Tanrı olmağın yolu

Lady X

17-03-2016, 19:40 Oxunub: 552
Mən peşəmi, sənətimi sevirəm. Sevdiyim üçün də, heç zaman iş başında olanda öhdəliklərimə məsuliyyətsiz yanaşmamışam. İnsan gərək sevdiyi sənətdə özünü göstərə, hər kəsin təhsilli, "alim" olmasına ehtiyac yoxdur.

Sevgin maşın düzəltməyədirsə, niyə yaxşı bir maşın ustası olmayasan ki? Niyə sevməyə-sevməyə gedib müəllimlik (mühəndis, iqtisadçı və s.) ixtisasını seçib, özünü orda sınamağa çalışırsan axı? Cəmiyyət deyər ki, "filankəsin oğlu universitetə girmədi?" Valideynlər deyər ki, "camaatın uşağı filan yerdə oxuyur?" Niyə sənin üçün cəmiyyətin fikirləri, qınaqları birinci dərəcəlidir? Onlar nəinki ikinci, üçüncü - heç bir dərəcəyə sahib olmamalıdırlar.

İndiki zamanda Azərbaycanda demək olar ki, heç bir sahədə yaxşı ixtisaslaşmış mütəxəssis yoxdur. Razıyam, təhsilin səviyyəsi çox yüksək deyil, təhsildə nöqsanlar çoxdur, amma bəlkə səbəb gətirməyi daha qoyaq qırağa, bir özümüzə baxaq? Axı dedim, heç bir sahədə işini sevən, yaxşı bir mütəxəssis yoxdur. Dərzi olmaq üçün, kimya-biologiyanı bilmək lazımdır ki, təhsildə nöqsan axtarırıq? Usta olmaq üçün ingilis dilini bilmək şərtdirmi? Əgər hər kəs oxuyacaq, təhsil alıb iqtisadçı, müəllim, həkim, mühəndis, politoloq, diplomat və s. olacaqsa, digər sahələrdə kim çalışacaq? Kim çoban olacaq? Dərzi? Bənna? Bərbər? Zərgər? Bunlar sənət deyil?

Hər birimiz gözəl paltarlar geyinmək istəyirik, hansı ki, onu dərzi tikir. Çadırda yox, evdə yaşayırıq, hansı ki, onu usta tikib. Saçımızın qaydasında olmasını istəyirik, hansı ki, onu bərbər edir. Gözəl zinyət əşyaları taxmaq istəyirik, hansı ki, onu zərgər hazırlayır. Bəs onda nədir bu sevmədiyimiz peşələrdə ömrümüzü, hədəflərimizi, xəyallarımızı öldürmək?

Sevmədiyi işdə işləyənlərin çox gözəl bildiyi bir şey yazacam. Yaşayarkən cəhənnəmi dadmaq. Ölməyinizə ehtiyac yoxdur, bu cəhənnəmə getmək üçün. Günah işlətməyinizə də ehtiyac yoxdur burda olmaq üçün. Sadəcə istəmədiyiniz bir işdə çalışmağınız kifayətdir. Ruhunuzun çıxıb, qıraqdan sizə qəzəblə baxıb, daimi üsyan etdiyi bir vəziyyət... İnsanın ömründən ömür gedir. Hər bir iş günü bir ömürə bərabər olur. İşləmək, əziyyət çəkmək insanlar üçün onsuz da xoş bir şey deyil. Sevmədiyin bir işdirsə, bir düşünün, nələr baş verir. Qısaca, insanın başına gələcək ən böyük şanssızlıqdır. Hansı ki, bu şansı yaratmaq imkanını bizə Tanrı vermişdi.

Sevmədiyiniz bir işdə işləyib yaxşı pul qazana bilərsiniz, amma heç zaman uğur qazana bilməyəcəksiniz. Uğur özünü o işə tamamilə verəndə, sevgini və həqiqi əməyini ortaya qoyduğunda gəlir. Heç kim sevdiyi sahədə fəaliyyət göstərmədiyi üçün, cəmiyyət olaraq irəli getmək bir yana, daim geriləyirik.

İnsan sevdiyi bir işdə çalışsa, həyat tam fərqli olar. Xəyalınızı reallaşdırmanın və istəyinizə çatmağın verdiyi xoşbəxtlik, sizi natamamlıq kompleksindən xilas edər. İstəklərinizə olan əminliyiniz daha da möhkəmlənər. Çünki düşünərsən ki, "mən istədikdən sonra hər şeyi gerçəkləşdirəcəm". Daimi bir motivasiyanız olar işinizə, həyata. Bu isə peşənizdə uğurlu olacağınız deməkdir.

Enerjiniz yüksək olar, insan heç sevdiyi bir şeyi edəndə enerjisi tükənərmi? Boşluq yaşayarmı? Bunlar olduğu zaman, siz, özünüzdən əmin olarsınız, bu, o deməkdir ki, siz qərarlarınızda qəti olarsınız.

Bəli, mən bilmədiyiniz bir şeydən söz açmadım. Hamınız bilirsiniz, hər gün yaşayırsınız bunu. Enerjisiz, tükənmiş, həvəssiz və yorğun... hər gün eyni iztirabı çəkirsiniz. "Çıxış yolu nədir deyə" niyə düşünmürsünüz?!

Bu həyat bizim həyatımızdır. Söz haqqı yalnız və yalnız bizə verilib. Valideynlər, qohumlar, bizi qınayan tanışlar, bizə örnək göstərilən "camaatın uşağı" bu həyatı bizim yerimizə yaşamayacaq. Onda daha niyə "camaat nə deyər" düşüncəsi ilə sevdiyimiz, seçdiyimiz peşədən uzaq durmalıyıq? Biz gözləyirik ki, valideyn, o, bu, kimsə bizə hansısa sahəyə gələndə göstəriş versin, imkan yaratsın. Xeyr, belə olmamalıdır. Çıxış yolu budur ki, kimdənsə imkan yaratmasını gözləmək yerinə, özümüz yaratmalıyıq bütün olar və olmaz imkanları.

Açılacaq bir qapı gözləməyin. O qapını özünüz açın, aça bilmədiniz qırın. Amma bir şəkildə o qapıdan keçin. Hədəflərinizin arxasınca getməkdən çəkinməyin. Niyə? - Hər təqdirdə bir həyatımız var. Əgər seçimimiz düz olmasa da, seçim etməyib olanla razılaşsaq da o həyat "əldən gedəcək". İtirəcək nəyimiz var ki? Amma seçimimiz düz olduğu təqdirdə qazanacaq uğurumuz çoxdur.
Son olaraq bunu deyim ki, əgər insanlar sevdiyi və seçdiyi sahədə ixtisaslaşsa, hər biri öz sahəsinin Tanrısı olar.

Sizə Tanrı olmağı arzulayıram.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar