Xəyanət sizin, sədaqət bizim olsun!

Lady X

13-12-2016, 14:19 Oxunub: 594
Xəyanət.. Eynilə azadlıq kimi, xəyanət də birmənalı qəbul edilən məvhum deyil. Azadlığın hər insan üçün ifadə etdiyi məna fərqli olduğu kimi, xəyanətin də mənası insandan insana dəyişir. Amma mahiyyət dəyişmir, xəyanət xəyanətdir. Biri ruhu ilə edir xəyanətini, biri əqidəsi ilə, biri iradəsi ilə, biri yolu ilə və biri də bədəni ilə.

Xəyanətin mənə görə azı-çoxu, böyüyü-kiçiyi, yüngülü-ağırı yoxdur, heç bir xəyanət bağışlanacaq qədər kiçik deyil. Hər xəyanətin ödənilməli olan bir bədəli var. Təbii ki, ödəniləcək bədəl də insandan insana dəyişir. Bəziləri çox rahatlıqla qəbul edə bilir edilən xəyanəti. Çünki həmin insanlar buna böyük bir hadisə kimi baxmır. Onlar üçün bu ona görə adi bir hadisədir ki, özləri də eynisini başqalarına edir. Dostuna, yoldaşına, mübarizəsinə, yoluna, fərq etməz. Amma mütləq edirlər o xəyanəti. Xəyanəti o insan qəbul etmir ki, o insanın lüğətində xəyanətin “x”na belə yer yoxdur. Sədaqətin var olduğu lüğətdə, başqa heç bir sözə, heç bir düşüncəyə ehtiyac qalmır.

Xəyanəti bağışlamayan insan, güclü insandır. Xəyanəti bağışlamayan insan, xəyanət etməyəndir. Xəyanəti unutmayan insan, ədalətli insandır. Bəli, məhz ədalətli. Biz daim bunu inkar etsək də, dünya çox ədalətli dünyadır. Ədaləti pozanlar gec ya da tez mütləq öz cəzasını çəkir. Yalnış edən insan da, gec ya da tez, öz yalnışının bədəlini ödəyəcək. Çünki biz etməsək belə bunu, təbiət ana edəcək. Təbiət ana acımasızdır. Burada ədalətdən başqa heç bir şeyə yer yoxdur. Ədalət acımasız olmağı tələb edir.

Xəyanətlər müxtəlifdir dedik... 

Düşünürəm ki, ən iyrənc xəyanət səbəbsiz ediləndir. Səbəbsiz dediyim, anlıq, nəfsani istəklərlə, heyvani instinktlərə dayananlardır. Yoluna xəyanət edən insan, demək ki, bu yolda həqiqətən, ürəyi ilə heç zaman olmayıb, sadəcə olduğunu sanıb o yolda və şəraitin yaratdığı bir anlıq zəiflikdə özünü biruzə verib. Dostlarına xəyanət edən insan, demək ki, onlara qarşı həmişə içində qara bir nöqtə olub və bir zaman yetişib ki, paxıllığı xəyanətə zəmin hazırlayıb. Var düşüncəsi ilə xəyanət edən insan, hansı ki, heç zaman dəyişməyəcək. Hər zaman beynində böyük bir çuxurla yaşayacaq. Rəhbərinə xəyanət edən insan, sədaqətin böyüklüyünü heç zaman anlamayıb, bir zamanlar sevdiyi rəhbərinə qarşı eqosu yaranan insandır. O insan əgər sədaqətin insanı necə ucaltdığını anlasaydı, ortaya eqo girməzdi və eqosu onu xəyanətə sürükləməzdi. Bir də var ki, özünə xəyanət edən insanlar, onlardan heç danışmağa da dəyməz.

Əvvəldə dediyim kimi, ən iyrənc xəyanət, anlıq nəfs ilə edilən xəyanətdir.

Digər sadaladıqlarım səbəb və nəticədən ibarət idi, yəni o insanların gözündə. Amma bədənsəl xəyanətə heç bir səbəb yoxdur, o sadəcə nəticədən ibarətdir. O insanlar ən zəif, ən iradəsiz, ən alçaq insanlardır, cinsiyyətindən asılı olmayaraq. Ən adi, amma həm də ən böyük xəyanət nəfslə ediləndir! Böyükdür ona görə ki, heç bir məqsəd, heç bir düşüncə olmadan, sadəcə iradəni isifadə edərək qarşı qoya biləcəyin hislərə təslim olursan.

Xəyanət bağışlanmaz yalnış, silinməz iz, sağalmaz yaradır. Nə yazıq ki, bir çox insan bu xəstəliyə yoluxmağı özü seçir. Seçim etmək biz insanlara verilib. Hər kəs öz seçimini yaşayacaq, öz seçiminin gətirdiyi bədəli çəkəcək.

Uzun sözümün qısası, doğru yolda olan insanların həyatında, xəyanətə təslim olan insanlara yer yoxdur!

Xəyanət sizin, sədaqət bizim olsun!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar