İstehlak cəmiyyəti

Səid Əlizadə

29-01-2016, 17:11 Oxunub: 944
Tarixin axarı insanların təfəkkürünə ciddi təsir göstərib. İlk insanlar təkamül keçirərək şüur qazandıqdan sonra totemləri, daha sonra Tanrıları düşünərək elə-belə yaratmamışdılar. Homo sapiens ətrafını dərk etmək istəyirdi. Təbiəti anlamaq, ətrafındakı proseslərə məna vermək istədi, hətta ona nəzarət etməyə cəhd göstərirdi. Lakin çox zəif olduğuna görə təsiri birbaşa yox, Tanrıların qılığına girərək həyata keçirməli oldu. İnsan oğlunun Tanrıları yaratmaqdakı əsas məqsədi daxili dünyasının qidasını təmin etmək idi. Çünki maraq onu məhv edirdi. Mənəvi dünyadakı içiboşluq onun ruhunu gəmirirdi.

Efiopiyanın pagan dinlərini araşdırarkən kulturoloq və sosioloqlar çox maraqlı faktlara rast gəldilər. Ənənəyə uyğun olaraq hər qəbilənin bir yağış şamanı var idi. Bu şamanlar yağışın vaxtında yağmasına nəzarət etməklə vəzifəli idilər. Hər il müəyyən vaxtlarda şaman yağış rəqsi edərək yağışı çağırırdı. Əgər yağış gəlmirdisə, şamanı daşlayaraq öldürürdülər. Məqsəd onu Tanrılara qurban vermək və bunun vasitəsilə yağışın yağmasını təmin etmək idi. Lakin maraqlısı budur ki, şamanların daşlanaraq qurban verilməsi çox nadir hallarda baş verirdi. Çünki, etdikləri ritual - yağmur rəqsi, çox zaman işə yarayırdı. Bu əslində düşüncənin gücünü göstərir. İdeyanın materiallaşmasının tarixi örnəyidir. Demək ki, insanlar gerçəktən, bütün varlığa ilə nəyəsə inananda bu reallaşır.

Daha sonra bəşəriyyət təktanrılı dövrə qədəm qoydu. Bu dövr, bir o qədər mistik və maraqlı deyil. Bununla belə insan oğlunun ehtiyac duyduğu mənəvi qidanı təmin edirdi. Hal-hazırda dünyanın böyük bir hissəsi təktanrılı cəmiyyətlərdə yaşayır. Lakin bu təktanrılı cəmiyyət XI əsr monoteist cəmiyyətdən tamamilə fərqlidir. O zaman doğulan insan Tanrının dünyasına doğurdu. Onun idealı onun Tanrısı idi. Tanrıya can atırdı, etdiyini Tanrı üçün, etmədiyini yenə Tanrı üçün edirdi. Lakin bu Tanrı hər şeydən kənarda idi, transsendent idi. Sözün əsl mənasında əlçatmaz idi və insanoğlu bunu dərk edirdi.

XIX əsrdə Nitsşe Tanrının cəsədi üzərinə öz qılıncını sancdı. İnsanlara yeni ideal təklif etdi: Fövqəlinsan!

Tarixin qırılması elə bu zaman baş verdi. Bəşəriyyət onun idealını rədd etdi. Bir ideal uğrunda addımlamaqdansa, material dünyada boğulmağı seçdi. Bax istehlak cəmiyyəti məhz burda yaranır. Prioriteti içində varlığın qığılcımını daşıyana yox, onun təqlidinə verən cəmiyyətdir istehlak cəmiyyəti. Mənəvi tərəfin tamamilə rədd edildiyi, material resurslara bağlanan, heyvani arzu və instinktlərin tətmini ilə sərhədlənən cəmiyyətdir. Məsələn, istehlak cəmiyyətində 2 kq kartof, 2 yaxşılıq aktından daha önəmlidir. 3 kq ət, şərəfdən daha önəmlidir. Yeni alınmış xarici avtomobil vicdanın təmizliyindən daha vacibdir. İnsanların dəyəri təbii xarakterləri və intellektual keyfiyyətləri ilə yox, maddi üstünlükləri ilə müəyyən olunur. Belə cəmiyyətdə təkamül dayanır, çünki proqress üçün ehtiyac duyulan təkan verici qüvvə şaquli yox, üfüqi yönlənir. Təfəkkür səmaya yox, yerin dibinə köklənir. Yalnız elm sahəsində nisbi inkişaf qalır ki, bu da elmin pozitivist mahiyyətilə izah olunur.

Məşhur Fransız sosioloqu Jan Bodriyar yazır ki, istehlak cəmiyyəti istehlakın özünün belə mif şəklində istehlak olunduğu cəmiyyətdir. Yəni istehlak mifləşdirilir. İstehlakın verdiyi həzz duyğusu cəmiyyətə mifləşdirilərək inyeksiya edilir. Ona görə də hamı məsələn, ən son model "i phone" almağa tələsir. Fərd üçün alınan "i phone"nun onun tələbatına uyğun olub-olmaması fərq etmir. O, artıq mifin təsirindədir. Material resurslardan həzz almağa tələsir. Lakin necə zombiləşdiyinin fərqində belə olmur. Yəni istehlak cəmiyyəti manqurtların çox olduğu cəmiyyətlərdir. Tükətməkdən başqa heç nə ilə maraqlanmayan insanların cəmiyyəti... 

İstehlak yox, istehsal cəmiyyəti olmaq üçün sosiumun ortaq bir hədəfi olmalıdır və bu ortaq hədəf ortaq sabahda köklənməlidir.

Fransız maarifçilərinin bir idealı var idi. Onlar xalqın maraqlarını qoruyan dövlət, cəhalət bataqlığından qurtulmuş bir xalq istəyirdilər. Və bu istəyin qarşısında nə Burbonlar dayana bildi, nə də zülmət zindanlar. Çünki onlar öz iradələrinə inanırdılar. Nə olursa-olsun, öz məqsədlərinin aliliyinin fərqində idilər.

Əgər hər gün dərsə və ya işə gedərkən küçədə mədəniyyətsiz insanları görmək istəmiriksə ilk öncə bu vəziyyətin dəyişə biləcəyinə inanmalıyıq. Neftin nazıyla oynayan iqtisadiyyat istəmirsiksə, atəşkəs şəraitində ölən əsgərlər istəmiriksə, övladımızı döyən, özü də döyülə-döyülə gəlmiş qoca, "peyinbeyinli" müəllimlər istəmiriksə, rüşvətxor məmurlar istəmiriksə, ən əsası manqurt olmaq istəmiriksə ideala sahib olmalıyıq. İdealımızdakı cəmiyyətə can atmalıyıq.

Bəs nədən ilhamlanmalı? İdealın beyində doğurduğu işıqlı gələcəkdən. Qəlbi doldurduğu sevgi və saflıq duyğusundan. Reallığa baxarkən bütün bədəni saran nifrət duyğusundan. Bu cəmiyyəti dəyişə bilmək üçün Qandi tək sevmək, Nitsşe tək nifrət etmək gərəklidir. Biz hazırki cəmiyyəti təşkil edən fərdlərin bugününə kifayət qədər nifrət etməsək, sabahı yetərincə sevə bilmərik. Bu günə bütün gücünüzlə nifrət edin ki, sabahı sevə biləsiniz...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar