Məhv edilmiş gənclik

Səid Əlizadə

11-12-2015, 15:54 Oxunub: 856
Bilirsiz Azərbaycanda nə yolunda getmir? Hər bir şey. Tək düzgün olan bəzi insanların bu ölkədəki hər şeyin əyriliyindən xəbərdar olmasıdır.

Müstəmləkə xalqıyıq biz, bunu qəbul etmək lazımdır. Qəbullanmaq bizi alçaltmayacaq, sadəcə həqiqətə varmağa, gələcək barəsində düzgün addımlar atmağa yardımçı olacaq. Yəni qafanıza bir dəfəlik həkk edin ki, dünyanı fəth edən fatehlərin irsini artıq daşımaq iqtidarında deyilik, keçmiş keçmişdə qalıb. Gələcəyə baxmalıyıq. Bura Azərbaycandır. Kiçik ölkədir, böyük problemləri var, böyük qonşuları var, böyük potensialı var, lakin kiçik addımlar atır. Çünki insanları kiçikdir, təfəkkürləri kiçikdir, dünya görüşləri, hədəfləri kiçikdir.

Cəmiyyət məqsədsizdir, yalnız bu günü ilə yaşayır. Ölkədən qaçmaq istəyir hər kəs, çətinlik görən kimi təslim olmaq istəyir, döyüşmür, çünki nə üçün döyüşməli olduğunu anlamır. İnancı, inamı yoxdur. Ətrafına qarşı, dövlətinə qarşı, cəmiyyətə qarşı... Hər kəs bədbindir, küçədə gedərkən bir anlıq insanların üzünə baxın, o solğun üzlərdəki ümidin son cücərtilərini, həyəcanı, instiktiv qorğunu hiss edəcəksiz. Gözlərinə baxın, həyatlarının necə mənasız və boş olduğunu, cılız həyatlarındakı cılız məqsədlərini, xəstələnmiş düşüncələrini aydın şəkildə görəcəksiz. Hədəf lazımdır bu cəmiyyətə: ortaq hədəf. Yaşamağa və yaratmağa səbəbi olmalıdır bu insanların.

Liberal postmodern dalğa bu millətin gəncliyini artıq xosunvay edib. Bilirsiz bu dalğanın mahiyyəti nədir? Hədəfsizlik aşılamaq. Hədəf yoxdursa, axın yoxdur, gediləcək yol yoxdur. Və buna görədə yerimizdə sayırıq. Cəmiyyət sönüb. Çünki inandığı bir şey yoxdur.

Nardaranda aksiya zamanı çəkilən videodakı uşağı yəqin ki, bir çoxunuz izləmisiniz. Diqqətlə birdə izləyin. O uşağın ürəyindəki inancın gücü, 100 adi (hədəfsiz) azərbaycanlının, qolundakı gücdən daha qüdrətlidir. İnanc dəyişikliklərin təməlidir. İnsan yalnız inandıqda iradəsini ortaya qoya bilər. İradə isə hər şeydir. Əgər bu xalq gerçəkdən bir ideyaya inanaraq iradəsini ortaya qoysa, əmin olun ki, bir bütün olaraq aşa bilməyəcəyi maneə olmayacaq.

Azərbaycanı dəyişdirəcək insanlar gənclərdir. Xüsusilə də 80-lərin ortaları və 90-cı illərdə doğulanlar. Yaşlı nəslin ifrat sovet təfəkkürü hər nəfəsdə özünü büruzə verir. Tələbəsinizsə məni çox gözəl başa düşəcəksiz. O həyata dırnaqları, protez dişləri ilə 5 tərəfdən yapışıb qarğalarla yarışan yaşlı “elm” xadimlərinin gənclərdən necə qorxduqları ağlınıza belə gəlmir bəlkə də. Qorxurlar, çünki bilirlər ki, lazımsızdırlar. Onları əvəzləyə biləcək minlərlə onlardan daha keyfiyyətli insanlar varkən nəyimizə lazımdır onlar? Ancaq burda bir əmma var, onlar sovet keçiblər, hiyləgərliyin əlifbasını öyrəniblər. Bilirlər ki, Azərbaycan gənci indiki zamanda xosunvay vəziyyətdədir, lakin dirilməyə çalışır. Və onlar bunun qarşısını almağa bütün gücləri ilə davam edirlər. Anlayın ki, köhnə nəsildən xeyir gəlməyəcək, gənclər birləşməlidir, yalnız gənclər!

Siz hər biriniz dəfələrlə bu ifadəni eşitmisiniz: "Əşi, bu xalq düzələn deyil" və ya "Gərək başını alıb gedəsən bu xaraba ölkədən".  Əmin olun ki, iradənin qarşısında dayana biləcək sədd yoxdur. Əgər bu cəmiyyətdəki o küncə qısılmış bir ovuc intellektual birləşərsə, özlərində məsuliyyət hiss etsə, sizi əmin edirəm bu ölkəni dəyişmək sadəcə vaxt məsələsi olacaq. Ölkədən qaçmaq isə sadəcə məsuliyyətdən qaçmaqdır, qorxaqlıqdır. Bacarıq, hansısa xarici dili öyrənib, qaçmaq deyil, bacarıq məsulliyyəti hiss edib, eqonu, şəxsi maraqları kənara atıb, bütün varlığı ilə savaşmaqdır. İdeya uğrunda savaşmaq, işıqlı gələcək uğrunda, Azərbaycan uğrunda savaşmaqdır. Əgər bunu edə bilməyəcək qədər acizsinizsə, onda sizin kütlədən gileylənməyiniz sadəcə iki üzlülükdür. Heç olmasa susun, susun ki, bütün varlığı ilə savaşanlar danışsın.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar