Tanrı şeytanı da sevir

Cavid Əliyev

26-12-2017, 11:44 Oxunub: 2716
"Tanrı şeytanı sevirmi?" sualına cavabı özümdə tapdım. Tanrı şeytanı sevməsəydi, insanı yaratmazdı. Ən azı, insanı yaratdığında onun içinə eqo yerləşdirməzdi. Eqo olmadan şeytanın Tanrıya üsyan etməyə gücü də olmazdı. Anlayardı ki, o, insanı yoldan çıxara bilməyəcək.

Şeytanı sevən Tanrı insanı da eyni səviyyədə sevsəydi, bəlkə də ona eqo verməzdi. Amma Tanrı ədaləti yəqin ki, insan ədalətindən tamam başqadır. Çünki insan "ədalət" deyəndə sevdiklərini qorumağı, onların haqqını ödəməyi nəzərdə tutur. Tanrının ədaləti isə hər kəsə eyni haqqı və şansı tanımaqdır. Dövlət də Tanrıya bənzəyir.

Bəlkə də Tanrı insana eqonu seçim azadlığı olsun deyə verib. Çünki eqo olmadığı halda insanın seçəcəyi və uğrunda özündən belə vaz keçəcəyi tək həqiqət Tanrıdır.

Bəzən oturub düşünürəm ki, Tanrı bizə seçim azadlığı verməsəydi, nə gözəl olardı. İyrəncliklərdən, miskinliyimizdən, cinayətlərdən uzaq olardıq. Şeytanları daşlamazdıq, onları da Tanrıdan bilib sevərdik. Amma eqomuz olduğuna görə şeytana nifrət edib ona qarşı gələrək ona xidmət edirik. Bu qədər cılızıq. Nə Tanrıya, nə şeytana itaətimizi göstərə bilmirik. Eqolarımıza görə başqasının qarşısında əyilən bizik, itaəti pis şey kimi görüb hər gün başqasının qarşısında pul naminə özümüzü əzdirən bizik. Çünki eqo itaətə ziddir. Eqo "tabe ol" deyir, səni kölə edir. İtaət isə ali dəyərin naminə hər şeydən könüllü şəkildə imtina etməyi deyir.

İtaət Tanrıya lazımdırmı? Tanrı itaət istəsəydi, eqonu yaratmazdı. İtaət sadəcə bizə lazımdır. Mübarizəmiz əslində, öz içimizdəki şeytanladır. Dövlət belə eqonun əlində olanda ədalətsiz olur.

Mən etatistəm, mənim ideologiyam mənə deyir ki, dövlət ədalətdir. Ədalət isə Tanrıya xas xüsusiyyətdir. Dövlət bir insan olmadığına görə sistem olduğuna görə Tanrının ədalətini ən gözəl şəkildə icra edən orqandır. Dövlətə eqo ilə yanaşanda dövlət insana bənzəməyə başlayır. Bizim mübarizəmiz insan olmaq mübarizəsi deyil. Biz üstinsan olmaq mübarizəsi aparırıq. İnsanı aşmadan vicdanlı vətəndaş olmaq olmur. Çünki etatizmə görə vicdanlı vətəndaş eqolarını anlayan, qanunları dərk edən varlıqdır. Bu mübarizədə qalib gələnlər Tanrı, məğlub olanlar isə şeytan belə ola bilməyəcəklər. Şeytanın eqosu belə insanın eqosundan alidir. Çünki eqo insanı mübarizəyə səsləmir. "Başını aşağı salıb evində otur, səsini çıxarma, rüşvətini al, pulunu qazan" deyir.

"İctimai işlərdən uzaq ol, passiv ol, vətəninin gələcəyini düşünmə, hər şeydən vacib bir loxma çörəyindir. Xəyanət et, sat torpaqlarını, vacib olan sənsən. Öz ölkəni neynirsən, başqa ölkəyə xidmət et, vacibi sənin alacağın puldur." - Budur eqonun bizə pıçıldadığı nağıllar.

Şeytan isə əksinə, Tanrı ilə insanların üzərindən mübarizə aparır. Bir gün mənə eqoist insanla şeytan arasında seçim etmək məcburiyyəti qoysaydılar, mütləq şeytanı seçərdim. Tanrı şeytanı da, insanı da öz övladları kimi sevir. Yaratdığı hər şeyə özündən bir şeylər üfürüb. Amma bir şeylər də verib ki, ən aşağıdan ən yüksəkliyə qalxa bilsin. Tanrı insanı sevməsəydi, şeytanı yaratmazdı. Tanrı şeytanı sevməsəydi insanı yaratmazdı. Biz isə özümüzü sevdiyimiz təqdirdə Tanrı ola bilməyəcəyik. Mənə görə, etatist olmaq bunları dərk etmək deməkdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar