Azərbaycanın uğursuzluğunun sirri...

Lady X

15-07-2015, 17:35 Oxunub: 1451
Başqa dövlətlərdə əksərən həmin dövlətin uğurunun sirrindən bəhs edən yazılara çox rast gəlmişəm. Bu, həmin dövləti və onun vətəndaşlarını dünyaya yaxşı tanıtmaq və necə bir xalq olduqlarını göstərmək üçün, həm də həmin dövlətin vətəndaşlarını öz ölkələrinə daha da böyük inancla baxmaları üçün atılan addımdır. Təbii ki, bu yazılar yalandan yazılmır. Həqiqət payı çoxdur. Tarixdən bu günə hər şey o qədər gözəl izah edilir ki, baxıb deyirsən, belə də dövlətmi olar?

Bu xalq həqiqətən bunları edibsə, biz niyə etməyək, necə də gözəl sistemdir. Görəsən belə bir sistem bizdə nə zaman olacaq, ya da olacaqmı? Belə bir dövlətin, xalqın, sistemin bizdə olmağı üçün mən nə edə bilərəm?

Sonra düşünürəm və görürəm ki, başqa dövlətlərdə "uğurun sirri" deyə yazılan yazılar Azərbaycanda uğursuzluğun sirri deyə yazılsa daha məqsədə uyğun olar.

Əslində hamının bildiyi və etdiyi şey sirr deyil, amma mən bu uğursuzluğun sirrindən danışmaq istəyirəm sizlərə.

Bizim cəmiyyət keçmişdən bu günə daima rəqabət aparmağı xoşlayıb, amma necə... Biz başqalarının uğuru ilə rəqabət aparmaq yerinə, uğursuzluğu ilə rəqabət aparmışıq. Biz üstün və böyük nailiyyətlər yerinə, cılız və bir o qədər də əhəmiyyətsiz mövzularda yarışa çıxmışıq. Biz digərlərinin qələbəsinin yox, yenilgisinin rəqabətini aparmışıq. Niyə axı başqasının uğurunun, qələbəsinin, böyük nailiyyətinin rəqabətini aparıb irəli getmək əvəzinə, uğursuzluğuna baxıb, o da uduzdu onsuz da deyib sən də irəli getməkdən çəkinəsən axı? Bəli, uğursuzluğumuzun ilk səbəbi budur.

Bir hadisə danışım:

Azərbaycanın hazırki vəziyyətini müzakirə edirdik dostlarla, anidən bir yoldaş qayıdıb söylədi ki, “Şükür etməliyik, Afrika bizdən pis gündədir, aclıq və susuzluqdur, insanlar ölür”. Həmin yoldaş anlamırdı ki, o, məhz elə düşündüyü üçün biz uduzuruq. Biz niyə dövləti Rusiya, ABŞ, Almaniya, İngiltərə və s. ilə yox Afrika ilə müqayisə etməliyik axı? Bu elə savaşa başlamadan savaşı uduzmaqdır.

İkinci bir səbəb isə hamımızın ən böyük problemlərimizdən biri hədəfsizlikdir. O qədər dərin bir hədəfsizliyin içindəyik ki, özümüzə, edə biləcəklərimizə inancımızı itirmişik artıq. Qarşıya bir hədəf, məqsəd  qoymadığımız üçün dərin bir psixoloji böhran yaşayırıq. O qədər dərindir ki, çıxmağa cəhd belə etmirik. Birindən niyə belə olduğunu soruşanda sadəcə bəhanələr gətirir. Çıxış yolu barədə düşünmür. İnsanlar bəhanə demək qədər heç bir işdə qüsursuz deyillər. Biz anlamalıyıq və ətrafımızdakı insanlara anlatmalıyıq ki, heç bir insan önəmsiz deyil. Yaradılışda önəmsiz, lazımsız olan heç bir şey yoxdur. Bəlkə də insanların tək ehtiyacı olan şey nə qədər böyük olduqlarını anlamalarıdır. Onlar anlamırsa, biz anlatmalıyıq. Biz dediyim, hər birimiz ətrafımızdakılara izah etməliyik. Birlik olmaq o qədər güclü bir zəncirdir ki, insan biriləri ilə eyni düşüncəni, eyni hədəfi, eyni istiqaməti paylaşdığını düşünəndə özünü çox güclü hiss edir. Üçüncü səbəb isə budur ki, biz birlik olmaq düşüncəsini artıq itirmişik. Bəli, sual doğur ki, biz bəyəm birlik olmuşuq ki heç? Biz bir zamanlar öz birliyimizi qura bildiyimiz üçün qələbə qazandıq. Azərbaycan xalqı 1988-1991-ci illərdə elə bir dərəcədə birlik olub hədəf qoymuşdu ki qarşıya, bunun qarşısında heç bir güc dayana bilmədi. Hanı o birlik olub, eyni hədəfə, məqsədə sarılan insanlar? Haradadır indi o qadınıyla kişisi eyni düşüncəni mənimsəyib, eyni hədəf uğrunda meydanlara axışanlar? İndi o meydandakılar deyilmi hamımızın şikayət etdiyimiz məmurlar? Onlar deyilmi indi ən böyük haqsızlıqları edib, rüşvət alan? Onların həyat yoldaşı deyilmi sürücüləri ilə ailəsinə xəyanət edib qaçan? Nə oldu o insanlara ki, belə dəyişdilər? Sadəcə hədəfsizlik bizi necə dərin bir böhranın qucağına atdı, gördünüzmü?

Yaxşı bir deyim var, “Hədəfsiz millət, kompassız gəmi kimidir. Hədəfsiz gəmiyə heç bir külək kömək edə bilməz”. Və etmədi. Hədəflərimizi pula satdığımız gün hər şeyden istefa verdik. Mənliyimizdən, şəxsiyyətimizdən, cəsarətimizdən, inancımızdan, sədaqətimizdən və münasibətimizdən. Bəli, məhz münasibətimizdən. İndi dağılan hər ailə qadını ilə kişisi eyni hədəfi daşımayan ailələrdir. İndi bu qədər məişət daxili cinayətin səbəbi qadını ilə kişisi birlik olmağı bacarmayan ailələrdir. İndi bu qədər uşağın psixologiyasını alt-üst edən hədəfsiz ailələrdir. Hər beş gəncdən üçü hədəfsiz, sabaha inancsız və yolunu azmış vəziyyətdədir. Ortaq hədəfi olmayan valideynlər deyilmi cavanlarda depressiyanın səbəbi? Ailələr indi inancın, ortaq hədəfin, birliyin əsasında yox, ondan daha “üstün dəyərin” – pulun üzərində qurulur.

Bəzən belə hallarda olur ki, tərəflərdən birinin böyük hədəfləri olur. Məsələn, kişinin hədəfi olub, qadının hədəfi olmayanda münasibətdə, ya da qadın öz kişisinin hədəfini mənimsəyə bilməyəndə bu münasibətin gələcəyi heç də parlaq olmur. Və əgər kişi öz hədəflərini qadınına qurban verirsə, o kişi sınır və heç zaman xoşbəxt ola bilmir. Sınan kişi mütləq xəyanət edir. Ya da tam əksinə qadında baş verir bunlar. Bəlkə də düşünürsünüz ki, mövzudan uzaqlaşdıq və bunlar lazımsız məsələlərdir. Bu lazımsız dediyimiz məsələlər bizi xalq olaraq uğursuz və gücsüz edib. Birlik ruhumuz qırılıb.

Problemlərdən yazdım, hamı yazır, düzdür. İş odur ki, düşünüb çıxış yolunu ortaya qoyaq... Hamı özünü dəyişdirməklə başlasa işə nəinki ölkədə, dünyada problem qalmaz. Özünüzü sorğulayın, görün ki, yanlış haradadır. Hədəfsiz yaşamaqmı olar? Hədəf qoyun qarşıya. Böyük hədəflərdən qorxmaq lazım deyil. Nə qədər böyük hədəfləriniz olsa, bir o qədər də çox çalışıb, həyata bir o qədər də inancla sarılacaqsınız. Birlik qurmağı bacarın. İnsan birlik olduğu, bir olduğu insanların olduğunu düşünəndə özünü yenilməz hiss edir. Bu yenilməzlik hissi özü ilə cəsarət gətirir. Cəsarətsiz hansı addımı atmaq olar ki?

Son olaraq bunu deyim ki, daim ən böyük uğurlarla rəqabət aparıb, öz müqayisənizi ən üstünlərlə edin. Siz bu dünyaya elə dünyanı xilas etmək üçün gəlmisiniz. Yaşam qayəniz ən yaxşısı olmaqdır. Ən yaxşısı olmaq içinizdəki inancdan asılıdır. İnancınızı itirib, hədəflərinizi heç kimə qurban verməyin. Sizin yanınızda olmağı seçən hər kəs hədəfinizi mənimsəyəcək. Siz elə hədəfinizlə gözəlsiniz.

Tanrı Azərbaycanı qorusun!
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar