Maarifçi monarx

Pünhani Əsgərli

20-04-2018, 00:56 Oxunub: 948
Bizim bir çox universitetlərimiz “monarx”lar tərəfindən idarə olunur.

Bu monarxların akademik dildə adı rektordu. Rektorlar universitetlərin hakimi-mütləqləri olur. Bu monarxların əksəriyyəti tələbələr tərəfindən sevilmirlər. Azadlığınızı maksimum səviyyədə yaşamaq istədiyiniz bir vaxtda bu monarxlar və onların vəzir-vəkilləri (prorektorlar, dekanlar və dekan müavinləri) sizi maksimum səviyyədə bezdirirlər. Düşünməyin ki, sarayı xatırladan universitetlərimizdə sadəcə monarx, vəzir-vəkil və rəiyyət (tələbələr) var. Bu sarayın təlxəklər qrupu da var. Bu təlxəklərin əsas vəzifəsi müxtəlif tədbirlərdə rəiyyəti monarxın qabağına yığmaq, onu və vəzir-vəkili alqışlatmaqdır. Yəni anlayacağınız monarxı əyləndirmək və onun vaxtını xoş keçirməkdir. Bizim sarayların fərqli bir xüsusiyyəti də təlxəklərin sarayda dövlət məmuru kimi geyinib, düz qamətlə gəzməsidir. Monarxın qarşısında isə ikiqat olub əlindən-ətəyindən öpmək istəyirlər. Saraylarımızın dövlət məmurları da var. Onlar monarxın və vəzir vəkilin qarşısında əzilib, rəiyyətə qan uddururlar. Öz natamamlıqlarını elə bağlamağa çalışırlar. Təbii ki, aralarında xalqı düşünən məmurlar da var. Ancaq əllərindən kiçik yardımlardan başqa bir şey gəlmir. Ancaq bir şeyi də deyim ki, bu monarxlar özlərini mütləq monarx olaraq görmürlər, onlar özlərini “maarifçi monarx” olaraq görürlər. Axı onlar elmlə və maariflə məşğuldurlar.

Günlərin bir günü imtahan sessiyasından sonra yenə qrup yoldaşlarımızla təqaüdlərimizə təsir edəcək olan 1-2 balın dərdini çəkirdik. Elə bu zaman carçılar monarxdan xəbər gətirdilər. Hakimi-mütləqimiz fərman imzalamışdı ki, rəiyyətindən kimin təqaüdünə təsir edəcək 1-2 bal problemi varsa, o, sorğusuz-sualsız düzəldiləcək. Tək etməli olduğumuz şey qibleyi-aləmə ərizə ilə müraciət eləmək idi. Bu rəiyyətin çox xoşuna gəlmişdi. Monarx öz rəiyyətini də düşünürdü. Axı nə var bu yazıq rəiyyəti sevindirməyə. Qabağına bir-iki “sikkə” at sevinəcək. Monarxımız da bunu etmişdi. Tarixdə bunun bir analogiyası var idi. I Nikolay 1846-cı il dekabrın 6-da bəy və ağaların hüquqları haqqında reskript (sərəncam) imzaladı.
Bu reskriptdə ilk dəfə olaraq bəy və ağalara məxsus olan bütün torpaqlar irsi mülkiyyət kimi təsdiq edilirdi. “Ali müsəlman silki” nümayəndələrinə torpaq verilməsi onların hüququnun təsdiqi kimi deyil, “monarxın mərhəməti” kimi təqdim edilirdi. Bizim də qaytarılan 1-2 ballarımız bizim haqqımız olduğu üçün deyildi, “monarxımızın mərhəməti” idi.

Universitetlərimizə demokratiya gəlməsi diləyilə.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar