Həyatın dəyəri

Sadiq Qasımov

21-01-2018, 15:38 Oxunub: 748
Acını yaşamamış insan həyatın həqiqi dəyərini anlaya bilməz. Buna görə də əksər insanlarımızın müharibəyə qarşı olmasını anlamaq olur. Axı ötən əsrdə çox acı yaşamışıq. Cümhuriyyət illərindən əvvəl və ondan sonrakı soyqırımıları unutmamışıq. 1937-ci ildə minlərlə insanımızın repressiyaya qurban getməsini də xatırlayırıq. Elə 20 Yanvar və Xocalıda, Qarabağda törədilən vəhşilikləri də unutmağımız mümkün deyil. Həyatın dəyərini öyrənmişik bəs ona dəyər verib qorumağı necə, öyrənə bilmişik?

Acını yaşayan insanlar eynidir, amma elə bundan fərqli nəticələr çıxaranlar da həmin insanlardır. Bunları bir daha yaşamamağımız üçün kimlər çalışır? Acı insana çox şeyi öyrədir, lakin bu, nəyisə öyrənmək üçün acı çəkməli olmalıyıq demək deyil. Belə olsaydı, bizə qarşı edilən zülmlər təkrarlanmazdı. Əsas məsələ təkrarlanmaması üçün doğru nəticələrin çıxarılmasıdır. Yaşadığımız acılar zəifliyimizin, yanlışlarımızın nəticəsidi.

Bəs bunların əsas səbəbi nədir?

Məgər ən böyük acılarımızın əsas səbəbi dövlətsizlik, dövlətimizin zəifliyi olmayıb? Biz dövlətsizliyin bədəlini hər zaman çox ağır ödəmişik. Heyif ki, bu illər ərzində keçmişi  unutduğumuz üçün bu bədəlləri hələ də ödəməyə davam edirik.

Corc Oruellin “1984” romanında bir söz var: “Bu günə hökm edənlər keçmişə, keçmişə hökm edənlər isə gələcəyə hökm edirlər”. Biz isə keçmişi unutduğumuz üçün gələcəyimizi də umursamamışıq. Onun üçün xalqımız eyni hadisələri təkrar-təkrar yaşayıb.

Həyatın dəyərini öyrənənlərin müharibəyə qarşı olmasını anlayıram, amma həyatı qorumaq üçün mübarizəyə qarşı olmalarını başa düşmürəm. Mübarizə silahla aparılamazdan əvvəl düşüncə, inanc və hədəflərlə aparılır. Eyni ilə bundan 28 il əvvəl 20 Yanvarda olduğu kimi əli silahsız xalqımız canı və inancı ilə azadlığını qazanmışdı.

Bir baxın hədəfi keçmişlə bağlı olanlarla, hədəfi gələcəklə bağlı olanlar arasındakı fərqlər nələrdir. İsrailin ərəb dövlətlərini 1948, 1967 və 1973-cü illərdə necə davamlı olaraq məğlub etdiyinə diqqət yetirin. Özündən qat-qat böyük dövlətləri eyni vaxtda məğlub edib.

İsrailin hədəfi dövlətini güclü etməkdir, ərəb dövlətlərinin hədəfi isə müsəlmanların yaşadıqları dövlətlərdə “Qərb mədəniyyəti bizdən oğurlayıb, “onlar hər şeyi bizdən götürüb” fikirlərini yaymaqdan ibarətdir. Bir nəfər də çıxıb soruşmur ki, Avropanın sizdən götürdükləri mədəniyyətin, elmin üstündən neçə əsr keçib?

Bəli, bizim insanlarımız insan həyatına dəyər verir. Yuxarda da yazdığım kimi əsrlər ərzində yaşadıqları acılara, ona yaşadılanlara görə həyatın dəyərini çox gözəl öyrəniblər. Özlərinin yaşadıqlarını başqalarının da yaşamasını istəmirlər. Buna görə də bu günəş sistemində həyat olan yeganə planetin ən qəliz regionu Azərbaycanda yaşasaq da dini, milli mübarizə aparmağın yox, yaşamağın və yaşatmağın tərəfdarıyıq. Baxmayaraq ki, bir çox dövlət bu qütbləşməni yaratmaq üçün əlindən gələni edir. Amma yenə də alınmır. Alınmayacaq da. Çünki bu acıları bizə yaşadan məhz onlardır. Biz onların yox etmək istədiyi şeyi onlardan öyrənmişik. Nitsşe deyir ki, "əsl müdriklik özün üçün istədiyini qonşuların üçün də istəməyindir". Biz özümüz istədiyimizi bütün qonşularımız üçün istəyirik və onlar üçün çox şey etmişik. Ən azı onların bizə etdiklərini onlara etməmişik.

Mübarizə aparmaq kiminsə ölümünə səbəb olmaq deyil. Yaşamaq və yaşatmağa çalışmaqdır. Düşmənlərimizin hər zaman güclü olduqlarını bilmişik, indi də bilirik. Biz dövlətimizə qarşı olanları məğlub etmək üçün mübarizə aparmamışıq, amma bu acıları bir daha yaşamamaq üçün mübarizə aparıb dövlətimizin daha güclü olması üçün çalışmalıyıq. Ən azı bir də azadlığımızın qəsb edilməməsi üçün buna məcburuq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar