Qarşıdan intibah gəlir

Səid Əlizadə

3-01-2016, 15:41 Oxunub: 727
Hal-hazırda ölkədə hər şey bir-birinə dəyib. Formal olaraq üzən kursa keçdiyimiz bildirildisə də, bu, faktiki olaraq devalvasiya idi. Qiymətlər artıq 2-ci dəfə kəskin artdı. Hətta insanlar mağazalara doluşaraq bolluca ərzaq almağa girişdilər ki, bir müddətlik sığortalansınlar. Ola bilər ki, bir çoxunuz baş verənlərin neqativ hadisələr olduğunu düşünürsünüz. Mən sizi qismən anlaya bilirəm. Lakin bu, elə böyük bir təkana səbəb olacaq ki, Azərbaycan möhtəşəm bir intibah dalğası ilə sıçrayış edəcək. Bu, bizlərin əlindədir. Artıq hamımız anlayırıq ki, “ver yeyim, ört yatım” dövrü bitdi. Vəziyyət təhlükəlidir. “Analoqu olmayan inkişaf” iflasa uğradı. Son yaxınlaşır, bu, onun başlanğıcıdır və xalq ən mühüm yol ayrıcı qarşısındadır.

Qarşıdan intibah gəlir. Qəflət yuxusunda yatmışlara bu iqtisadi geriləmə, Nəsimitək “ey qafil oyan!” deyə kükrədi. İntibahın mahiyyəti ondan ibarətdir ki, böyük kütlələr oyanmayıblarsa belə, az sonra yuxudan oyanacaqlar. Əvvəldən oyaq olan vecsizlər, ölkənin gələcəyi ilə maraqlanmayanlar isə bu münasibətsizliyin sonunun nə olacağını gördülər. Qırağa çəkilib “nə olar, olar” deməyi buraxın, çünki biz hamımız bu ölkədə yaşayırıq. Özünüzü izolyasiyaya salmaqdan, vakumda olduğunuzu düşünməkdən əl çəkin. Dəyən zərbə hamımıza dəyir, toparlanmaq lazımdır.

Gəlin birləşək! Gənclər, sözüm sizədir. Bu vətən təkcə bizim yox, həm də gələcək övladlarımızın vətənidir və yəqin ki, heç birimiz onların xarabalıqlar içində böyüməsini istəmirik. Biz bu savaşda qalib gəlməliyik. Savaş hər şeyə qarşıdır, köhnə olan hər şeyə. Yeni bir Azərbaycan qurmalıyıq və quracağıq. Bu ölkənin 60 faizi gəncdir. Siz gerçəkdən düşünürsünüzmü ki, biz heç nəyə qadir deyilik? Bəli, tək-tək heç nəyə qadir deyilik. Lakin bir bütöv kimi, reallaşdıra bilməyəcəyimiz xəyal yoxdur. Xalqın hara gedəcəyini bizlər müəyyənləşdirəcəyik. Çünki xalq elə bizik. Sadəcə bunu dərk etmək lazımdır.

Qustav Le Bon yazır ki, xalqın üstün və ya aşağı olması onun tərkibindəkilərin intellekt səviyyəsi ilə yox, xarakterilə müəyyən olunur. Məsələn, fransızlarla ingilisləri müqayisə edərkən, o bildirir ki, ingilislər daha üstündür. Çünki ingilis xalqının polad iradəsi və möhkəm xarakteri var. Bu ideyanı bizim xalqa tətbiq etsək görərik ki, xarakter bir yana, intellektual səviyyəmiz belə yerlərdə sürünür. Bəs nə etməli? Oxumalıyıq, əziz soydaşlar. Oxumalıyıq ki anlayaq, oxumalıyıq ki, inkişaf edək. Və sonda tətbiq etməliyik.  Çünki azadlığın təsdiqlənməsi üçün intellekt kapital gətirməlidir. Dövrün tələbi budur. Yalnız bu yolla, iqtisadi müstəqilliyə qovuşmaqla gənclər yaşlı nəslin boyunduruğundan qurtula bilərlər. Əgər bir intellektual boş-boşuna yüzlərlə kitab oxuyursa, onda onun oxumasının heç bir əhəmiyyəti yoxdur, çünki iradəsini ortaya qoya bilmir. Xarakter də məhz budur. Əyilməmək, sınmamaq. Biz gənclər sınmamalıyıq, övladlarımız üçün, gələcək üçün mübarizə aparmalıyıq və bu məqsədlə birləşməliyik.

Qısacıq bir hekayə danışım sizə.

Bir yəhudi 1981-ci ildə Sovet Rusiyasından bəzi balıq sortları alıb, İsraildə süni göl yaradıb balıq ferması açmışdı. Bir neçə il müddətində öz fermasını böyüdür və çox böyük gəlirlər əldə etməyə başlayır. 1998-ci ildə Orta Şərqin ən böyük balıq ixracatçılarından birinə çevrilir. 2011-ci ildə isə artıq, bir zamanlar həmin o balıq sortlarını aldığı Rusiyaya balıq satmağa başlayır. Bu intellektin və iradənin qələbəsinin ən möhtəşəm örnəklərindən biridir.

Yəhudilərdən söz düşmüşkən, İsrailə nəzər yetirmək lazımdır. Yəhudi xalqı səhranın ortasında, Orta Şərqin 2 ən güclü dövlətindən birini qurub. Və bunu cəmi 22 072 km²-lik ərazidə, 8 milyonluq əhali ilə ediblər. İsrail qurulduğu andan ətrafdakı dövlətlərlə müharibələr yaşayıb, özündən sayca qat-qat çox və texniki cəhətdən üstün ordulara qalib gəlib. Bəs onlar bunu necə ediblər? Bunu anlamaq istəyirsinizsə, Şimon Perezin Kiyevdəki möhtəşəm çıxışını dinləməyinizi tövsiyə edirəm. Hər bir yəhudi öz məsulliyətini dərk etdi və dövləti üçün əlindən gələni etdi. Dövlətə üz çevirmək axmaqlıqdır, hakimiyyətlər gəldi-gedərdir, dövlət əbədidi. Biz, intellektuallar birləşərək sağlam sistem kimi fəaliyyət göstərən dövlət qurmalıyıq. Bu mümkündür, sadəcə inanmaq və çalışmaq lazımdır.

Veber yazır ki, Avropanı inkişaf etdirən kapitalizmin ruhu protestant sektalarının etikasında gizli idi. Protestantlıq isə azad alman ruhunun partlayıb üzə çıxaraq, xristialıqla qarışmasından ortaya çıxmışdı. Almanların azadlıq sevgisi onların köçəriliyi ilə bağlı idi. Torpağa bağlı olmayan insanın itirməyə yalnız canı olur. Bu ruh əslində bizim tarixi identifikasiyamızda var. Azərbaycan xalqının formalaşmasında iştirak edən ən böyük etnos türklərdir. Türklər də eynilə almanlar kimi köçəri (azadlıq sevən) insanlar idi. Deməli bizim məqsədimiz bu azadlıq ruhunu yaratmaq yox, sadəcə oyatmaq olmalıdır. Renessans (yenidən doğulma, yenidən oyanma) da elə bu deməkdir.

Renessansın digər bir xüsusiyyəti isə insanmərkəzli olmasıdır. Yəni insanın şüuru və iradəsi onun həyatını şərtləndirir. Məqsədlərini reallaşdırmaq üçün Tanrıya yalvarmalı deyil insan oğlu, mübarizə aparmalıdır, yalnız beləcə hədəfinə çata bilər.

Bizi tək-tək ovlayırlar, parlaq beyinləri, qəlbində istedadın qığılcımını daşıyan fərdləri heç kim sevmir. Çünki bizlərik, köhnəyə qarşı bütün qəlbilə nifrət bəsləyənlər. Daşlaşmış qəliblərin müdafiəçiləri bunu çox yaxşı bilirlər. Onlar iliklərinə qədər bizim onlara olan nifrətimizi hiss edirlər. Onlarla mübarizə qaçılmazdır. Onları məğlub etmək isə bizim borcumuzdur.

Azərbaycanda renessans başlayır. Bu renessansın münəvvərləri azad fərdlər olacaq. Yaratmaq istəyən, Azərbaycanın yenidən inşasında iştirak etmək istəyən hər bir gəncə qapımız açıqdır. Gəlin, birləşib yeni bir xalq yaradaq! Avropada renessans qərbdə unudulmuş Aristotelin Bizans qaynaqlarından tərcümə edilərək yenidən oxunması ilə təkan qazanmışdı. Mən də ümid edirəm ki, bu yazı sizlərə birləşmək və yaratmaq üçün kiçicik də olsa bir təkan verəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar