Hazır olmalıyıq

Sadiq Qasımov

19-04-2016, 16:48 Oxunub: 730
Aprelin ilk günlərinin hər birimiz üçün unudulmaz olduğuna əminəm. Çünki üç gün ərzində davam edən döyüşlərin insanlarda çox güclü ruh yüksəkliyi yaratdığını gördüm. Yaralanan vətəndaşlarımız, şəhid olan əsgərlərimiz oldu. İnsanlar kədərlənsələr də, qələbə istəyirdilər. Qələbə istəyirdilər, ona görə ki, 500 ildir heç bir qələbələri yox idi. Qələbə istəyirdilər, ona görə ki, artıq rusu, ermənini günahlandırmaqdan yorulmuşdular. Nəyin bahasına olursa-olsun o qələbəni gözləyirdilər.

Köhnə nəsil danışmaqdan, gənc nəsil isə dinləməkdən yorulmuşdu. Danışmaq yox, döyüşmək vaxtı olduğunu anlayırdılar. İndiyə kimi özlərinə inanmayan acizlərin "erməninin arxasında rus var, biz rusla bacarmarıq" kimi sözlərini eşitmək yox, döyüşmək isdəyirdilər. Müharibə vaxtı yolda tutulub zorla döyüşə aparılan insanlarımızın hekayələrini çox eşitmişik. Amma Qarabağda döyüşmək üçün Livandan, Türkiyədən, Rusiyadan, gələn erməniləri bilmirik. Çünki bizim ağlımızda düşməni silahla məhv etmək var.

Düşməni Hitler kimi silahla məğlub edə bilmərik. Onu tanımırıq, onu öyrənən heç bir qurumumuz da yoxdur. Deməli olmalıdır və qələbə istəyiriksə olacaq. Gənclərimiz Rusiyanı məğub edən çeçənləri görəndən sonra anlayırdılar ki, bəhanə gətirmək acizlikdir. Döyüşmək istəyənlər də müstəqil Azərbaycanın gəncləri idi. Hansı ki, özündən əvvəlki nəslin səhvinin cəzasını onlar çəkirdi. Gənclik öz sözünü hər yerdə deyirdi ki, "hazırıq".

Sadəcə onların hazır olması kifayətdirmi? Bəs onları idarə edənlər buna hazırdırmı? Nəticədə öz qanını axıdan, yaşatmaq üçün fəda olanlar gənclərdir. Bir daha məğlub olmaq olmaz. Avtobusda döyüşlərdən danışan, hələ üçüncü sinifdə oxuyan uşaqlara məğlubiyyətin səbəbini izah edə bilmərik. Heç kim bizə Qarabağ məğlubiyyətinin səbəblərini deməmişdi, övladına bunun hesabını verməmişdi. Rayonu qoyub qaçan icra başçıları cəzalandırılmamışdı, uğursuz qərar verən komandirlər hələ də layiq olduqları cəzanı, ya da Tərtərdə olduğu kimi layiq olduğu qiyməti görməyiblər.

Qarabağda ən böyük itkimizi Murovdağ əməliyyatında vermişik. Murovdağ əməliyyatında 5 min əsgərimiz şəhid olub. Bunun səbəbkarı da köhnə nəsildir. Kəlbəcərin azad ediləcəyini gözləyirdi hər kəs, amma elə olmadı, bütün qərarlar səhv çıxdı. Nəticə bunu göstərirdi.

Hazır olmalıyıq, özü də çox hazır olmalıyıq. İnsanlar görməlidir ki, birinci Qarabağ döyüşündəki qazilərimiz kimi problemlər yaşamayacaqlar, sosial təminat var və olacaq. Görməlidirlər ki, onlar millətin arxasında durduğu kimi, millətdə onların arxasında duracaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar