Özünüzü "Raskolnikovlardan" qoruyun

Sadiq Qasımov

1-07-2016, 18:50 Oxunub: 492
Hər zaman çalışıram ki, Azərbaycanı daha yaxşı tanıya biləcəyim, ona xeyri olacaq kitablar oxuyum. Düzü, indi belə oxumağa davam edirəm. Oxuduqca insanlarımızı, cəmiyyətimizi daha yaxşı tanımağa başlayıram.

Müqayisə edirəm və fərqimizin nələr olduğunu görürəm. İnsanlarımızın böyük əksəriyyətinin səbəb gətirərək acizliyi, zəifliyi necə qəbul etdiklərinin şahidi oluram. Görürəm ki, onların nəyisə dəyərləndirmək üçün tək kriteriyası nisbətdir. Yəni, olan bir şeylə pisi müqayisə etmək. Sonra isə olanı yaxşı kimi göstərmək. Nə vaxtsa ədalətli müqayisə aparıldığını görməmişəm.

Bu, "Cinayət və cəza"dakı Raskolnikovun xüsusiyyətidir. Raskolnikov özünün ehtiyacı olduğu üçün sələmçi bir qadını öldürür və özünə haqq qazandırır ki, insanları borclarından, sələmçi bir qarıdan xilas edib. Sonra isə davam edir: “axı sadəcə sələmçi qoca bir qadını öldürmüşəm. Müharibələrdə əsgərlər, generallar bir çox insanı öldürür. Onlar qəhrəmandır, mən qatil?”.

Bu üzsüzlüyün ən pik nöqtəsidir. Bu hərəkətin adı belə qoyulmayıb. Heç bir general öz mənfəəti üçün qoca bir qarını öldürməyib. Əsgərlər ancaq dövlətinin, millətinin mənfəəti üçün öldürürlər, özlərini fəda edirlər. Əsgər yaşamaqdan daha çox, yaşatmaq üçün var.

Dostoyevskinin özü üçün belə, müharibədə insanların ölümü böyük bir fədakarlıqdır. Başqaları üçün, sevdikləri üçün özlərini fəda edirlər. İçimizdəki Raskolnikovları tanımaq çox asandır. Daha yaxşı tanımağınız üçün yaşadığım bir hadisəni misal gətirmək istəyirəm.

Şəhər kənarında yaşadığım üçün, şəhərə avtobusla gəlirəm. Təxminən 50 dəqiqə vaxtım gedir. Bir gün tanımadığım, amma avtobusda tez-tez qarşılaşdığım bir oğlanla söhbət edirdim. Şikayətlənirdi ki, “iş yoxdur, qohumu, "daydayı" olanlar işləyir, mənim kimilər iş tapa bilmir”. Bir az daha danışdı və dedi ki, “mənim də bir "daydayım" olsaydı, əla olardı”. Dedim bunu deməsəydin yaxşı idi. Niyəsini soruşdu, izah elədim ki, "indi sənin bir "daydayın" olsaydı yenə sənin kimi biri sənin oturduğun yerdə oturub şikayətlənəcəkdi və heç bir şey dəyişməyəcəkdi. Yenə heç kim layiq olduğu yerdə olmayacaqdı. Səncə bu ədalətlidir?”

Həmin oğlan, yəni içimizdəki Raskolnikov özünə haqq qazandırmaq üçün Raskolnikov sayağı bir sual verdi “guya sən istəmirsən ki, sənin daydayın olsun?” Cavabım "təbii ki istəmirəm" oldu.

İçimizdəki raskolnikovları tanımaq üçün daha bir misal çəkmək istəyirəm. "Facebook"da iki icra başçısını müqayisə etmişdilər. Biri şəhərdəki ailəsini helikopterlə çıxardıqdan sonra, həmin şəhərdə soyqırım olmuşdu, yüzlərlə insanı öldürülmüşdü və sonra da həmin icra başçısı millət vəkili seçilmişdi; indi belə vəzifədədir. Bir digər icra başçısı da öz rayonunu müdafiə etmişdi, Kəlbəcəri mühasirədən çıxarmışdı, Ağdamı Şotlandlıya kimi geri qaytarmışdı və Qarabağ döyüşündəki tək qələbəni o qazanmışdı. Ona isə 9 il həbs verilmişdi. Sərdar Həmidova Allah rəhmət eləsin.

Bu iki icra başçısının müqayisə edildiyi şəklə çox maraqlı şərhlər gəlmişdi. Raskolnikovların çoxu orda özlərinə haqq qazandırmaq üçün suallar verirdilər: "Guya sən öz ailəni çıxarmayacaqdın ki? Guya siz elə etməzdiz, niyə qınayırsız ki? Guya siz nə edəcəkdiz ki?" Admin çox gözəl bir cavab verdi ki, "BAĞIŞLAYIN, AMMA BİZ SİZİN VƏ ONUN KİMİ ŞƏRƏFSİZ DEYİLİK”. Belə bir çox misal çəkmək olar amma siz yenə də özünüzü içimizdəki Raskolnikovlardan qoruyun.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar