Ön Asiya əhalisinin antropologiyası

Kərəm Məmmədov

3-08-2015, 11:52 Oxunub: 1227
Ön Asiyaya əsasən Avrasiya materikinin cənub – qərb hissəsi daxildir. Müasir coğrafi təsnifatlarda Qafqaz da buraya daxil edilir. Linqvistik baxımdan bölgə əhalisi beş dil qrupuna mənsubdurlar:

1. Altay dil ailəsinin Türk qrupu (Qafqazda, İranda, İraqda, Suriyanın şimalında, Türkiyənin şərq bölgələrində və Əfqanıstanın Qəndəhar əyalətində yaşayan Azərbaycan türkləri, Anadolu türkləri, Əfqanıstanın şimalında yaşayan türkmənlər və özbəklər)

2. Hind – Avropa dil ailəsinin İran qrupu (farslar, taciklər, puştunlar, bəluclar, lurlar, talışlar, tatlar, kürdlər, bəxtiyarilər, osetinlər, xəzəreylər və s.). Keçən əsrin əvvəllərinə qədər bu qrupa bölgənin müxtəlif hissələrinə yayılmış ermənilərin (hayların) dilləri də daxil edilirdi.

3. Qafqaz dil ailəsi (kartalinlər, kaxetinlər, meqrellər, svanlar, mtiullar, xevsurlar, pşavlar, raçinlər, lazlar və s.; Samur, Axtı və Kürə ləzgiləri, maarulallar, andi və sez xalqları, rutullar, saxurlar, laklar, darginlər, və s. ; vaynaxlar; abxazlar, adıgeylər, çərkəzlər, kabardinlər və s.) 

4. Semit dil qrupu (ərəblər, yəhudilər və aysorular).

5. Dravid dil ailəsi ( Bəlucistanın şərq hissəsindəki dağlıq bölgələrdə məskunlaşmış braquilər).

Qafqaz istisna olunmaqla, Ön Asiya xalqları antrpoloji cəhətdən zəif öyrənilmişdir. Bölgənin Türk əhalisi özlərinin dolixokefallıqları ilə fərqlənirlər. İrandilli xalqlar əsasən braxikefaldırlar. Bu dil qrupuna aid olunan Bəlucistan məkraniləri dərilərinin rənginə görə qara, Əfqanıstanda məskunlaşmış xəzəreylər isə sarı irqə mənsubdurlar. Ərəblər (dolxokefal yəmənlilər istisna olunmaqla), yəhudilər və aysorular da braxikefaldırlar.

Antropoloji cəhətdən daha yaxşı tədqiq olunmuş Qafqaz xalqları dörd irqi tipə aid olunurlar 1. Xəzər dənizi (Kaspi) tipi 

2. Ön Asiya (Assiroid) tipi

3. Kavkasion tipi

4. Qara dəniz (Pont) tipi 

1. XƏZƏR (KASPİ) ANTROPOLOJİ TİPİ. Əsasən Azərbaycan türklərinin aid edildikləri Kaspi antropoloji tipinin ağ irq daxilində yeri ilə bağlı həm Qərb, həm də rus – sovet antropoloqları arasında müəyyən fikir ayrılığı vardır. 

XX yüzilliyin ən görkəmli antropoloqlarından olan Fişer 1923 – ci ildə Azərbaycan türklərini və türkmənləri oriental (şərq) irqə daxil etmişdir. Sovet antropoloqları arasında isə bu məsələ ilə bağlı 4 nəzəriyyə mövcud idi :

1. Yarxo, Roqinski, Levin və Abduşelişvili Kaspi tipini Şimali Hindistan və Orta Asiya xalqlarının mənsub olduqları antropoloji tiplərlə yaxınlaşdırmağa səy göstərmişlər . 

2. 1948 – ci ildə Q.F. Debets Kaspi tipini Ön Asiya kiçik irqinə daxil etmişdir. Debetsə görə «azərbaycanlıların və türkmənlərin fiziki tipləri onları Qazaxıstan və Altayın qədim əhalisindən daha sox Ön Asiya və Aralıq dənizi sahillərinin əhalisi ilə qohumlaşdırır». Onun fikrini müdafiə edən Oşanin Kaspi tipini Ön Asiya kiçik irqinin uzunbaş modifikasiyası kimi təqdim etmişdir .

3. Çeboksarovun irqi təsnifatında isə Kaspi tipi Aralıq dənizi – Balkan irqinə daxil edilib.

4. Bu məsələ ilə bağlı daha ziddiyyətli mövqe V.V.Bunaka məxsusdur. 1951 – ci ildə, görünür daha çox baş göstəricilərini nəzərə alan alim, Kaspi tipini Pont tipi ilə birlikdə Aralıq dənizi kiçik irqinə aid etmişdi. Sonrakı araşdırmalarında isə Bunak Kaspi tipini L.V. Oşanin tərəfindən Mavərənnəhr, Yarxo tərəfindən isə Pamir – Fərqan tipi adlandırılan antropoloji tiplərlə yaxınlaşdırmışdır .

Bu müəlliflərin işlətdikləri terminlərin özlərində də müəyyən ziddiyyət vardır.Belə ki, ayrı – ayrı təsnifatlarda işlənən «şərq», «şərqi Aralıq dənizi», «Xorasan» və «Kaspi» terminləri sovet antropologiya elmində çox vaxt sinonim kimi səslənirdi. V.V. Bunak və eləcə də digər antropoloqlar tərəfindən təklif edilmiş bu terminlər etnik deyil, daha çox coğrafi təsnifata əsaslanır. Eyni zamanda bu terminlər adı gedən antropoloji tipin müəyyən məkan daxilində yayılmasında göstərici rolunu oynayır. İstənilən halda bu terminlərin mühüm ümumiləşdirici cəhəti, adından asılı olmayaraq, bu qrupun Xəzər dənizinin həm şərq, həm də qərb sahillərində yaşayan , eyni kökdən – Oğuzlardan törəyən Azərbaycan türklərini və türkmənləri özündə birləşdirməsidir. Bir hissəsi indiki İran İslam Respublikasının, bir hissəsi Əfqanıstanını, az hissəsi isə Türkmənistan Respublikasının tərkibində olan tarixi – coğrafi Xorasan vilayətinin özü də bu xalqların ümumi əcdadı olan oğuzların Böyük Səlcuq imperiyasının özülünü qoyduqları bir bölgədir. Bunları nəzərə alaraq, eyni antropoloji irqi əlamətlər kompleksinə və etnik mənşəyə sahib olan xalqların mənsub olduqları irqi tipi Oğuz tipi adlandırmaq daha düzgündür. Orta əsr ərəb tarixçiləri öz müasirləri olan oğuzların Xilafətdə yaşayan digər xalqlardan öz uzunbaşlılıqları (dolixokranlılıqları) ilə seçildiklərini xüsusi olaraq vurğulayırlar. X yüzillikdə də oğuzlar Mavərənnəhr və Farsistanın braxikefal əhalisindən başlarının uzunluğuna görə seçilirdilər. 

2. ÖN ASİYA ANTROPOLOJİ TİPİ. Müxtəlif antropoloji təsnifatlarda bu tip fərqli adlarla (assiroid, armenoid, pont – zaqros və s.) qeyd olunur. Qafqazda bu antropoloji tipə kolx, iber variantları ilə yanaşı, Rusiya işğalından sonra bölgəyə köçürülmüş aysorular və ermənilər aid olunurlar. Q.Debets Qafqaza yerləşdirilmiş ermənilərin antropoloji cəhətdən müxtəlif olmalarını onların müxtəlif ölkələrdən köçürülmələri ilə əlaqələndirir. Ön Asiya tipinin xarakterik xüsusiyyətləri aşağıdakılardır:

- saçlarının rəngi qaradır;

- boyları qısadır;

- sifətləri ensiz və kiçikdir;

- burunları qismən iri, ensiz və əyridir;

- dodaqları orta qalınlıqdadır

3. KAVKASİON ANTROPOLOJİ TİPİ. bəzi antropoloqlarının bu irqi tipi Qafqazın ən qədim antropoloji tipi «elan etmələrinə» baxmayaraq, paleoantropoloji tapıntıların heç birində bu fikir öz təsdiqini tapmır. Q.Debets kavkasion irqinin mənşəyini Şərqi Avropa düzənliyinin və ondan şimaldakı bölgələrin sarışın, enli sifət və iri göstəricilərə malik qədim əhalisi ilə bağlayır. Kavkasion irqinin əsas əlamətləri aşağıdakılardır:

- baş göstəriciləri 84,1 – dir.

- boylarının uzunluğu 168,5 sm – dir.

- almacıq sümüklər arasındakı məsafə 143,5 mm – dir.

- alt çənə sümüyünün diametri 109,9 – dur.

- sifətin fizionomik hündürlüyü 182,7 mm, morfoloji hündürlüyü 126,2 mm-dir.

4. QARA DƏNİZ (PONT) ANTROPOLOJİ TİPİ. Şərqi Avropa xalqlarının antropoloji təsnifatına həsr olunmuş əsərində V.Ş.Levinə əsaslanan V.V.Bunak Şimali Qafqaz əhalisi tərkibində ayırdığı antropoloji tipə Pont adını vermişdir. Bolqarıstan antropoloqu K.Dronçilov oxşar əlamətlər kompleksinin bolqarlara da xas olduğunu qeyd etmişdi. 

Pont tipi Aralıq dənizi irqinə aid edilir. Aralıq dənizi irqinə daxil edilən başqa qollardan Pont tipi daha açıq rəngli piqmentasiyası ilə seçilir. V.V. Bunak soyköklərində qədim bulqar tayfalarının iştirak etdikləri Volqa türklərini ( tatarlar, çuvaşlar və s.) Pont tipinin şimal qoluna aid edir. T.İ. Alekseeva tərəfindən tərtib edilmiş antropoloji xəritələr toplusundan aydın olur ki, Şimali Pont tipinin yayılma bölgəsi ilə, erkən orta əsrlərdən XIII yüzilliyə qədər mövcud olmuş Volqa Bulqarıstanı dövlətinin ərazisi üst – üstə düşmüş və indiki Orta Volqa (İdil) boyu - Kama hövzəsini əhatə edir. Həm Dunay, həm də Volqa bulqarlarının mənsub olduqları irqin elə "bulqar" tipi adlandırılması daha düzgündür.

V.V. Bunak Şimali Qafqaz xalqlarının mənsub olduqları antropoloji tiplərin, o cümlədən Pont (bulqar) tipinin mənşəyi ilə bağlı yazırdı: "çox güman ki, hələ neolit dövründə Ön Asiyadan Qara dəniz sahillərinə oradan da Şimali Qafqaza daxil olmuş qədim tayfalar Pont tipinə mənsub idilər". 

Hazırda Qafqazdan kənarda yaşayan və Pont (bulqar) tipinə mənsub olan Ukrayna, Rumıniya, Bolqarıstan, Volqaboyu əhalisinin antropologiyası haqqında xeyli materiallar toplanmışdır. 

Pont tipinə mənsub əhalinin antropoloji görünüşü - həm kəllə göstəricisi , həm almacıq sümüklər arasında məsafə və s. əlamətlərə görə Qafqazda mövcud olan qədim tarixə malik daha çox Oğuz tipinə uyğun gəlir. Bu antroploji tiplərin iki qohum türk xalqlarına - Volqa bulqarları və Oğuzlara məxsusluğu, bir çox alimlərin bu xalqlar arasındakı qohumluğunu təkcə bu xalqların əcdadlarının türkləşdirilməsi nəticəsində türk dillərində danışmaları ilə deyil, həm də genetik baxımdan bir kökdən törədiklərini söyləməyə imkan verir. Paleoantropoloji tapıntılarla yanaşı, yazılı qaynaqlar da qədim türkləri monqoloid «elan» edən alimlərin yanıldığını da sübut edir. 

Antik müəlliflər Yuxarı Dondan Volqa (İdil) çayının orta axarına qədərki ərazidə yaşayan budinlərin (budun – qədim türk dilində tayfa deməkdir – Müəllif ) isə (Herodot bu adda tayfanın Azərbaycanda da yaşamasını qeyd edir – Müəllif) «mavi gözlü, sarı saçlı» olduqlarını yazır. Bu cür məlumatlar paleoantropoloji bilikləri zənginləşdirərək, xalqların böyük köçünə qədərki antropoloji tipləri müəyyənləşdirilməyə imkan verir. Xalqların böyük köçü zamanı ayrı – ayrı xalqların antropoloji tiplərindəki fərqlər daha qabarıq şəkildə üzə çıxır. Bu köçlərə «liderlik» edən türk tayfalarının adları Avropa dillərinin lüğət tərkibinə daxil olur. Məsələn, «hun» sözü alman, çex və slovak dillərində «nəhəng», «avar» etnonimi isə «obr» şəklinə düşərək,Karpat slavyanlarının və macarların dillərində «bahadır» mənasını verir ki, bu da bəzi alimlərin iddia etdikləri kimi guya qədim türklərin klassik monqoloid irqinə mənsub olmaları fikirləri ilə ziddiyyət təşkil edir. Bu baxımdan T.A.Tot və B.V.Firşteynin apardıqları tədqiqatların nəticələri xüsusilə diqqəti çəkir : «hun və avarların əsas kütləsində faktiki olaraq heç bir monqoloid qarışığı yoxdur» . Tsze adlanan şərq türkləri klassik monqoloid olan çinlilərdən avropoid irqinə xas olan əlamətlərlə – dik burunları, qalın saqqalları, göz quruluşları və uca boyları ilə fərqlənirdilər. Orta əsrlərdə Avrasiya əhalisinin əksəriyyətini təşkil etmiş türk xalqlarının avropoid irqinə mənsub olmaları artıq heç kəsdə şübhə doğurmur.Xəzər ətrafındakı kurqanlardan tapılan , qıpçaqlara aid edilən kəllələri tədqiq edən antropoloq A.V.Şevçenko əldə etdiyi materiallarla bağlı yazır : «İndi biz Cənubi Rusiya çöllərində X əsrin sonlarından monqol hücumlarına qədərki dövrdə hökmranlıq etmiş qıpçaqların kranioloji tipi haqqında təsəvvürə malik ola bilərik... tapılan kəllələr kəskin çıxıntılı burunları və diş çökəkliyinin dərinliyi ilə seçilir ki, bu da XI əsrdə Avrasiya çöllərində məskunlaşmış türklərin ağ irqə mənsub olmalarını göstərir».

Dmanisi və Azıx adamları istisna olunmaqla Qafqazdan paleolit dövrünə aid tədqiqat üçün yararlı paleoantropoloji qalıq aşkar edilməmişdir. Qafqazdan Homo sapiensə aid ilk insan qalıqları Qobustandan aşkar edilmişdir. «Firuz» düşərgəsindən 11 adamın dəfn olunduğu dayaz çuxurdan tapılan sümüklər çox pis saxlanmışdır. Tapılmış kəllələrdən 7 - si kişi, 3-ü qadın, 1-i isə uşaq kəlləsidir. Tapıntının ilk tədqiqatçısı R.Qasımova Qafqazdan orta daş dövrənə aid başqa insan qalıqları aşkar edilmədiyindən Qobustan tapıntılarını yalnız Mazandaran mədəniyyətinə aid edilən Xotu mağarasından tapılmış qadın kəllə qutusu ilə müqayisə etmiş və bu kəllənin dolixokran olduğunu bildirmişdir. Qafqazın yeni daş dövrə (neolit) əhalisinin fiziki quruluşu Qobustandakı «Kənizə» mağarasından, indiki Ermənistan ərazisindən və Gürcüstandan tapılan 4 kəllə qutularının tədqiqi nəticəsində müəyyənləşdirilmişdir. Bu kəllələrdən 3 – ə dolixkran, İmeretiyanın (Qərbi Gürcüstan) dağətəyi hissəsindən tapılan kəllə isə mezokefaldır. 

Qafqazın mis – daş (eneolit) dövrə əhalisinin morfoloji quruluşunun müəyyənləşdirilməsində Kültəpə (Azərbaycan), Samtavro ( Gürcüstan ), Şenqavit və Cararat (indiki Ermənistan), Çimkənd ( indiki Dağıstan) kəllələri mühüm rol oynayır . Kültəpədən tapılan kəllə özünün uzunbaşlılığı (dolixokran) və naziksifətliliyi ilə Oğuz (Kaspi) tipinin qədim forması hesab etmək olar. Oxşar quruluşlu paleoantropoloji tapıntılara Tell – Ubeyd ( İraq) və Sialk (Cənubi Azərbaycan) mədəniyyətlərində rast gəlinmişdir. Bu cür morfoloji quruluşa malik insan qalıqlarına indiki Ermənistan Respublikası ərazisində Şenqavit və Göyçə gölənən cənub – qərbindəki Cararat düşərgələrində rast gəlinmişdir. Şenqavitdən tapılmış 5 kəllə qutusundan 4 – ə kişi,1 – i isə qadın kəlləsidir. Şenqavit kəllələrinin baş göstəricisi 72,5, Cararat kəllələrinin baş göstəricisi 78,5 – dir. Bu dövrə aid edilən Samtavro kəllələrini tədqiq etmiş M.Q.Abduşelişvili onlardan 2 – sinin morfoloji cəhətdən naziksifətli, uzunbaşlı ( dolixokran), 1 – nin isə enlisifətli , girdəbaşlı ( mezokran) olması qənaətinə gəlir . 

Tunc dövrünə aid edilən paleoantoropoloji materiallar seriyası (Azərbaycan Respublikasının Xaçbulaq adlı yaşayış məskənindən, Gürcüstan Respublikasının Qori rayonunun Tkviavi kəndi yaxınlığından, Göyçə gölünün cənub – qərbindəki Lçaşendən, Nalçik kurqanından, Manıç çayı hövzəsindən tapılan kəllələr) erkən tunc dövründən başlayaraq daha qədim olan Kaspi tipinin transformasiyası nəticəsində Ön Asiya tipinin formalaşması prosesinin başlanmasından xəbər verir. Lçaşendən 3 km aralı, miladdan əvvəl II minilliyin ortalarına aid edilən kəllələr sifətlərinin enliliyinə görə Lçaşen kəllələrini geridə qoysalar da, baş göstəricisinə görə dolixokrandırlar (uzunbaşlıdırlar). Enlisifətlilik amilinə həddən artıq önəm verən V.P.Alekseev onları ermənilərin «əcdadı» saymaq istəsə də, sonradan bu əlaməti, yəni enlisifətliliyi Qafqazdaxili köçlərlə əlaqələndirməyə məcbur olur. Öz elmi fəaliyyətində ermənilərin qədimləşdirilməsinə xüsusi yer ayıran V.P.Alekseev hələ əhalisinə aid qədim sümük qalıqlarının tapılmadığı, Qafqazın xeyli hissəsini və Cənubi Azərbaycan ərazisini əhatə etmiş, erkən tunc dövrünə aid edilən Kür – Araz mədəniyyətinin qurucularını , dövrü dəqiq müəyyənləşdirilməmiş Berkaber kəllələr seriyasına əsaslanaraq, ermənilərin əcdadı hesab edir. Lakin Berkaberin dolixokran qədim əhalisinin morfoloji quruluşu ilə indiki ermənilərin antropoloji quruluşu arasında heç bir bağlılıq yoxdur. Digər tərəfdən V.P.Alekseev Gürcüstanın cənubundan tapılan kəllələri öz ölçülərinə görə daha çox Kaspi (Oğuz) tipinə uyğun gələn uzunbaşlı, ensiz üzlü kəllələri Kür – Araz mədəniyyəti əhalisinin antropoloji tipinin məhəlli variantı hesab edir . 

Erkən dəmir dövrünə aid paleoantropoloji materiallar Mingəçevirdən (Azərbaycan Respublikası) , Samakaberd və Noradüzdən ( indiki Ermənistan Respublikası ərazisi) aşkar edilmişdir. Mingəçevir qəbirlərində ölülər qatlanılmış ( m.əvv. X - VIII əsrlər) və uzadılmış ( m. əvv. VII - V əsrlər) şəkildə iki cür dəfn olunmuşlar. Kəllələr uzunbaşlı və naziksifətlidirlər. Samakaberd və Noradüz kəllələri öz uzunbaşlılıqları , orta hündürlüklü ölçüləri ilə Kaspi tipinə uyğun gəlirlər. R.M. Qasımova bu seriyanı Cənubi Azərbaycandakı Sialkdan ( m. əvv. IV minillik) Mingəçevirdəki ( m.əvv. VII – V əsrlər) kəllələr arasında keçid forması , V.P. Alekseev isə Lçaşen və «Sevan» (Göyçə) kəllələrinin varisləri olduğunu qeyd etmişlər. İndiki Ermənistan ərazisindən tapılan erkən dəmir dövrənə aid kəllələr, habelə Kuban ərazisindən aşkar edilən paleoantropoloji materiallar da öz göstərcilirinə görə Kaspi (Oğuz) tipinin analoqları hesab edilə bilər. 

Belələiklə, son tunc və erkən dəmir dövründə Azərbaycan və indiki Ermənistan, habelə indiki Şərqi Gürcüstan ərazisindən əldə edilən paleoantropoloji tapıntılar əsasında Cənubi Qafqazda Kaspi (Oğuz) tipinə mənsub əhalinin üstünlük təşkil etdiyini, transformasiya nəticəsində bu tipdən Kavkasion və Ön Asiya tiplərinin ayrıldığını müşahidə etmək mümkündür. Cənubi Qafqazın miladdan əvvəl II minilliyin sonu – I minilliyə aid edilən kurqan qəbirlərində də maraqlı qanunauyğunluq müşahidə olunur: belə ki, üzərində kurqan ucaldılan , yəni əsas mərhum, baş quruluşuna görə uzunbaş (dolixokran), onunla birlikdə gömülən qul – qaravaş isə braxikrandırlar. XIX yüzilliyin əvvəllərində Gəncəçay hövzəsindəki kurqan qəbirləri tədqiq edən E.Resler 7 saylı kurqan qəbrin cənub hissəsində arxası əstə uzanmış vəziyyətdə dəfn edilmiş əsas mərhumun uzunbaşlılığı ilə kəskin şəkildə seçildiyini , şimal hissədə isə iki ata məxsus sümüklərin və 3 nəfər oturmuş vəziyyətdə dəfn edilənlərin isə braxikran olduğunu qeyd edir. Bu cür qanunauyğunluq Qarabağ kurqanlarında da müşahidə olunur. Bu kurqanlar miladdan əvvəl XV – XIII əsrlərə aid olunur . 

V.V.Bunak indiki Qafqaz əhalisinin antropoloji tiplərinin üç qədim element əsasında formalaşması qənaətinə gəlmişdir. Onlardan ikisi dolixokran (uzunbaş), biri isə braxikrandır. V.V.Bunak dolixokran elementlərdən birinin Şimali Qafqazda hələ yeni daş ( neolit) dövründən yayıldığını və Pont tipinə aid olduğunu , digərinin isə Kaspi (Oğuz) tipi ilə bağlı olduğunu bildirir. V.V.Bunaka görə braxikran element isə daha çox Avrasiya çöllərinin qədim əhalisi ilə bağlıdır . 

Qeyd etmək lazımdır ki, indiki Ermənistan ərazisindən əldə edilmiş paleoantropoloji materiallar öz göstəricilərinə görə indiki ermənilərdən kəskin şəkildə fərqlənirlər.
Şərhlər : 1 Şərh yaz
Xaqan 15 sentyabr 2015 03:14  
Ulu turk irqinin numayəndələrinə burada təkəm-serək rast gələ bilərsiniz...
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar