Səbəbkar və günahkar

Sadiq Qasımov

18-11-2015, 20:14 Oxunub: 809
Yorulmuşam. Həm də çox yorulmuşam. İnsanların evdə, küçədə, avtobusda, universitetdə şikayətlənməsi yorub məni. Hər gün, hər an yoruluram. Evdə valideynlər şikayətlənir, küçədə dindarlar, müxalifətçilər. Sanki günahkar axtarır və əgər tapsalar hər şeyi bir anda həll edəcəklər. Əgər günahkarı tapmaq bütün problemləri həll edəcəksə, hər şeydə tək günahkar mənəm. Bilirik ki, həll etməyəcək.

Axı sovet dövründə yaşamış bir valideynə övladının da istəkləri olduğunu, həyatda bütün səhvləri və doğruları özünün etməli olduğunu necə izah etmək olar? Necə izah edəsən ki, övladına öz sevgini verə bilərsən, amma öz yaşantını və fikirlərini verə bilməzsən. Övladın sənin yaşadığın həyatı yox, daha yaxşısını yaşamaq üçün bu dünyaya gəlib. Sən övladından valideynliyin qarşılığını gözləyə bilməzsən. Hələ böyüyə hörmət adı ilə başqalarının övladlarından heç gözləyə bilməzsən. Çünki bu, valideynlik yox, eqoizmdir. Valideyn, ən əsas da analar o vaxt müqəddəs sayılırlar ki, hər şeyi təmənnasız edirlər. Bir qadının övladı olana qədər etdiyi və dediyi hər şey özü üçün olur.

Bir çoxumuza "hər şeyi sənin üçün etmişəm, sənin üçün bu qədər əziyyətlərə dözmüşəm" deyirlər. Etdikləri hər şeyin səbəbkarı bizik, sanki biz günah keçisiyik. Sanki bizim üçün rüşvət alanda, öz övladı üçün başqa uşaqların haqqına girəndə günahlardan arınırlar. Sanki bizim üçün haqsızlıq etmək, bizim üçün haqsızlığa susmaq onlara, etdikləri hər şeyə haqq qazandırır. Əgər qazandırırsa, etsinlər, amma bilirik ki, elə olmur. Olmayacaq da. Bütün şikayətimizin səbəbkarları bizim yaxınlarımızdı. Axı bizdən rüşvət alan, övladı üçün başqa övladların haqqına girənlər də valideynlərdi. Onların heç biri gənc deyil. Heç kim özünü günahkar bilmir. Hamı ancaq şikayətlənir və bu yenə heç bir şeyi həll etmir. İnsan Yaradanı günahkar bilir və elə bilir ki, hər şeydə səbəbkar odu. “Allah belə yazıb" deyir, çünki özünü günahkar bilmir. Əgər günahkar bilsəydi, özünü inkar edərdimi? Allah hər bir insana bu dünyada seçim şansı verib, pislik etmək də, yaxşı əməl də insanın edə biləcəyi şeydi. Amma Allahın insana verdiyi iradə azadlığını insan-insana vermir.

Allah insana səhv etmək seçimi verib, amma insan "bu günahdı, başqası günah iş görür" deyir, başqaları haqqında özü- özlüyündə qərar verir. Sanki Allahın kiminsə tövsiyəsinə ehtiyacı varmış kimi özünü onun qədər böyük görür. Səbəbkar kim olur olsun, günahkar hər zaman bizik. Və mən özümü günahkar bilirəm...

Gənclər ölkədən gedir, amma yeni gənclik yetişmir. Yetişmir ona görə ki, səbəbkar bəllidir, amma günahkar yox. Çünki biz ataların, anaların dövlətində onların həyatlarını yaşayırıq. Biz ki gəncik, elə ona görə də günahı tək özümüzdə görməliyik. Ona görə ki, başqa birinin uğursuzluğunun səbəbinə baxmayan valideynlər, hər şeyə səbəb gətirə və özünə haqq qazandıra bilir. Mənsə bu misraları oxuyan hər bir kəsə deyirəm, səslənirəm - günahkarsınız. Sizə öyrədiləndən fərqli olaraq günahkar bir başqası, ya da Allah deyil, sizsiniz. Sizsiniz, çünki güclü olmağı istəmirsiniz, çünki öz həyatınızı yaşamaq istəmirsiniz, çünki təbiətin sizə verdiyi yeganə üstünlüyü, mübarizə əzmini inkar edirsiniz.

Elə bilməyin ki, yorulan tək sizsiniz, siz tək deyilsiniz. Gəlin bir olaq, birlikdə Azərbaycan olaq. Unutmayaq ki, hamı hər şeyə görə günahkardır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar