Nə olacaq bu işlərin axırı?

Səid Əlizadə

11-03-2017, 10:57 Oxunub: 671
Bu sualı bəzən bir-birimizə söhbəti davam etmək üçün veririk. Heç özümüz də anlamadan gələcəyimizin qeydinə qalmağa çalışırıq. Amma bu sözün ardınca heç vaxt bir əməl gətirmirik. İnsanabənzər maşınlar dövrünün yaxınlaşdığı bir zamanda biz hələ öz cılız bədənimizə hökm edə bilmirik. Ruhumuza, şüurumuza, öz zamanımıza hökm edə bilmirik. Bilirsiniz niyə? Çünki hökm etmək istəmirik. Yaraşdırmırıq özümüzə böyük olmağı. Halbuki bu xalq bir vaxtlar orta Anadoludan Əfqanıstan çöllərinə, Şimali Qafqazdan İran körfəzinə qədər böyük ölkələrə, vadilərə, çöllərə hökm edirdi. Ancaq indi yaşamaqdan qorxan cılız zavallılara dönmüşük.

Seçim edə bilmirik. Məsuliyyət ağır yükdür. Lakin eyni zamanda ən ləyaqətli yükdür. Məsuliyyət insanı yıxılmağa qoymur, yıxılanda belə qalxmağı öyrədir, onun altında əzilməmək üçün güclənməyə vadar edir. Biz güclənmək istəmirik? Güclənmək istəyiriksə, nəyi gözləyirik? Niyə qalxıb taleyimiz uğrunda savaşmırıq? Çünki inanmırıq. Bizləri əlində əsa olan Musalar, İsalar xilas edəsi deyil. Hər gün müsəlman Şərqinin bir yerindən Mehdilik iddiaları ilə ortaya çıxan şarlatanlar deyil bizim xilas yolumuz. Müxtəlif qütblər, partiyalar, iqtidarlar və müxalifətlər, xiyabanlardakı sümükləri qurd basmış övliyalar deyil çıxış yolumuz. Xilas öz içimizdədir.

İnsanoğlu əsrlər boyu öz güclü tərəfindən qorxub, ona Tanrı dedi. Əsrlər boyu özünə yalan qandallarını vuraraq, içindəki Tanrıdan qaçdı. Zəif xislətinə haqq qazandırmaq üçün sığına biləcəyi saxta dəyərlər yaratdı. Daha nə qədər acizliyimizə haqq qazandıracağıq? Daha nə qədər içimizdəki köləyə mərhəmət duyacağıq? Dağıdın yalan qandallarını ayaqlarınızdan! Sökün qəlbinizdən zəif xislətinizlə qidalanan o köləni. Zaman qüdrət zamanıdır.

Bizi uçuruma aparan elə biz özümüzük - qorxularımız, inancsızlığımız, zəifliklərimiz. Duyduğumuz ağrılardan güc almağı öyrənməliyik. Çünki nəyimiz də yoxdursa, 500 illik keçmişimiz müdhiş ağrılara şahid olmuş tarixçələrlə dolub-daşır. "Nəyimiz də yoxdursa" dediyimə baxmayın, hər şeyimiz var, heyif ki, özümüz yoxuq. Ərazisi bizdən qat-qat kiçik İsrail, səhranın tam ortasında yaxın Şərqin ən qüdrətli dövlətlərindən birini qura bilir, bizsə hələ də "qaçacam bu ölkədən" deyənlərin dərdini çəkirik. Buraxın qaçsınlar. Biz bu ölkəni dəmir zəncirlərlə yenidən var edəcəyik. Zəif halqalara burada yer yoxdur.

Biz bu ölkəni addım-addım inşa edəcəyik. Sürünməyə sitayiş edən həşəratlar bunun nə demək olduğunu anlaya bilməzlər. Yetər ki, inanaq. Yetər ki, bu torpağın tanrıları olmağı istəyək. Bax, o zaman qaranlıqda qeyb olmuş bir qövm küllərindən yenidən doğacaq.
Şərhlər : 2 Şərh yaz
Boz Qurd 12 mart 2017 00:45  

Salam Seid Bey. Cox gozel yazidi. esq olsun!

Aygun Feyzullayeva 12 mart 2017 11:30  

Seid bey, men hemise sizin yazilarinizi seve-seve oxumusam. Belede davam edin

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar