allah qorxusudu. İndi sual yaranır. Bu qədər dilindən "Allah" sözü düşməyən adamın ölkəsi niyə bu gündədir. Allahda problem var, ya bizdə? Allahı yerdə, göydə, kağız parçasında axtarmaq yerinə bir az içimizdə axtarsaydıq, çoxdan tapıb onunla dostlaşmışdıq. Amma onsuz da tapan tapıb, biz tapsaq, nə olacaq ki? Axirətdə tapışacağıq əsas.

Bu yazı tənqid-filan deyil. Düz başa düşək, bu ölən vicdanın son yorğun hayqırışları, abırsız həqiqətin iniltiləridir. Biz vicdanı o tamaşa zalında edam etmişik onsuz da. Biz həqiqəti qurşaqlarda həbs etmişik. Zavallı Ölülər, həyatdakıların həyatını gəmirən Ölülər! Bizə bu da azdır. 20 Yanvarda öldürülənlərə dünyanın ehtiramını göstəririk. Amma bu ehtiramın şəbəkə xidməti parlament qapıları xaricindədir. Orada müstəqilliyin əleyhinə səs verənləri oturduruq. Düz edirik! Ölülərə başqa kimlər bayraqdarlıq edə bilərdi ki?! Bir vicdan ölür, başqası dirilir. Amma bu ölülər dirilmir ki dirilmir... İndi biz kimik..?
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar