Ədalətin gözü bağlıdır

Lady X

12-08-2015, 17:37 Oxunub: 1508
Ədalət Tanrıçasının gözləri bir parçayla bağlıdır. Əlindəki tərəzi ədaləti və onun taraz bir şəkildə bölünməsini göstərir. Bəs digər əlindəki qılınc nəyi ifadə edir?

Niyə ədalətdən yazdım, bilirsiniz? - Oturdum bu gün Azərbaycanı düşündüm. Varlısını və kasıbını, məmurunu və işsizini, haqlısını və haqsızını. Düşündüm hamının tez-tez dilinə gətirdiyi, amma nə olduğunu bilmədiyi ədaləti. Həqiqətən ədalət nədir axı? - Ədalət haqqın qorunması və yerinə yetirilməsidir. Haqlı və haqsızın ayırd edilməsidir. Tarix boyu ən mübahisəli olan sahələrdən biridir ədalət. Çünki ədalət demək insanın layiq olduğunu yaşaması deməkdir. İnsanlar həmişə laiq olduqlarından artığını tələb edib, yeri gələndə zorla ələ keçirdiblər. Bax budur ədalətin pozulması. Biz insanlar ədaləti görməzlikdən gəlib, bir-birimizi yeyib, bitiririk yüz illərdir. Hələ də davam edirik. Ölkəmizdə olduğu kimi, min cür oyunlarla, intriqalarla insanların həyatı zindana çevrilir. Azad düşüncəylə, bir-birimizi anlayaraq yaşamaq varkən...

Kainatın ruhu ədalətdir. Ona görə də, içində ədalət olmayan hər bir iş, gün gəlir tərs-üz olur.

Bəli, Azərbaycanın hazırkı sosial vəziyyətində ədalətdən danışmaq gülüncdür. Amma dedim axı, içində ədalət olmayan hər şey məhv olmaga məhkumdur.

Qədim Yunan mifologiyasında “Ədalət Tanrıçası” gözü bir parçayla bağlı, bir əlində tərəzi, digər əlində isə qılınc olan bir qadın, Themis olaraq qəbul edilir. Kişi gücünün üstünlüyünün qəbul edildiyi dünyada, niyə ədalət qadınla simvolizə edilir, bax bu hamıya maraqlıdır. Mən belə şərh edərdim ki, qadının övlad dünyaya gətirməsi ilə ədalətin təcəlli etməsi, qadının övladına olan məhəbbəti ilə ədalətin sonsuz olması eyni dərəcəlidir. Buna görə də, ədalət Tanrı ilə yox, Tanrıça ilə ifadə olunur. Tanrıçanın əlindəki tərəzi bir çoxumuzun günümüzdəki hüquq sistemindən bildiyi ədalətin tarazlığını simvolizə edir. Qılınc isə bilinənlərin əksinə, cəzalandırmağı yox, ədalətin kəskinliyini və gücünü göstərir.

Bəs Ədalət Tanrıçasının gözu niyə bağlıdır? Ədalətin gözü kor yox, istəyərək bağlıdır. Gözünün bağlılığı onun bilinçli bir şəkildə tərəfsizliyini göstərir. Bəs görəsən ədalətin gözü həqiqətən bağlı olmalıdır ya açıq? Sizcə gözü açıq bir hakim güc qarşısında tərəfsizliyini qoruyub ədalətli ola bilərmi? Məncə, yox. Sadə nümunəsinə hakimlərin güclü və zəif tərəflərdən hansını haqlı seçdiyinə baxaraq görmək olar. Amma istəyərək gözünü bağlayıb, tərəfsizliyi seçən hakim hamıya bərabər nəzərlə baxıb, qərarını sadəcə haqq və vicdanı ilə verəcək. İndi seçim sizindir, ədalətin gözü açıq olsun ya bağlı?

Bir deyim var dilimizdə: “Ədalət kor və topaldır, amma gedəcəyi yerə gec ya da tez mütləq çatır”. Mən deyirəm ki, ədalət, bəli topaldır, gedəcəyi yerə çox zaman gec çatır. Lakin ədalət qətiyyən kor deyil. Hər şeyi görür və təcəlli edəcəyi zamanı gözləyir.

Nə qədər deyilsə də “mərhəmət, mərhəmət”, amma xeyr, bu dünyanı ədalət xilas edəcək. Mərhəməti və ədaləti birlikdə daşımaq olmur. Çünki ədalət tərəziyə qoyur, haqqı olanı verir. Mərhəmət isə “O, yazıqdır, elədir, belədir" deyərək haqqından daha çoxunu istəyir.

Kainatın ruhu mərhəmətlə yox, ədalətlə yoğrulub. Əgər belə olmasaydı, nə xəstəliklər olardı dünyada, nə savaşlar, nə bu qədər ölümlər, nə də bu qədər acılar. Ona görə də özünüzü aldatmayın daha.

Son olaraq demək istəyirəm ki, ədalət gec ya da tez mənzilinə çatacaq. Buna inanın və düşünün bunları.
Şərhlər : 2 Şərh yaz
Vasmoy 12 avqust 2015 21:37  

Cox gozel yazidi. beyendim. uqurlar size

zaur 13 avqust 2015 22:32  

Edaletin qadin tarnisi olmagina maraqli yanasmisiniz xanim.

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar