Mütləq iradə

Səid Əlizadə

4-03-2016, 17:11 Oxunub: 763
İradə hər hansı bir əməli hərəkətin yerinə yetirilməsi zamanı sahib olduğumuz qətiyyətdir. Düzdür, iradəyə yüzlərlə tərif vermək olar, lakin onun belə başa düşülməsi daha məqsədə uyğundur. Çünki qətiyyət olmadan yaşamağın sonu kölə olmaqdır. İnsan bir yol seçib o yolda gedəndə mükəmməliyə çatmaq üçün stimul yaranır. Əgər yolçu gedəcəyi yoldan əmin deyilsə və qətiyyət göstərmirsə məğlub olacaq. Sən yoluna inanmırsansa, yolun da sənə inanmayacaq.

Yaşlı nəsillə bizim ən böyük fərqimiz bilirsiniz nədir? Onlar, dünənin pioner və komsomolları bu günün biznesmenləridir. “Sovetin vaxtı nə yaxşı yaşayırdıq” deyənlər, sonra o sistemi yıxanların, milli azadlıq mübarizəsi başçılarının ruhuna dua oxuyurlar. Bir sözlə, xəyanətkardırlar. 30-40 il əvvəl "Kompartiyaya" üzv olmaq üçün dəridən-qabıqdan çıxanlar yeni nəslə heç nə öyrətməyə çalışmamalıdır.

Yeni nəsil olan bizlər, hələ də Con Lokkun dediyi kimi “Tabula Rasa”yıq (ağ lövhə). 70 il getdiyimiz yola xəyanət etməmişik. Bütün məsələ budur. Xəyanətkar nəsil itirilmiş nəsildir. Ona görə də biz öz yolumuzu - keçmişin qırıntılarından arınmış, qətiyyətli və dönməz yolumuzu seçməliyik.

Yoldan söz düşmüşkən... İdeala xidmət etmək təcrübəsinin ən böyük nümayəndələri yaponlar olub. Samuray fəlsəfəsi bir xalqın nə qədər qətiyyətli ola biləcəyinin əyani sübutudur.

Məşhur ronin Miyamoto Musasi öz “5 üzüyün kitabı” əsərində aşağıdakı fikirləri bildirir:

1. Düşüncələrinizdə qeyri-səmimiliyə yol verməyin.
2. Gedilən yol yaşanılan təcrübələrdə dərk edilir.
3. Hər etdiyiniz hərəkətin mahiyyətinə nüfuz edin.
4. Dünyəvi işlərdə qazanılmış və itirilmiş şeyləri fərqləndirməyi bacarın.
5. İntuitiv qavramanı inkişaf etdirin.
6. Müşahidə edin, görülməsi çətin olan şeyləri görün.
7. Ən bəsit şeylərə belə diqqət yetirin.
8. Xeyri olmayan heç bir şeyi etməyin.

Əsas odur ki, bu prinsiplər insanın qəlbində həkk olunsun və getdiyi yolda bu prinsiplərə mütləq iradəsinin verdiyi qətiyyətlə riayət etsin. Ancaq hər şeydən əvvəl gələn inancdır. İdeala inam...

Əgər ideala sahib deyilsənsə, təkamül etməyəcəksən. Sahibsənsə, bil ki, heç vaxt idealına qovuşmayacaqsan. Xəyalının ardınca atdığın hər addım səni Tanrı olmağa vadar edəcək, Tanrı olmaq... necə də gözəl səslənir. Amma insanoğlu anlamır ki, bu sözün altında nə nəhəng çiyin yükü yatır.

Tanrı olmaq məsuliyyətdir, bir düşün, qərar verə biləcəksənmi, bu qədər insanın həyat yolunun necə olacağını? İradəni hansı tərəfə sövq edəcəyini? Tələsmə, qərar ver, yalnızlığa dözməyə hazırsanmı? Zira Tanrı yalnızlığa məhkumdur... Düşünən beyinlər dünyanın hansı yerində olmalarından asılı olmayaraq öz cəmiyyətlərindəki Tanrıdırlar. Bu subyektiv və indivual qavram deyil. Onların əqlləri əslində bir bütün olaraq, yaşadıqları cəmiyyətin intellektual ruhunu təşkil edir. Bizdə isə düşünən beyinlər "həddini aşmış eqodan" əziyyət çəkdiklərinə görə birləşə bilmirlər.

Fransız maarifçiləri nəinki özləri təşkilatlanmışdılar, hətta Amerikadakı maarifçilərlə də daim məktublaşırdılar. Çünki heç bir fərd tək başına yaşadığı dünyanı dəyişməyə qadir deyil. Özün kimi insanlarla birgə fəaliyyət göstərmək üçün şəxsi mənfəətlər haqda düşünməyi kənara atmaq lazımdır. Əgər qətiyyətlisənsə uğur onsuzda gəlib səni tapacaq, sadəcə fədakar olmaq lazımdır. Qələbə iradə tələb edir, iradəli olmaq isə fədakar olmaq deməkdir. Nələrisə uca bir amal uğrunda qurban verə bilmək, budur bütün məsələ.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar