Niyə təcrid olunursunuz?

Faiq Azər

23-02-2016, 14:02 Oxunub: 531
Təcrid olunursunuz. Hər gün özünüzü gizlədirsiniz, istedadınızı və biliklərinizi gizlədirsiniz. Ölkədən qaçmağı və ya evdən çıxmamağı çıxış yolu görürsünüz. Niyə təcrid olunursunuz? Bəyəm, siz Alber Kamyunun Mersosusunuzmu? Yaxud da Jan Pol Sartrın Rokentenisinizmi?

Alber Kamyunun Yad romanını oxuyanlar çox yaxşı bilər. Baş qəhrəman Merso yaşadığı cəmiyyətdən tam şəkildə yadlaşmışdır. Hər dəfə ürəyi bulanır və bütün hər şeyin mənasız olduğunu iddia edir. Amma intihar etmir. Çünki Alber Kamyu intiharı çıxış yolu görmür. Bəs, biz gənclər niyə hər gün mənəvi intihar olunuruq? Niyə hər gün asılırıq? Çünki Merso olmağı seçmişik və mənəvi terrorun qurbanlarıyıq. Biz lazım olduğumuzdan zəif görünürük. Hər gün başqa-başqa məzhəblərdən, ideologiyalardan və partiyalardan olduğumuz üçün bir-birimizə təhqir etməyi çox yaxşı öyrənmişik. Biz masa arxasında sivil debatı yox, bir-birimizlə döyüşməyi öyrənmişik. Biz, bir-birimizə sahib deyil, bir-birimizdən təcrid olunmuşuq. Bəs, niyə təcrid olunursunuz?

1956-cı il 23 Oktyabrda Budapeştin mərkəzində Zsigmond Moricz meydanında Stalinist iqtidara qarşı başlayan gənclik dalğası və "Macarıstan Azadlıq döyüşçüləri"ni xatırlayın. Bu bütöv macar xalqının iradəsi deyildi. Bu universitetlərdə baş qaldıran böyük macar gəncliyinin ortaya qoyduğu iradə idi. Yaxud 1968-ci ilin 5 Yanvarında başlayan "Praqa Baharını" xatırlayın. Və ya Finlandiyada Yohan Vilhelm Snelmanın rəhbərliyində başlayan gəncliyin aydınlanma hərəkatını xatırlayın. Bütün bu dediyim nümunələr, zamanında ölkəsində böyük faizə sahib olan gəncliyin iradəsinin nəticələridir. Gəlin özümüzə sadəcə sual verək?! Bəs, bizim bir-birimizdən başqa kimimiz var? Bizim arxamızda özümüzdən başqa kim var? Niyə bütün güclərimizi birləşdirmirik? Deməli biz təcridi seçmişik. Axı nə üçün təcrid olunuruq?

Hamımız bölünmüşük, başqa-başqa cərgələrdə oturmuşuq. Bir-birimizin üzünə baxmadan keçirik. Tanımırıq bir-birimizi sanki. Halbuki, eyni cərgədə otursaq, eyni nəşriyyatda, eyni book kafelərdə, eyni qəzetlərdə və eyni yerlərdə yalnız çiyin-çiyinə otursaq, bu mübarizə olmayacaqmı? Amma biz deyəsən həqiqətən təcrid və özümüzə qapanmışıq. Biz gənc olduğumuzu unutmuşuq!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar