Gerçək sekulyarlar kimlərdir?

Faiq Azər

20-04-2016, 16:25 Oxunub: 764
İki həftə bundan əvvəl “Əziz Nəsin” nəşriyyatının çap etdiyi Əziz Nəsinin “Sekulyarlıq, dinçilik və Atatürkçülük” kitabını oxuyurdum. Kitab Əziz Nəsinin 1960-80-ci illər arasında verdiyi müsahibələrdən, yazılarından və hekayələrindən ibarətdir. O, bu kitabda sekulyarlarla və şəriətçilərlə olan bütün münasibətlərə geniş aydınlıq gətirib, əsasən din üzərindən baxışı ortaya qoyub. Həqiqətən də bu kitabı bitirdikdən sonra başa düşdüm ki, Türkiyədə sekulyarlıq pərdəsi altında şəriətçilik 2002-ci ildən sonra deyil, 1960-1980-ci illərdən bəri meydanda idi. Ortaya sual çıxır ki, Türkiyə gerçəkdən sekulyar dövlətdir, yoxsa yox? Bəzi detallara toxunaraq buna aydınlıq gətirmək istəyirəm.

Türkiyə Konstitusiyasının 2-ci maddəsi “Türkiyə Respublikası, cəmiyyətin dincliyi, milli həmrəylik və ədalət anlayışı içində, insan hüquqlarına hörmət, Atatürk millətçiliyinə bağlı, başlanğıcda bildirilən əsas prinsiplərə söykənən, demokratik, dünyəvi və sosial hüquq dövlətidir” – deyə vurğulayır. Ancaq bu maddədə sadalanan bütün şeylərin şəriətçilik ilə bağlantısı varmı? Əziz Nəsinə görə bir qatı müsəlman (şəriətçi) heç bir zaman sekulyar ola bilməz”. Çünki, İslam fiqhi heç bir müsəlmana sekulyar olmağa imkan vermir. İslam digər dinlərdən fərqli olaraq dövlət işlərini həll etmək üçün, şəriət üçün var. Türkiyədə 1970-80-ci illərdə Din İşləri Nazirliyi tərəfindən Avropanın bir çox ölkəsinə diplomat göndərilirdi. Bu adamlar o illərdə nazirliyin əmri ilə Avropada müəyyən təbliğatlar həyata keçirirdi. İndi isə sual vermək istəyirəm: Türkiyə nə zaman sekulyar dövlət olub?
 
Dünyəvilik, din və dövlət, din və siyasət, din və hüquq, din və təhsil işlərinin ayrılması, dini inanc və ibadət azadlığının zəmanət altına alınmasıdır. Din üzərindən dövlətdə kadrlaşma aparmaq, dövlətin prosedur qaydalarını və quruluşunu yaratmaq, konstitusiya və qanun yeritmək, təhsil sistemi qurmaq, dünyəvilik (sekulyarlıq) prinsipinə ziddir. Bütün bunların hamısını məşhur publisist Əziz Nəsin “Dinçilik və sekulyarlıq” kitabında vurğulamışdı.

Əziz Nəsin deyir:

Dünyəvilik ilə sekulyarizm və ya ingilis tipi dünyəvilik ilə fransız tipi dünyəvilik arasında aparılan ayrıseçkiliklər hamısı sünidir və baş qarışdırmağa yönəlib. İngiliscədə "secularism" və fransızcada "laicite" - anlayışın əsas mənası eynidir və yuxarıda deyildiyi formadadır. İngiltərənın, Amerikanın və Fransanın keçdikləri tarixi proseslərdə bu anlayışla bağlı fərqli təcrübələr meydana gəlib. Ancaq dünyəvilik, özündə tək bir anlayışdır və dünyəviliyin əhəmiyyətini anlamaq üçün, əvvəlcə bu anlayışın mənasını ortaya qoymaq lazımdır”.

Əlbəttə ki, Türkiyə Mustafa Kamaldan sonra bütün sekulyarlığını itirdi. Əgər Türkiyə başdan-ayağa bütün dünyəviliyini saxlayırdısa, niyə o zaman ordunun içinə, bütün nazirliklərə və təhsil sisteminin içində bu qədər şəriətçilik mövcuddur? Deməli İslam (əsasən fiqh nəzərdə tutulur) digər dinlərə nisbətən dövlət işlərinə qarışmağı daha çox əmr edir. Amma İncil və Tövrat kimi kitablar daha çox maddi dünyaya deyil, mənəvi dünyada olan məsələlərə qarışır. Belə qənaətə gəlmək olar ki, həqiqi bir mömin və ya islamçı heç bir zaman sekulyar dövləti müdafiə edə bilməz.

Türkiyədə dünyəvilik prinsipini həyata keçirmək üçün inqilab edən Mustafa Kamal Atatürk, bunları anlamış və mənimsəmiş bir lider idi. Onun ruhu, zehni quruluşu, ağlı və vicdanı, din tərəfindən əsir alınmamışdı. Atatürk, bir tərəfdən dini inanc və ibadət azadlığını təminat altına alırdı, digər tərəfdən isə, dini siyasətə alət edənlər və Türkiyə Cümhuriyyətini yıxmaq istəyən qüvvələrə qarşı mübarizə aparırdı. Atatürkü, demokratiyanı və dünyəviliyi müdafiə etdiyini iddia edən bugünkü qorxaqlardan və saxta inqilabçılardan ayıran ən əhəmiyyətli ünsürlərdən biri də bu idi. Atatürk dinin cəmiyyətlər üçün lazım olduğunu, amma dünyəvilikdən tamam ayrılmasının vacibliyini bu cür müdafiə edirdi:

“Din lazımlıdır. Dinsiz millətlərin ayaqda durması mümkün deyil. Amma bu da var ki, din, Allah ilə qul arasındakı bağlılıqdır. Din simsarlığına icazə verilməməlidir. Dindən maddi mənfəət təmin edənlər iyrənc kəslərdir. Baxın, biz buna müxalifik və icazə vermirik. Dini alətə çevirən insanlar saf və günahsız xalqımızı aldadıblar. Əsl mübarizə aparacağımız və apardığımız adamlar bu kəslərdir".

Gördüyünüz kimi böyük inqilabçı Mustafa Kamal dinin sonuna qədər bütün dövlət işlərindən ayrılmasını istəyirdi. Təkcə siyasətdən deyil, hüquqdan, təhsildən, ordudan və nazirliklərdən də. Amma indi Mustafa Kamalın dünyəviliyini saxlayan neçə insan var? Həqiqətən də Türkiyədə şəriətçiliyin uzun bir müddət hakim olmasına şahid olacağıq. Çünki, bu xurafatçılıq gerçək sekulyarların həm mənəvi, həm fiziki ölmünə səbəb olacaq. Həqiqətən, Türkiyədə gerçək sekulyarlar kimlərdir?
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar