Nitsşe bizə nə verə bilər...

Səid Əlizadə

12-01-2016, 12:44 Oxunub: 1004
Bildiyiniz kimi yanvarın 10-da Milli Fikir Mərkəzində müzakirəmiz oldu. Mövzumuz "Nitsşe bizə nə verə bilər?" idi. İstəyirəm bu haqda fikirlərimi bu yazıda açıqlayım.

Əvvəla bir az Nitsşenin yaradıcılığınıdan bəhs etmək istəyirəm. Nitsşenin fəlsəfəsində iki əsas məqam və məntiqi xətt var. Bunlardan biri “Tanrı öldü” fikri, digəri isə “hakimiyyət əzmi” dir. Bir çoxları - Nitsşeni təzə-təzə oxumağa başlayan kəslər zənn edirlər ki, qeyd etdiyim birinci fikir onun ateist olmasına dəlalət edir. Nitsşeyə ateist demək onu adiləşdirmək və primitivləşdirməkdir. Sitatın tam halı belədir: "Tanrı öldü, onu biz öldürdük, siz və mən". Bu fikrin altında əslində Avropanın son 400 illik tarixi yatır.

Belə ki, Avropada Renessansdan sonra modernləşmə hərəkətı vüsət aldı.

Bir az Renessans haqda: Renessans hərfi mənada "yenidən doğulma" deməkdir. Yəni Renessansın fikir adamları ölmüş, tarixin qaranlığında itib-batmış antik kulturu yenidən diriltməyi hədəflədilər və nail oldular. Bir məqamı da qeyd etmək lazımdır ki, antik kulturda iki ana xətt vüsət almışdı: Platon və Aristotel. Xristianlıq o və ya bu şəkildə Platonu yaşatmışdı. Lakin Aristoteli məhz intibahçılar oyatdılar.

İntibahın bir insanmərkəzlilik konsepsiyası vardı. Deyirdi ki, varlığın mahiyyətində insan durur, Allah yox. Xeyir və şər, müharibə və sülh, ümumiyyətlə hər şey insanın məhsuludur. Yəni Tanrının əlindən onun həll edici olma funksiyasını aldılar. Daha sonrasında Avropada modernləşmə inkişaf edərkən bu fikir dominant yerə gəldi. Artıq qərar verən, azad iradəyə və şüura sahib olan Tanrı yox, insanlar idi. Öncəliklə Dekart, teist tanrını deist tanrıya çevirdi. Yəni artıq Allahın şüuru və iradəsi yox idi, o yalnız hər şeyin başlanğıcı funksiyasını daşıyırdı - səbəb tanrısı idi, insani işlərə qarışmırdı. Bu xətt inkişaf etdikcə insanlar Tanrıdan daha çox uzaqlaşdılar.

Nitsşeyə vaxt çatanda, o gördü ki, insanlar Tanrıdan o qədər uzaqlaşıblar ki, artıq "niyə" sualının cavabını tapa bilmirlər və bütün Avropanı nihilizm dalğası bürüyüb. Onda tragikomik bir şəkildə Tanrının öldüyünü bəyan etdi. Nitsşenin unikallığı da elə burda üzə çıxır. O, bütün Avropanın son 400 ildir şüurlu və ya şüursuz şəkildə etdiyi şeyi gördü və onu gözlər önünə sərdi.

Maraqlısı burdadı ki, o nihilizmi qəti şəkildə inkar edir və bundan çıxış yolunu Tanrıya qayıtmaqda görmür. Çünki o, nihilizm qədər xristianlığın tiran Tanrısı ilə də barışmır, eyni zamanda həm Tanrını həm də insanı inkar edirdi. Deyirdi ki, insanda seviləcək şey yalnız onun ölümü və keçid rolu oynamasıdır. Burada “Tanrı öldü” fikrinin məntiqi davamı olaraq “Fövqəlinsan” ideyası ortaya çıxır. “İnsan heyvanla fövqəlinsan arasında körpüdür” deyirdi Nitsşe.

Fövqəlinsan deyərkən nə başa düşməliyik? Fövqəlinsan sonsuz iradəyə sahib, tarixin axarını dəyişməyə qadir, yaradan varlıqdır. Fövqəlinsan nihilizmi və Tanrını məğlub etmiş varlıqdır. Nitsşenin tarixdəki fövqəlinsan prototipinə göstərdiyi nümunələrə nəzər salsaq, orada Yuli Sezarı, İsgəndəri, Napoleonu görə bilərik. Bu insanların hər biri imperiya yaratmışdı.

Bundan əlavə Nitsşe deyirdi ki, insanlar iki yerə bölünür: Ağa və kölə təbiətlilər. Bildirmək lazımdır ki, bunu təkcə Nitsşe yox, Hegel, Aristotel, qismən Platon və s. də yazır. Kölələr həmişə xalqın əksəriyyətini təşkil edirlər, heç bir zaman fərdi inkişafa can atmırlar, məqsədləri olmur, olsa belə cəmiyyətin onlara təlqin etdiklərini özlərinə hədəf (adətən çox primitiv olur, məsələn universitetə girmək ağa təbiətli insan üçün vasitədirsə, kölə üçün sadəcə hədəfdir, çünki cəmiyyət dediyi kimi davranır) olaraq götürürlər. Əgər insan özünü kütlədən görmürsə, intellektualdırsa, hər şeyin zibil içində olduğunu anlayırsa o, bunu düzəltməyə çalışmalıdır. Əks halda onun nə öz üstünlüyünü iddia etməyə, nə də kütlədən şikayətlənməyə haqqı yoxdur. O da elə kütlədən bir insandır, o da elə kölədir.

Əgər bir insan 100-lərlə kitab oxuyursa və bunu yalnızca fərdi inkişaf üçün edirsə, o insanın yaşaması heç nəyi dəyişmirsə, onda o kitabları oxumağın nə mənası var? Oxuduğu kitablara rəğmən kölələrlə eyni tipli həyat yaşayan insan varlığın paradoksudur. Belə olmaq təbiətə xəyanətdir, təbiət mübarizə meydanıdır, varlığın mahiyyətində mübarizə durur.

Nitsşe Azərbaycan xalqına heç nə verə bilməz, çünki Nitsşe heç bir zaman xalq üçün yazmayıb. Lakin Azərbaycan intellektualına heç bir müəllifin verə bilməyəcəyi bir çox şeyi verə bilər. Bunların başında iradə durur. Bizim insanın tarix boyu problemi iradəsizlik olub. Kefli İsgəndər iradəsizliyindən “kefli” idi. Özünü dərk etməyə yardımçı ola bilər, üstün fərd öz mahiyyətini idrak etməlidir, qırağa çəkilib, bir küncdə həyat yaşamaqdan əl çəkməlidir, hakimiyyət əzmini ortaya qoymalıdır. Və ən mühümü, fədakarlığı öyrədə bilər.

Yaşadığımız tarixi dövr bizi ən böyük yol ayrıcı qarşısında qoyub. Yaxın 10-15 il gələcək 100-150 ilimizi müəyyən edəcək. Ya yeni nəsil Azərbaycan intellektualı dominasiyanı öz əlinə alıb ölkəni bataqlıqdan çıxaracaq, ya da küncə qısılıb mənasız həyatına oxuyub nəticə çıxarmadığı kitabları ilə daha da mənasızlıq qataraq davam edəcək. Seçim sizindir, lakin seçim edərkən gələcək övladınızın üzünə necə baxacağınızı da fikirləşin, onun necə cəmiyyətdə yaşayacağı sizin bugünkü seçiminzən aslıdır. Bunu unutmayın.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar