Gizlədilmiş tarix

Sadiq Qasımov

9-01-2017, 18:46 Oxunub: 932
İnsanlar tarixdən danışmağı, onunla öyünməyi çox sevirlər. Tarixdə nə qədər güclü olduqlarını, əcdadlarının qurduğu dövlətin hansı əraziləri fəth etdiklərini saatlarla danışa bilərlər. Təbii ki, bu mirasdan danışmaq onların ən təbii haqqıdır. Bu tarixi öyrənərək, öyrədərək yaşatmaq isə insanlar üçün mədəni dəyərdir.

Bu gün amerikalı və avropalı insanlar dövlətlərinin gücü ilə, onlar üçün yaratdığı həyat şəraiti ilə fəxr edirlər. Hətta dünyanın fərqli ölkələrindən həmin dövlətlərə gedən insanlar belə, bu dövlətlərə olan heyranlıqlarını gizlətmirlər. Bəs siz necə, öz dövlətinizlə fəxr edirsinizmi?

Bu suala cavab verməzdən əvvəl ümumi olaraq bəzi şeyləri bilməyinizi istəyirəm. Qərb dövlətlərinin vətəndaşları qarşısında yerinə yetirdiyi öhdəlikləri mən də bəyənirəm və insanların həmin fürsətlərə öz ölkələrində sahib olmalarını istəyirəm. Bunun üçün də MFM-də 5 ildir ki, çalışırıq. Qabaqcadan bildirim ki, mənim Qərbi pisləmək, ya da ölkəmizdə olan problemləri görməzdən gəlmək fikrim yoxdur. Sadəcə insanların sırf sosial vəziyyətə görə Qərbə mədəni və tarixi heyranlıq duymalarını anlasam da, buna laqeyd qala bilmirəm. İnanıram ki, etatizmlə biz də öz vətəndaşlarımıza daha yaxşı yaşamaları üçün şərait yaradacağıq. Mənim dövlətimin vətəndaşları artıq “qara millət” kimi, alverçi kimi tanınmayacaq. Xaricdə olarkən iki addımdan bir polis tərəfindən saxlanılmayacaq. Dövlətimin vətəndaşı Orxan Zeynalov kimi “xüsusi” münasibət görüb başqa dövlətdə törətdiyi iddia edilən cinayətə görə nazir qarşısına çıxardılmayacaq, onun qarşısında başı aşağı salınmayacaq. Məgər heç bir Rusiya vətəndaşı Azərbaycanda cinayət törətməyib? Məgər Rusiyada hər cinayət törədəni elə nazir qarşısına çıxarırlar? Bunun hamısı özümüzü təqdim edə bilmədiyimizə görə yaranır. Əgər biz özümüzü həm mədəni, həm tarixi, həm siyasi baxımdan düzgün təqdim etsəydik bu gün bu problemlərlə qarşılaşmazdıq.

Bu və daha onlarla problem dövlətimizdə olan ideoloji boşluqdan yaranır. Etatizm ideologiyasında isə siyasi, mədəni, hüquqi, sosial və s. məsələlərin və çıxış yolu var. Əgər bu gün bizim vətəndaşımız başqa dövlətlərə mədəni, dini, sosial heyranlıq duyursa bu bizim hər birimizin günahıdır. Dövlətimizin vətəndaşı cinayət işlətsə belə o rəftara layiq deyil. Tarixi heyranlıq duyulacaq hadisələrlə dolu olduğu halda başqa dövlətlərə heyran olmağa isə mənəvi haqqı çatmır. Axı bizə öz dövlətimizi və cəmiyyətimizi heç kim izah etməyib... Onun üçün də bu gün Qərb dövlətləri insan hüquq və azadlıqlarından, demokratiya dəyərlərindən danışaraq başqa xalqları özünə heyran edir. Eyni ilə Roma imperiyası kimi...

Roma imperiyasında “romalı” olmaq bir dəyər idi, hansı ki, başqa xalqalara "barbar" desələr də onalardan sadəcə dövlətin onlara yaratdığı seçimlə, onların qarşısındakı öhdəliklərlə fərqlənirdilər. Romalı olmaq dəyərini dövlətin özü yaratmışdı. Çünki hərbi qorxu ilə bütün imperiyanı idarə etmək mümkün deyildi. Ya qorxu ilə idarə edəcəkdilər, ya da mədəni heyranlıqla, başqalarını özlərinə oxşadaraq. Bəs bizim dövlətçilik tarixində fəxr edəcəyimiz hər hansı bir şeyimiz yoxdur?

Tariximizə baxsaq görərik ki, hansısa hissəsində başqa insanları özgələşdirməmişik. Getdiyimiz, yaşadığımız yerlərdə insanları özümüzə oxşatmağa çalışmamışıq. Ona görə də bu gün bizdə onlarla mədəniyyət varlığını davam etdirdiyi halda nə İranda, nə də Qafqaz kimi bir regionda yerləşən və 98 faizi ermənidən ibarət Ermənistanda bunu görmək mümkün olmur. Dövlətimizin insana verdiyi dəyəri görmək üçün yüzlərlə kitab oxumağa ehtiyac yoxdur. Sadəcə "Wikipedia"ya baxmağımız kifayət edir. Məsələn, cümhuriyyət dövründə Şərqdə qadınlara ilk seçki hüququnu verən dövlət bizim dövlətimiz idi. 1918-ci ildə yaradılmış cümhuriyyəti ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququnu qanunla müəyyənləşdirdi. Həmin dövrdə bu məsələnin həlli Fransada olduğu kimi ciddi radikallıqla qarşılaşmadığı üçün bu qanunu ondan 26 il daha tez qəbul etdi.

Baxmayaraq ki, Fransda dünyaya nümunə olan inqilablar gerçəkləşmişdi, amma inqilablar bu prosesi tezləşdirə bilmədi. Avropada qadınlara seçki hüququnu verən ölkələr sırasında ilk yerləri Norveç, Finlandiya və İslandiya tutur. Digər Qərb dövlətlərinin gündəmini qadın hüquqları məsələləri məşğul etsə də, onlar bu məsələnin həllini Birinci Dünya Müharibəsi zamanı və ondan sonrakı dövrdə həll etdilər, ya da etməyə çalışdılar. Amerika Birləşmiş Ştatlarında 1848-ci ildən bəri səsvermə hüququ tələb edən qadınlar yalnız 72 il sonra, 1920-ci ildə məqsədlərinə nail ola bildilər. Britaniyada da bu məsələ uzun illər həll edilməmiş qaldı. İsveçrə insan hüquqları ilə bağlı bir çox konvensialar qəbul edilməsi ilə tanınsa də qadınlara seçki hüququnun verilməsinə dair federasiya 1909-cu ildən 1971-ci ilədək orada mübarizə aparmalı oldu. Yalnız 62 il sonra qadınlar milli seçkilərdə iştirak hüququna nail oldular. Qanunun qəbul edilməsinə baxmayaraq, onların yerli seçkilərdə iştirakı 1989-cu ildə yəni qanunun qəbulundan 18 il sonra mümkün oldu. Bu məsələ insana verdiyimiz dəyərin sadəcə bir nümunəsidir. Bir də ümumi olaraq insana verilən dəyərə baxaq.

Cümhuriyyətin yeni qurulmasına və ermənilərin törətdiyi qırğınlara baxmayaraq, 1918-ci ilin mart soyqırımından yarım il keçməsə də parlamentdə 21 nəfər erməni nümayəndəsinin iştirakına yol açılırdı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur. Cümhuriyyətin elanından sonra isə ermənilərin öz müqəddəratını həll etməsi üçün onlara torpaq belə vermişdi.

Müstəqilliyimiz yenidən bərpa edildikdən sonra isə, 1992-ci il oktyabrın 7-də qəbul olunmuş qərarla da "Təhsil" haqqında Qanunun 6-cı maddəsi və "Dövlət dili" haqqında Qanunu 3-cü maddəsinə əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə biləcəyi deyilirdi. Xatırladım ki, bu qanun BMT-dən əvvəl qəbul edilmişdir. "Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı" haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədini daşıyır.
Şərhlər : 1 Şərh yaz
KAMALA ABİYEVA 15 yanvar 2017 11:36  

Yazını bəyəndim.İşləriniz maraqlıdı.Uğur olsun bu gəncliyə.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar