Qandi fəlsəfəsinin möhtəşəmliyi

Səid Əlizadə

25-04-2017, 13:03 Oxunub: 672
Qandinin həyatını oxuyan bütün insanlar bir nöqtədə eyni fikirdə olurlar: Bu möhtəşəm həyatdır.

Saf sevgi və həqiqətdən yoğrulmuş, dəri və sümükdən ibarət, Çörçillin sözləri ilə təsvir etsək "yarıçılpaq bir yoxsul" Hindistanı köləlikdən azad etdi. Hər şey necə də sadə səslənir elə deyilmi? Bu sözləri ifadə edərkən milyonlarla hindistanlının ingilis əsgərlərinə cavab vermədən yediyi təpikləri, tüfəng mərmilərindən can verən qadın və uşaqları heç yada salırıqmı? Qandi deyirdi ki, belə anlarda o, tarixin müxtəlif epizodlarını yadına salır:

"Qəddar tiranlar tarixin hər dövründə, dünyanın hər yerində olub. Lakin hər dəfə gec, ya da tez sevginin və həqiqətin qarşısında diz çöküblər. Düşdüyünüz çətin situasiyalarda bunu unutmayın".

Qandi mübarizəsini Satyaqrahanın üzərində qurmuşdu. Sözün kökünə baxanda çox şeyi anlayarıq. Satya-həqiqət, aqraha-möhkəmlik deməkdir. İnsan öz həqiqətinin arxasında qaya kimi durmalıdır. Satyaqraha üçün düşmən qarşında duran insan deyil, onun ruhunu ələ keçirmiş şərdir. Şərə qalib gəlmək üçün vicdana səslənmək lazımdır.

"Axı nə vaxta qədər eyni qandan, eyni candan gələn insanlar bir-birinə nifrətlə baxacaq? Daxilimizdəki tanrı bizə doğru yolu göstərəcək, sadəcə susub onu dinləmək lazımdır", - deyirdi Qandi.

Britaniya imperiyası qeyd-şərtsiz dünyanın ən böyük imperiyası idi. O imperiyanı əlində əsası ilə, cılız bədənli bir vəkil məğlub etdi. Güc əlimizdə tutduğumuz silahlar, sıxdığımız yumruqlar deyil, güc qəlbimizdə daşıdığımız inanc və sevgidir. Biz Qandidən yaşadığımız cəmiyyəti, anadan olduğumuz torpağı sevməyi öyrənməliyik. Elə sevməliyik ki, bizə qarşı olan insanlar bu sevginin qarşısında diz çöksünlər.

Mübarizə sağlam əsaslarla aparılmalıdır. Biz nə ilə mübarizə aparırıq? Necə mübarizə aparırıq? Niyə mübarizə aparırıq? Bu sualların cavabını tapmadan mübarizənin mahiyyətini dərk etmək olmaz. Qandini tanımaq isə istənilən düşünən, xeyirli bir iş görməyə can atan insan üçün mütləqdir. Qandi deyirdi ki, dünyada görmək istədiyiniz dəyişiklik nədirsə, o olun. Ona görə də dəyişimə özümüzdən başlamalıyıq. Bizim qarşımızı kəsən öz zəifliklərimiz, tənbəlliklərimizdir. Hər birimizin uşaqlıqda qurduğu xəyallar olur. Yaş artdıqca onları unudub, reallıqla barışırıq. Çünki qarşımıza çıxan ilk çətinlikdə zəifliyimizə məğlub oluruq. Halbuki bir az əzm göstərsəydik, kim bilir neçə xəyal reallığa çevrilərdi?

Biz Milli Fikir Mərkəzi, Etatizm Akademiyası və Kitabıstan yayınları olaraq xalqımıza tarixin ən böyük xəyallarının, ən böyük mübarizələrinin, ən böyük ideallarının əzm nəticəsində necə reallığa çevrildiyini göstərmək üçün artıq tərcümə etdiyimiz 3-cü kitabı nəşr edirik. Və Qandi bizə bu yolda yardım edə biləcək ən böyük şəxsdir. Sadəcə onu tanımaq və təcrübələrindən faydalanmaq lazımdır.

Aprelin 29-da Milli Fikir Mərkəzinin ofisində keçiriləcək "Qandinin liderlik fəlsəfəsi" kitabının təqdimatına hər birinizi gözləyirik.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar