Dövlətlə biz

Sadiq Qasımov

8-03-2016, 20:04 Oxunub: 585
Bizim cəmiyyətdə kitab oxuyan insanların təqib edildiyini görmüsüz? Təqib deyərkən, bütün gün onları kiminsə izlədiyini yox, insanlarda olan önyarğıya məruz qalmağı nəzərdə tutram. Oxumağa başlayan kimi insanların mənasız suallarına məruz qalırsan. Cavab versən də, verməsən də pis olan yenə sən olursan. Ona görə cavab vermək yerinə sual vermək daha yaxşıdır.

Bu gün də o suallardan biri ilə qarşılaşdım, amma bu dəfə nə cavab verdim, nə də sual. Düzü verə bilməyəcəkdim də. Əlimdəki kitabın adı “Dövlət” olduğuna görə məni siyasətçiyə, müxalif birinə bənzədirlər. Niyə, mən də bilmirəm. Platonun "Dövlət" əsərində çox gözəl izahlar verilib. İzahda insanın 5 xüsusiyyəti olduğu, dövlətlərdə 5 idarə forması olduğu deyilir. Məncə çox gözəl izahdır. Yəni, dövlətin xasiyyəti onda yaşayan insanların xasiyyəti ilə eyniləşdirilir. Bir sözlə bizim bütün günü deyindiyimiz nə qədər problem varsa, dövlətdə bəyənmədiyimiz nə varsa hamısı insanlarımızda olan xüsusiyyətə görədir. İnsanlarımız öz qohumlarını hər şeydən ayırır. Əgər mən vəzifədəyəmsə qohumum nəsə bir qanunsuzluq edibsə mənim borcum ona "kömək" etməkdir. Yəni öz qohumuma qarşı ayrıseçkilik edirəm. Elə dövlət də elə edir. Ancaq öz işçilərinə yaxşı maaş verir və s.

Biz dövlətin maraqlarını və öz maraqlarımızı qorumuruq, o da bizi qorumur. Biz onu sevmirik, o da bizi. Biz onun üçün yaşamırıq, ölmürük, o da bizim üçün. Qarşılıqlıdır yəni...

Hamı rüşvətdən narazıdır, amma bunu deyən yoxdu. Bəs o rüşvətxorların heç qohumu-əqrabası yoxdur? Yəni biz laqeydik, elə dövlət də haqqlı olaraq bizə qarşı laqeydir. Olmaması üçün səbəb elə biz özümüzük.

Bunun səbəbi nədi? Yaxşı izah üçün yenə Platonun kitabından bir hissəni qeyd edəcəm. Hansı ki, 2400 il əvvəl yazılıb, amma bu günümüzü çox gözəl izah edir. Kitabda dövlətin yaşaması üçün əsas şeyin uşaqların düzgün yetişdirilməsi, böyüdülməsi olduğu deyilir. "Düzgün" deyiləndə nəzərdə kiçik ikən fiziki, yeniyetmə və gənc ikən isə mənəvi tərbiyələndirmə nəzərdə tutulur. Bunu da onunla əsaslandırır ki, insan yaşa dolduqca onda olan inkişaf arzusu zəifləyir və sönür. Onun üçün həyat adiləşir, istəkləri dəyişir. Dövlətin yaşaması üçünsə uşaqların mənəviyatı yüksək olmalıdır.

Bizdə "uşaq tərbiyəsi" deyəndə gördüyüm tək şey ata-ananın dediklərini edən, sakit uşaqların yetişdirilməsidir. Yəni evdən qıraqda uğursuz insan modeli... Bu insanları ən gözəl hərbidə tanımaq olur, çünki orda ata-anaları olmur. Biz uşaqlarımıza nifrəti öyrətmirik. Biz dövlətimizin düşmənlərinə nifrət etmirik. Biz uşaqlara vətəni sevməyi öyrətmirik, çünki özümüz sevmirik. "Vətəni sevmək" deyəndə əsirlərdir düşmən gələndə Çexslovakiya kimi təslim olmağı yox, finlər kimi varlığını ortaya qoyub döyüşməyi nəzərdə tuturam.

Döyüşməyə özümüzdən - fərdi istəklərimizdən, yaşadığımız həyatla razılıqdan, yaxınlarımızdan başlayaq. Hamı bizə düşməndir. Bu azmış kimi özümüz də özümüzə düşmənik. Belə davam etsə yenə kiminsə müstəmləkəsi olacağıq. 24 il, 4 ay, 20 gündür qoruyub saxladığımız dövləti öz əllərimizlə məhv edəcəyik. Özümüzü də...

Xocalını görməyən dünya, bizim məhvimizi görəcək? Məncə hə. TV-lərdə izləyəcək, gözəl açıqlamalar belə verəcək, başqa heç nə. Mən istəklərimi, hədəflərimi, yaşayışımı dəyişdim ki, dövlətim yaşasın. Kim necədir, nə edir, nə etmir mənə maraqlı deyil. Əsas odur mən dövlətin tərəfindəyəm, dövlətçiyəm.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar