Fərqli nəsil

Pünhani Əsgərli

24-05-2015, 12:13 Oxunub: 1179
Hər nəsil özündən əvvəlki nəsil əvvəlkilər tərəfindən tənqid olunur. Elə insanlar olur ki o yüzillikdəki digər insanlar tərəfindən seçilirlər. Çünki onlar o yüzilliyi idarə edəcək, yönləndirəcək insanlardır.

Hər yüz ilin sonlarında doğulan insanların gələcək yüzilin tarixini yazan şəxslər olduğunu iddia etsək yanılmarıq. 20-ci əsrə müsbət və mənfi istiqamətdə (kimin məsələyə hansı pəncərədən baxdığından asılıdır) təsir edən, siyasi tarixdə iz qoyan şəxslərə baxanda Çörçili (1874), Stalini (1879), Atatürkü (1881), Qandini (1869), Müsəddiqini (1882), Lenini (1870), Hitleri (1889), Ruzvelti (1882), Titonu (1892), Mao Tse Dunu (1893), Konrad Adenaueri (1876), Antonio Salazarı (1889), Fransisko Frankonu (1892), David Ben Qurionu (1886 ) və başqalarını görə bilərik.

Bu vəziyyətə ilk dəfə bu spektrdan baxanlar, vəziyyətin o yüzilliyə aid ola biləcəyini, o yüzilliyin şərtlərinin fərqli olduğunu, başqa  bir tərəf isə, bu vəziyyətə baxaraq bir neçə nümunədən istifadə edərək ümumiləşdirmə aparıla bilməyəcəyini deyəcək. Hətta bunların “möhtəşəm bir təsadüf” ola biləcəyini deyənlər də tapılacaq.

Lakin biz, 18-ci əsrə də diqqət yetirəndə eyni oxşarlığı görə bilərik: Metternix (1773), Napoleon (1769). Daha da keçmişə getsək -  17-ci əsrdə beynəlxalq münasibətlərdə yeni bir mərhələ açan Vestfalda iştirak edənlərin, 16-cı əsrin son 25 ilində və ona yaxın bir dövründə anadan olduğunu görə bilərik. 15-ci əsrdə isə Martin Lüteri (1483) görə bilərik.

Yuxarıda göstərilən nümunələrin istisna ola biləcəyini deyənlər olacaq. Biz isə onların arqumentlərini istisna sayırıq.

İbn Xalduna görə tarixin də qanunları var: “Suyun suya oxşamasından çox keçmiş, gələcəyə və bu günə oxşayır”. İbn Xaldunun əqli-nəticəsindən yola çıxaraq deyə bilərik ki, 20-ci əsrin sonunda doğulan, bu günün gəncləri  əvvəlki yüzilliklərdə olduğu kimi, 21-ci əsrə istiqamət verə biləcək şəxslər olacaq.

Bura qədər olan fikirlərimizə gələcək tənqidlərin əsasını “sadəcə siyasətlə bağlı nümunələr göstərirsiniz” fikri təşkil edəcək. “Bəs, ədəbiyyat, mədəniyyət, fəlsəfə, psixologiya, tibb və başqa sahələrdə olan,yüzilliyə istiqamət verənlər hardadır” sualı da səslənəcək. Bu sualın cavabını isə o sahədə təhsil alan və ya çalışan şəxslərə buraxıram. Çünki, mənə görə hər kəs ən yaxşı nəticələri  ancaq və ancaq ixtisasları istiqamətindəki işlərində əldə edə bilərlər.

Bəli, bu günün gəncliyi fərqlidir, çünki çoxu 20-ci əsrin sonlarında anadan olub.

Fərqliyik ona görə ki, bizlər soyuq müharibənin təsirindən hər şeyi ağ-qara olaraq görmürük. Bizə görə fərqli rənglər də var.

Fərqliyik, çünki ən azından fərqliliyimizə inanırıq...
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar