Tarix məğlubları yazmayacaq...

Pünhani Əsgərli

26-06-2015, 14:43 Oxunub: 1493
Əvvəlcə səni görməzdən gələrlər, sonra sənə gülərlər, sonra səninlə savaşarlar və sonra sən qalib gələrsən
Mahatma Qandi

Tarixin böyük müəllimlərindən olan Qandinin bu sözləri müasir dövr Azərbaycan ictimai-siyasi həyatında etatistlərə qarşı olan savaşı ən yaxşı açıqlayan cümlələrdir. Dünyanın heç bir yerində qaliblər sevilmirlər. Çünki onlar az olurlar. Qalib olmaq, güclü olmaq hər kəsə nəsib olmayan böyüklükdür. Təbii ki, qalibiyyətin yolları da çətindir. Bu yolda sizlərə qarşı savaşanlar, sizi ləkələməyə çalışanlar, sizi qısqananlar olacaq. Sizin opponentlərinizin çoxluğu sizin qələbənizi daha da böyük edir. Bu gün bizlərə qarşı olan mücadələ də bunun sübutudur.

Bizlərdən siyasi görüşümüzü, gördüyümüz işlərin səbəbini soruşduqda cavabımız bir olur: “güclü Azərbaycan üçündür”. İdeologiyamızın Etatizm (dövlətçilik) olması isə bunun bariz sübutudur. Əlbəttə bu, böyük bir kəsim tərəfindən qəbul olunmur. Çünki biz onların ağalarına tabe deyilik. Bunun nəticəsidir ki, bizə qarşı savaşa başlayırlar. Qəribəsi burasıdır ki, bizə qarşı bir cəbhə yoxdur. Bizə qarşı bir neçə cəbhə formalaşıb.

İstər sağlardan, istər sollardan, istər anarxistlərdən, istərsə də Azərbaycanın bir neçə müxalif partiyasından bizə qarşı vuruşanlar var artıq. Aldıqları qrantlarla xaricdə istirahət edənlər, burnu qanamamış xaricə mühacirət edənlər, xaricdəki ağaları tərəfindən yalları kəsilən kimi ətrafdakılarına hücum çəkənlər bizim bu yolumuzu bəyənmir hətta qıcıq olurlar. Olmaları da normaldır, çünki biz hər kəsin yanlışını açıqca ifadə edə bilirik. Biz onlar kimi danışmırıq, biz iş görürük.

Biz pula yox ideyaya, iradəyə dayanaraq mübarizə aparırıq. Bizim mübarizəmiz şəxslərlə deyil, bizim mübarizəmiz güclü bir Azərbaycan üçündür. Bizim siyasi ambisiyalarımız yoxdur, biz qrant üçün əl açıb dilənmirik biz yalnz və yalnız dövlətimiz üçün çalışmışıq, çalışırıq və çalışacağıq.

İradənin qalib gəlməyəcəyi bir şey yoxdur. Biz iradəmizlə qalib gələcəyik. İstər solçular, istər sağçılar istərsə də başqaları nə bizə qarşı savaşdıqları müddətcə biz daha da böyüyəcəyik. Çünki mübarizə insanlarıyıq. Sizlər kimi keçmişiylə yox, bu günü və gələcəyi ilə fəxr edən gənclərik.

Bu vaxtdan sonra artıq biz uğur üçün 2 qat çalışacağıq. Lazım olacaq gecələr yatmayacaq, ac qalacaq, amma yolumuzdan dönməyəcəyik. Tarix məğlubları yazmır, sizləri də yazmayacaq, çünki siz artıq məğlubsunuz. Tarix bundan sonra Şəhriyar bəyi, Cavidləri, Aqşinləri, Kamranları, Elvinləri, Həbibləri yazacaq. Biz tarix yazırıq, siz isə çayçıda oturub bizi çəkişdirməyə davam edin.

Unutmayın ki, Etatistləri məhv də bilməyəcəksiniz. Daha da güçlənərək yolumuza davam edəciyik. Hər şey Azərbaycan üçün.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar