Ruhumuzun da qidaya ehtiyacı var

Sadiq Qasımov

7-08-2017, 10:29 Oxunub: 253
Əgər gənclərdə inanc olmasa xalqımızı təhlükələrdən, problemlərdən nə elm, nə fəlsəfə, nə sənət nə də siyasət xilas edə bilər. Keçmiş SSRİ nəslində inanc olmadığı üçün “heç kimə inanma” deyirlər. Bunun üçün də onlardan nəsə gözləmək özümüzü aldatmaqdan başqa bir şey deyil.

Bütün istəyi ən yaxşı yeməkləri yemək olan və xatirələri də yeməklərlə, qonaqlıqlarla bağlı olan insanları heç nə maraqlandıra bilməz. İnsanlarımız ölkədənmi qaçırlar? Qaçsınlar. Gənclərimiz Suriyadamı döyüşürlər? Döyüşsünlər. Yetkinlik yaşına çatmamış minlərlə qız abort etdirir? Etdirsin. Dini, mədəni assimilyasiyaya məruz qalırıq? Qalaq. Təki yeməyə çörək olsun... Əsas odur Cıdır düzündə kabab çəkən, İsa bulağından qonaqlıdan sonra su içib yenidən acan “ağsaqqallar” var. Bu insanlar qidalanmağın gərəkli olduğunu Afrikdakı ac insanlardan daha yaxşı bilirlər. Ancaq unutmayaq ki, bədənimiz qədər ruhumuzun da qidaya ehtiyacı var.

İnsanlar xəstələndikləri zaman yemək yemədikləri, iştahasız olduqları kimi ruh da xəstələndikdə heç bir şey qəbul etmir. Ona görə də ruhumuzun iştahasızlığından insanlarımız da əziyyət çəkir. İnsanlarımız öz həyatlarının qurucusu, yaradıcısı olmaq istəmirlər. Onların müalicəyə ehtiyacı var.

Bəs bu müalicə necə aparılmalıdır? Xudu Məmmədovun dediyi kimi sadəcə tanıtmaq lazımdır. Ruhu qidalanmayan insanlara bunun nələrə səbəb ola biləcəyini göstərib, bunu etmə ehtiyacını oyatmaq lazımdır, çünki əhəmiyyətini qavramayan insan öz həyatından razı şəkildə yaşayacaq. Bunu etməyib öz həyatınıza davam da edə bilərsiniz.

"Bəyaz zanbaqlar ölkəsində" kitabında keşiş Mak Donald bu cür laqeyd həyat yaşayan insanlara səslənərək belə deyirdi: “Niyə həyatınızın daha yaxşı hala gəlməsi üçün heç bir şey etmək istəmirsiniz? Niyə sadəcə mənfəətçi, həyatın nizamını pozan soyğunçu kimi yaşayırsınız? Heç utanmırsınız? Həyatı inşa edən memar ola bilərdiniz, amma siz soxulcan kimi yerdə sürünərək dünyanı pislik yığınına çevirirsiniz".

Sözsüz ki, bu suallar xalqın problemlərinə laqeyd yanaşan insanlara verilib. Bu fikirlər ancaq gənclərə aid edilə bilməz. Çünki insanlar ticarətlə məşğuldurlar, milyonlarla pul qazanırlar, böyük fabrikləri, bankları və digər müəssisələri idarə edirlər. Bu işlərlə bağlı heç kimin məsləhətə ehtiyacı yoxdur, ona görə ki, öz işlərini çox yaxşı bilirlər, hamısı qazanc ustasıdır. Təəssüf ki, bu ustalaların həvəssiz tikdiyi və tamamlamadığı cəmiyyətdə əskik həyat yaşayırıq.

Biz gənclər öz həyatımızın ustası olub onu qurmasaq bizim üçün bunu heç kim etməyəcək. Bizdən əvvəlki nəsil bu sahədə yol qət edə bilmədi. Ya biz onların bu yolda düşüşündən nəticə çıxaracağıq, ya da yaşaya bilmədiyimiz, ötüb gedən həyatımızı izləyəcəyik.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar