Biz Azərbaycanıq

Səid Əlizadə

9-08-2015, 14:48 Oxunub: 1403
Azərbaycanda milliyətin nə olduğunu əksəriyyət bilmir. Bunu anlamaq üçün ilkin olaraq etnosun necə inkişaf keçirərək millətə çatmasını başa düşmək lazımdır. Etnososiologiyaya görə etnos ilkin olaraq xalqa daha sonra isə millətə çevrilir. Etnos-eyni mənşəyə sahibliyə inamın, dilin, kulturoroloji kodun və s. birləşdirdiyi insan toplumudur.

Bir məsələyə diqqət yetirmək lazımdır ki, qədim yunan dilində etnos ve etos(etika) sözləri eyni köklüdür, yəni etnos ən əsası kulturoloji fenomendir nəinki bioloji. Lakin qeyd etmək lazımdır ki, çox vaxt etniklik elə bioloji yaxınlığı da şərtləndirir. Xalqın etnosdan əsas fərqi ondadır ki, xalq nəinki ortaq mənşəyə sahibliyə inamı daşıyır, eyni zamanda gələcəyi də düşünməyə başlayır, öz üzərinə tarixi missiya yükləyir, qarşısına məqsəd qoyur. Bu missiya adətən 3 cür təzahür edir.

1.Din

2.Sivilizasiya

3.Dövlət (imperial)                

Dini təzahürə misal olaraq yəhudiliyi göstərmək olar, bu xalq öz tarixi missiyasını tamamilə din üzərinə qurmuşdur və bu gün də öz milli identifikasiyasını yəhudilik üzərinə qurur.

Sivilizasiyaya misal olaraq isə qədim Yunanıstanı və Hindistanı misal göstərmək olar, bu xalqlar ümumi din və dövlət yaratmasalar da ellinik və hind sivilizasiyalarını yaratmışdılar.

Dövlətlə missiyanın təzahürü isə  ən çox yayılmış təzahür tipidir. Çingiz xan imperiyası buna ən gözəl misaldır. Nadir hallarda hansısa bir xalq 2 və ya 3 tip təzahürü də həyata keçirir. Məsələn Məhəmməd peyğəmbərin tarix səhnəsinə çıxışı ilə dağınıq halda yaşayan ərəblər birləşərək həm İslam dinini, həm İslam sivilizasiyasını, həm də ərəb xilafətini yaratdılar.

Xalqdan millətə keçid istisnasız modern dövrün və modern dövrdə yaranmış milli dövlətlərin məhsuludur. Modern dövrdə başlayan sekulyarlaşma dövlətdən də yan keçmir, dövlət artıq Allahın qüdrətinin nəticəsi kimi yox, ictimai müqavilə nəticəsində yaranmış institut kimi,süni mexanizm kimi başa düşülür. İmperial dövlət zamanı mövcud olan xalq isə bu mexanizmin detallarına çevrilir və millət yaranır. Millət milli dövləti təşkil edən vətəndaşların cəmidir. Millət öz mahiyyətinə görə antietnik xarakter daşıyır, etnos ve xalqın ölümü üzərinə qurulur. Etnos ve xalq yalnız kollektiv, ümumi xarakter daşıdığı halda, milləti təşkil edən vətəndaşlar individualliğa malikdir. Milli dövlət öz tərkibində olan etnosların fərdlərinin "kollektiv mənini" parçalayaraq onlara vətəndaş statusu verir və bütün vətəndaşlar dövlət qarşısında bərabər olurlar. Yəni əgər siz Azərbaycan vətəndaşısınızsa sizin milli kimliyiniz azərbaycanlıdır, türk, ləzgi, talış və s. yox. Saydıqlarım etnik kimliklərdir, milli yox.

Əfsuslar olsun ki, Azərbaycan modern dövrə öz dövləti ilə yox, Rusiya imperiyasının tərkibində keçib. Buna görə də sosial inkişaf çox dağınıq və mürəkkəb keçir. Bununla bərabər tam olaraq moderndə deyil, arxeomodern də olduğumuza görə ümumiyyətlə sosial inkişafda ilişib qalmışıq. Arxeomodern sosial vaxtın qarışmasıdır, daha dəqiq desək sosiumun alt təbəqəsini təşkil edən kütlənin düşüncə tərzi premoderndir, elitalar isə modern və postmodern tərzdə düşünürlər. Buna görə də hər iki tərəf bir birini qarşılıqlı tormozlayır. Nə elita reformları keçirə bilir, nə də kütlə premodernə qayıda bilir. Kütlə sahib olduğu düşüncə tərzinə görə kollektiv identifikasiya axtarır, buna görə də etnik kimliyindən əl çəkə bilmir, daha doğrusu onu prioritet hesab edir. Başqa bir səbəb isə tarixi cəhətdən azərbaycanlı adı altında heç bir etnosun olmamasıdır. Bu da insanlarda azərbaycanlı kimliyinə qarşı şübhə yaradır. Məsələ burasındadır ki, Azərbaycan 2 ayrı sivilizasiyanın qovuşması nəticəsində formalaşıb. Bu, İran və Turan sivilizasiyalarıdır. Və Azərbaycan xalqının da formalaşmasında İran və Turan sivilizasiyalarından gələn bəzi etnoslar iştirak edib. Amma bu sadalanan sivilizasiyalara aidliyimiz anlamına gəlmir. Bizim kulturumuzda hər iki sivilizasiyadan da alıntılar var, lakin bizi biz edən alıntıları mükəmməl şəkildə sintez edib, unikal kultur yaratmağımızdır. Yəni biz nə İranıq, nə də ki, Turan. Biz Azərbaycanıq!
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar