Etiraflarım

Faiq Azər

29-02-2016, 13:16 Oxunub: 795
Sizə Lev Nikolayeviç Tolstoyun "Etiraflarım" kitabından çıxarışlar etmək və öz etiraflarımı etmək istəyirəm. Etiraf etmək özünü yeniləməkdir, sonsuzluğa qədər dəyişilməkdir. Etiraf etmədən dəyişilməyəcəksən. Bütün insanlar mahiyyət etibarı ilə eynidir. Eyni zəiflikləri, tənbəllikləri edirik. Amma etiraf etmirik.

Tolstoy isə etiraf edir:

"O illəri dəhşət, nifrət və ürəyimdə bir ağrı olmadan yadda saxlaya bilmirəm. Döyüşdə insanlar öldürdüm və yenə öldürmək məqsədiylə insanları duelə dəvət etdim. Qumarda uduzdum və kəndlilərin əməklərini heçə saydım. Onları cəzalandırdım. Əxlaqsız bir həyat yaşadım və insanları aldatdım. Yalan, soyğun, hər cür zina, sərxoşluq, şiddət, cinayət, işləmədiyim tək bir cinayət belə qalmamışdı, amma dövrümün müasirləri məni nisbətən əxlaqlı bir insan olaraq gördülər və də görürlər. Bu şəkildə on il yaşadım."

Bu, Lev Tolstoyun zəifliklərinin etirafı idi. İnsan ancaq özünü tənqid etdikcə böyüyər. Amma mən zəifliklərimi hər il gördükcə və hətta hər gün gördükcə unuduram sanki. Bəli, bu, mənim etirafımdır. Mən zəif deyiləm, güclü olmağa iddialı biriyəm. Amma həm də gənc yaşımda içimdə saxladığım sualların cavabını axtaran biriyəm. Mən Alber Kamyunun absurdunu, Platonun dövlətini və Nəsiminin hürufiliyini düşünən biriyəm. Mən həyatın ən çətin anlarını axtarıram. Acını dərimdə hiss etmək istəyirəm. Yaşadığım bu heç kəsə məlum olmayan sualların cavabını axtarıram. Axı, mən niyə varam?! Mən nə üçün yaşamalıyam?! Yaşamağım üçün hardan stimul almalıyam?!

Tolsoy isə bu cür etiraf edir:

"Keçmişə dönüb baxdığımda bunu açıqca görə bilirəm ki, mənim inancım - tək gerçək inancım - heyvani duyğularımın xaricində həyatıma yön verən güc özümü mükəmməlləşdirməyə olan inancımdır. Amma bu mükəmməlləşdirmənin hədəfi və məqsədi nə idi?!

İzah edə bilmirəm. Özümü zehnən inkişaf etdirməyə çalışırdım - araşdıra biləcəyim hər şeyi araşdırıb öyrənirdim, həyatın yoluma çıxardığı hər şeyi. İradəmi mükəmməl hala gətirməyə çalışdım; öz-özümə qaydalar qoyurdum, sonra bu qaydalara uyğun hərəkət etməyə çalışırdım. Özümü fiziki olaraq inkişaf etdirirdim və idmanla məşğul idim. Özümü hər şəkildə məhrum buraxaraq dözümlü və səbirli olmağa öyrəşdirirdim. Bunların hamısını mükəmməl insan olma yolunda edilməsi lazımlı şeylər olaraq görürəm. İlk başda əxlaqi baxımdan mükəmməlliyə çatmaq fikri vardı təbii ki. Amma bu qısa müddət sonra yerini hər sahədə mükəmməlliyə çatmaq və yalnız öz gözümdə, ya da Tanrının gözündə deyil, başqa insanların gözündə də daha yaxşı bir yerdə olmaq istəyinə çevrildi. Bu səy də çox keçmədən başqalarından daha güclü olma arzusuna çevrildi; başqalarından daha məşhur, daha əhəmiyyətli və daha böyük olmaq arzusuna".

Diqqət etdinizsə Tolstoy mükəmməlliyə çatmaq üçün əlindən gələni edirmiş. Özünü həm zehni olaraq, həm də fiziki cəhətdən yetişdirirmiş. Hal-hazırda etiraf edə bilərəm ki, Tolstoy ilə oxşar duyğuları yaşayıram. Mükəmməl saymıram özümü, amma mükəmməl olmağı düşünürəm. Şəxsiyyət olmaq barəsində geniş fikirlərin alıb məni. Amma bilmirəm ki, mənim düşündüyüm şəxsiyyət kriteriyası necədir? Diqqət etdinizsə, Tostoy etirafının sonunda bu əslində təkcə Tanrının gözündə deyil, hər kəsin gözündə güclü olmaq arzusunu dilə gətirir. Bəlkə də yanılır. Amma ən azından o, bunları etiraf edir. İnanc barəsində isə Tolstoy belə düşünür:

"Uşaqlığımdan bəri öyrədilən inanc prinsipləri başqalarında olduğu kimi məndə də yox olub getmişdi. Yalnız bu fərqlə ki, mən 15 yaşımdan fəlsəfi yazıları oxumağa başlayanda, dindən qopmağımın şüuruna tez çatmışdım. 16 yaşında dua etməyi buraxdım, kilsəyə və "axşam çörəyi ayini"nə getməyə son verdim. Mənə uşaqlığımdan bəri öyrədilənlərə inanmırdım; lakin yenə də bir şeyə inanırdım. Nəyə? ... Deyə bilməzdim. Tanrıya hələ inanırdım, daha doğrusu, unuda bilmirdim onu, amma hansı Tanrıya? Bilmirdim. İsanı və təlimini də unuda bilmirdim; ancaq bu təlim idi, deyə bilməzdim."

Həqiqətən Lev Tolstoyun böyüklüyünü bu etirafdan başa düşmək olar. O, inanc prinsiplərindən vaz keçmişdi. Bütün inanclarını yeniləməyə başlamışdı, fəqət Tanrını unuda bilməmişdi. Məgər inanc yalnız dindir? - Əlbəttə ki, xeyr. Bu doqmalardan qurtulmadan Tanrını necə dərk edəcəksən?!

Doqmatizm bilgilərin mütləq həqiqət olduğunu, araşdırma, müzakirə, yaxud araşdırmaya ehtiyac olmadığını müdafiə edən anlayışa verilən addır. İndi hesab etmək olarmı ki, buna inanıb bizə aşılanan dini inancları araşdırmayaq?!

Mən etiraf etmək istəyirəm: Bir zamanlar fəlsəfi sıxıntıların içində idim. Bunu 16 yaş sindromu, yaxud yeniyetməlik böhranları adlandıra bilərik. Mən dini inancı anlamağa çalışırdım. Tanrını şübhə altına almaq istəmirdim. Çünki, Tanrıya inanmaq şübhə edənlərin işi deyil. Sadəcə ona bir dəfə çağırış etmək istəyirdim. Müxtəlif dini məzhəblərdə oldum. Hər gün namaz qıldım, Ramazanda oruc tutdum, zəkat verdim, amma dərk edə bilmədim. Bunları dərk edə bilmədim, ancaq Tanrıya hələ də inanırdım... Hələ də inanıram.

Düşünürəm ki, çox kiçik də olsa iç dünyamdakı bəzi şeyləri etiraf edə bildim. Yazıda qeyd etməsəm də, başqa bütün hər şeyi etiraf etməyə davam etməyi düşünürəm. Özümə Tanrıya şübhə etmədən və ona qucaq açaraq mükəmməlik arzulayıram. Etiraflar edin və bütün sıxıntılarını danışın. Ən kiçik günahlarınızı etiraf edin. Böyüklərini isə özünüzə danışın. Tanrını axtarın və ona da etiraf edin. Tanrını axtararaq yaşasanız, bir daha Tanrısız yaşaya bilməyəcəksiniz. Tanrı alışqanlıqdır!
Şərhlər : 1 Şərh yaz
Saida 29 fevral 2016 14:27  

Tanrıyla olan tetatet sohbetin behresini her zaman goreceksen, guman edirem ki.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar