Niyə Etatizm?

Səid Əlizadə

24-09-2015, 17:22 Oxunub: 1169
Niyə liberalizm,marksizm və ya faşizm yox məhz etatizm? Bu sualı cavablandırmaq üçün bəzi şeyləri anlamaq lazımdır.

Məsələn, anlamaq lazımdır ki, bütün siyasi ideologiyalar əslində lokal xarakter daşıyır. Niyə liberalizm məhz İngiltərədə vüsət aldı? Çünki İngiltərə ada dövləti idi, yeni dəniz aşırı torpaqlar kəşf etmişdi və onların effektiv istismarı üçün dəniz gücünün artırılması lazım idi. Dəniz gücünün artırılması da özü özlüyündə ticarətin inkişafını təmin edir. Ona görə də Con Lok (liberalizmin banisi) zorakılıqdan boyun qaçırmaq üçün hamının məhz ticarətlə məşğul olmalı olduğunu qeyd edirdi. Bunu gətirib Azərbaycana tətbiq etmək olmur, çünki Azərbaycanda dəniz yoxdur. Düzdür, bizim xalq ticarət sevər xalqdır, amma dəniz sivilizasiyası tipli deyilik. Bundan əlavə liberalizm səhv cəmiyyətə tətbiq edildikdə vətəndaş cəmiyyətinə yox, məsuliyyətsiz eqoistlərə gətirib çıxarır. Dəniz və torpaq sivilizasiyaları haqda növbəti dəfə ayrıca bir mövzu kimi yazacam.

Marksizm tarix səhnəsinə burjua istismarına qarşı olaraq çıxıb. Nəzərə alsaq ki, bizdə hələ normal burjua cəmiyyəti yaranmayıb, bu ideologiyanın da Azərbaycana tətbiq edilməsi çox süni alınır və tarixdə bu artıq bir dəfə baş verib. Hətta bu bizim dövlətimizin müstəqilliyini itirməsi və tarixi-sosial inkişafımızın əlimizdən alınması nəticəsində baş verib. Bu ölkədə marksizm niyə alına bilməz? Çünki heç burjua cəmiyyəti hələ tam qurula bilməyib, urbanizasiya getməyib ki, ciddi proletar kütlə yaransın. Ən əsası marksizm artıq tarixi cəhətdən məğlub ideologiyadır. Sovetin 70 ili göstərdi ki, bu utopiyadan başqa bir şey deyil.

Faşizmin və nasional-sosializmin harda vüsət almasına xüsusi diqqət yetirmək lazımdır. İlk 2 siyasi nəzəriyyə-liberalizm və marksizmdə dövlətlərin yox olmasının qaçılmazlığı qeyd olunur. Liberalizmdə deyilir ki, dövlət hamını maarifləndirəndən sonra artıq hər kəs humanist və rasional olur, beləliklə sosiumu tənzimləyən bir qüvvəyə ehtiyac qalmır. Dövlət ilk öncə liberalizmin azad ticarət prinsipinə əsasən gömrükləri ləğv edir (çünki gömrük tarifləri ticarətə maneə törədir), sonra isə yavaş yavaş sönür və itir. Marksizmdə isə proletar inqilabı vasitəsilə milli dövlətlər ləğv olunur, müvəqqəti sosializm gəlir, sonra isə kommunizm qurulur. Bu düşüncələrin hakim olduğu Avropada 2 böyük milli dövlət yaranır: İtaliya və Almaniya. Məhz buna görə də faşizm və nasional-sosializm bu dövlətlərin məhsuludur. Onlar gec yarandıqlarına görə özlərindən imtina etməyə razı deyildilər və öz identifikasiyalarını nə olursa olsun saxlamaq istəyirdilər. Bu ideologiyalar da Azərbaycana yaramır, çünki gələcəyi düşünmürlər, rasional yox irrasional əsaslar üzərinə qurulurlar. Bizim kimi multikultural ölkədə belə bir ideologiyanın hakim olması çox acı nəticələri də özüylə gətirəcəyi şübhəsizdir. Əlavə olaraq, bu ideologiyalar azad fikri qəti şəkildə boğur. Bizə lazım olan isə ideyadır, düşüncənin, intellektin qələbəsidir. Lion Feyxtvangerin də dediyi kimi: "Faşizm öz başlanğıc mərhələsində uğur qazana bilər, çünki insanda heyvani hislər oyadır, ona görə ki insan heyvandır. Lakin sonda məğlubiyyətə məhkumdur, çünki insan həm də şüurlu heyvandır".

Gördüyümüz kimi, heç bir ideologiyanı xalis şəkildə idxal etmək xeyir gətirməyəcək. Ona görə də Azərbaycana daha fərqli ideologiya lazımdır. Bu fərqli ideologiya isə etatizmdir. Bütün tarix boyu xalqlar öz mədəniyyətləri hesabına ayaq üstə qalmağa nail olublar. Biz isə 25 ildir müstəqil olmağımıza baxmayaraq hələ də ortalığa ciddi yaradıcılıq məhsulu qoya bilmirik. Mədəniyyət inkişaf edə bilmir. Mədəniyyətsiz xalqlar isə həmişə daha yüksək xalqların yeminə çevrilirlər. Etatizm öz qarşısına  mədəniyyət yaratmaq məqsədi qoyur. Təhsili kökündən dəyişməyi, vicdanlı və məsuliyyətli fərdlər yetişdirməyi hədəfləyir. Bununla da kütlənin həddindən artıq material əsaslara söykənən dəyərləri, yenidən ideal dəyərlərə düşüncəli şəkildə qayıdacaq. Xaraktersiz kütlə xarakterli xalqa çevriləcək. Etatizm eyni zamanda azad fikri müdafiə edir, vətəndaşların individuallığını qorumaqla bərabər onlara məqsəd uğrunda birləşməyi aşılayır. Ölkənin daxilində sülhü təmin etməyi qarşısına prioritet qoyur. Dövlətin maraqlarını hər şeydən üstün hesab edir (dövlətlə hökumət ayrı-ayrı qavramlardır).

Azərbaycan indiki zamanda uçuruma yuvarlanmaqdadı. İqtisadi durum, təhsil, səhiyyə, ümumiyyətlə dövlətin bütün funksional qolları çürüməkdə və ən əsası sosium parçalanmaqdadır. Bunun qarşısı yalnız dövlətin əlində olan hakimiyyət və məsuliyyətli intellektuallar tərəfindən alına bilər. Ona görə də hər birimiz dövləti sevməli və məsuliyyətli olmalıyıq. Dövləti sevmək üçün isə onu anlamaq, mahiyyətinə varmaq lazımdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar