Seçənlər

Sadiq Qasımov

12-02-2016, 13:21 Oxunub: 714
Əsgərlikdəki ilk günlərimi ancaq düşünməklə keçirirdim. Başqalarına baxıb onların nə fikirləşdiklərini, nə etdiklərini anlamağa çalışırdım. Düşündüyüm şeyləri yadımdan çıxartmamaq üçün arada onları yazırdım. Yazdığım ilk fikir seçim və məcburiyyət haqqında idi: "Seçim yaxşısını, ya da daha yaxşısını etməkdir. Etmək ya da etməmək seçim deyil, məcburiyyətdir”.

Ətrafıma baxdıqca görürdüm ki, insanlar heç bir şeyi seçmirlər, hər bir şeyə məcburdurlar. Seçim dedikləri şey isə sadəcə geyim, ya da ərzaq seçməkdən ibarətdir. Daha yaxşı bir həyat üçün mübarizəni seçəni, daha keyfiyyətli iş üçün işini sevməyi seçəni, daha yaxşı bir dövlət üçün ədaləti, qanunu seçəni görmədim. Əsgərliyi bir ilə yaxındır ki, bitirmişəm amma hələ də seçim edən insanları görmürəm. Bəlkə də ona görə ki, seçimləri müqayisədən ibarətdi. Daha doğrusu çox pisə baxıb, pisə şükr etməkdən. Seçim sözü elə-belə bir söz kimi görünə bilər, amma deyil. Seçim qeyri-zorakı mübarizənin təməlidir. Əgər sən zəifsənsə sənin səssiz qalmağın qeyri-zorakı mübarizə sayıla bilməz. Zəifsənsə, seçimin yoxdursa hərəkətsizliyin qeyri-zorakı mübarizə sayıla biməz. Bunun üçün seçimin olmalıdır. Güclü olmalısan ki, qarşılıq verə biləcəyin halda heç bir şey etməyəsən.

Bu gün sadə vətəndaş yaşadığı həyatı özünün seçdiyini deyə bilərmi? Bir gənc işsizliyi, cahilliyi, səhiyyəsizliyi , sosial təminatın olmamasını özünün seçdiyini deyə bilərmi? Onların sözünü deməyən müxalifətin, onlara ancaq vəd verən uğursuz ideologiyaların, radikalizmin, nurçuluğun qurbanı olmağı özümü seçib? Ya da geridə qalan gənclər bu ölkədə qalmağı özlərinin seçimi olduğunu deyə bilər? Məncə yox, çünki getmək üçün imkanları yoxdur. İmkanları olanlar, öz seçimini edənlər çoxdan gediblər. Hər gün küçədə gedərkən ətrafıma baxıram. Öz-özümə deyirəm ki, bu həyatı bu insanlar seçib? Qoca qadınlar sosial təminatın olmadığına görə səhər-axşam küçələri süpürürlər ki, ac qalmasınlar. Böyüklərə mentalitetə görə hörmət edən gənclər qoca qadınların bu halını görməməyi özləri seçib? Vətənsiz qalan qarabağlılar bu günləri yaşamağı özləri seçib? Haqqsızlığa uğrayan insanlar sadəcə susmağı özləri seçib? Vətəni unudan gənclər həqiqətən bunu seçib? Mən seçməmişəm, seçməyəcəm də. Mənim seçimim öyrənərək cahilliyə, zəifliyə qarşı hüquqla mübarizə aparmaqdan ibarətdir. Mənim seçimim dövlətin sabahı olan gənclərin yanında olmaqdan ibarətdir. Mənim seçimim dövlətçilikdir, Etatizmdir. Bu məcburiyyət deyil, seçimdir, çünki mən etatizmi seçməyib daha başqa və asan həyatı yaşayardım, amma yaşamıram. Asan yollar həmişə ən şərəfsiz yollardır. Çətin və ən uzun yol isə əslində ən düzgün yoldur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar