Böyük İsgəndərlə mənim fərqim - analarımız

Lady X

23-11-2015, 19:45 Oxunub: 717
Ana... Cənnəti ayaqları altına alan ana...

Heç düşündünüzmü niyə cənnət məhz anaların ayaqları altına sərilir - bir qadının, ya da gənc bir qızın yox, məhz ananın ayaqları altına? Çünki bir qadın bətnində övladını böyütməyə başlayanda, övladı ilə birlikdə Tanrının ona verdiyi gücü də böyüdür. Elə bir güc ki, bütün qeyri-mümkünləri mümkün edir, “yox”ları hə, “hə”ləri yox edir. Bəli, bu güc sadəcə analara məxsus olur və bu gücün qarşılığında Tanrı cənnəti anaların ayaqları altına sərir.

Bəs o gücdən bizim niyə xəbərimiz yoxdur və ya bu gücü analarımız nəyə sərf edir?!

Bizim cəmiyyətimizdəki analar güclərini sadəcə oğullarını sevdiyi qızdan ayırmağa və qızlarını daha varlı bir oğlana ərə verməyə sərf edir. Bəli, bunlara sərf edirlər. Niyə bunlara sərf edirlər bilirsiniz? Çünki sahib olduqları o möhtəşəm gücün fərqində deyillər.

Böyük İsgəndəri böyük edən kim idi? Ya Çingiz Xanı? Ya da elə Hitleri və Leninin özünü? - Anaları. Onların həyatlarını araşdıranlar bilir ki, İsgəndərin anası onun hökmdar olacağına inanırdı və öz oğlunu buna inandırmışdı. Leninin anasıda “sən çox böyük olacaqsan və qardaşının intiqamını alacaqsan” demişdi və Lenini buna inandırmışdı. Bəs biz niyə İsgəndər ola bilmədik,  ya da Çingiz Xan? Fərqimiz nədədir? Bizim də 2 gözümüz və 1 ürəyimiz var. Fərqli olan beynimizin ölçüləri idi? Yox. Bizim onlarla tək fərqimiz analarımızdır. İsgəndəri böyük bir fateh olacağına inandıran anasıyla bizim böyük ola bilməyəcəyimizə inandıran analarımız. Onlar hər gün bizi, biz övladları başqalarının bizdən daha yaxşı olduğuna inandırırlar – “Sən bunu edə bilməzsən, bunu bacarmazsan, o iş sənlik deyil, bu sənətdə sən yüksələ bilməzsən, onu oxuya bilməzsən” və s. Bunlar hamımızın hər gün eşitdiyimiz sözlərdir. Bizi məhv edən bunlardır. İçimizdəki inancı böyüməyə qoymadan, qıran və hətta bəzilərimizdə özümüzə olan güvəni yox edən.

Bizi məhv edən analarımızın sahib olduqları gücün fərqinə varmamalarıdır. Onlar o gücün fərqinə varsaydılar, indi hər şey çox fərqli ola bilərdi. Mən (biz) bəlkə də böyük bir hökmdar idim, ya da çox istedadlı bir sənətkar. Bəlkə də elmə yeni ixitralar gətirmiş bir alim. Amma indi sadəcə istəklərimi yazmaqla yetinirəm.

Samuraylar niyə daim üstün olublar bilirsiniz? Çünki samuraylarda analar övladlarını hələ balacalıqdan üstün olduqlarına inandırırdılar. Samuray qadınının əsas vəzifəsi, övladlarına üstün və böyük olduqlarını anladıb, onları buna inandırmaqdır.

Mən bu gün çox böyük mənəviyyata və gücə sahib biri deyiləm, nə də başqalarından üstün, bəlkə gələcəkdə belə olacam, amma indi deyiləm. Çünki anam, cəmiyyətimizdəki analar, məni bunun əksinə inandırıblar. Mənim bu gün güclü bir hökmdar və ya istedadlı bir sənətkar olmamağıma səbəb anamın içində daşıdığı gücün böyüklüyündən xəbərsiz olmasıdır.

Mən övladlarımın çox böyük olacağını əminliklə deyirəm. Çünki mən, anamın (analarımızın) əksinə, içimdə daşıdığım qeyri-mümkünü mümkün edəcək o sonsuz gücün fərqindəyəm. Və bu güclə övladlarımın üstün olduğunu onlara deyəcəm, onları hər kəsdən üstün bir gücə sahib olduqlarına inandıracam.

Mən gələcəyin Çingiz Xanının anasıyam. Mən Mozartın, Edissonun, Pikassonun, Nitsşenin anasıyam..!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar