Həqiqəti yalana çevirdilər

Cavid Əliyev

7-03-2016, 13:25 Oxunub: 728
Həqiqət təkdir və ayrılmazdır. O, bölünmür, hissələri yoxdur, çox rassional olmaqla bərabər, həm də irrasionaldır. Sadədir həqiqət heç bir zaman çətin olmur. Çətin olan sadəcə həqiqəti tapmaq və onu qəbul etməkdir. Həqiqət içində çox fikirliliyi yaşada bilər, amma heç bir zaman özünü inkar etməz.

İnsan o zaman yolundan dönür ki, həqiqətini itirir. İnsan düşüncədən ibarətdir, onun hər şeyi düşüncədir. Dəlilər düşüncələrini itirmiş insanlardır. Kütlәlәr heç bir zaman həqiqətə qaçmayıblar, həmişə yalan eşitmək istədilər. Həqiqət onlara nə qədər izah olunsa da, ancaq yalana inandılar.

Məhəmməd peyğəmbər həqiqətlə yalanların üzərinə gəldi, onları darmadağın etdi. Amma sonra onun qoyduğu din öz həqiqətini itirdi və yenə yalana saplandı. İsa peyğəmbər həqiqəti dediyi üçün çarmıxa çəkildi, amma sonra yalan yenə qalib gəldi. İsanın dedikləri qaldı bir tərəfdə ortaya yalançılar çıxdı. Musa peyğəmbər həqiqəti gətirdiyi üçün firona qarşı çıxdı, yəhudilər isə həqiqəti qəbul etmədiklərinə görə, 40 il səhrada gəzdilər. Ta ki, yalana inanan sonuncu kölə ölənə qədər. Amma sonra yalan bürüdü Musanın həqiqətini, həqiqət yalanların içində itib-batdı.

Budda yalandan yorulub hәqiqәtin arxasınca getdiyi üçün öz sarayını tərk etdi. Həqiqətini tapdı və hamı ilə paylaşdı. Üstündən əsrlər keçdi, insanlar onun həqiqətini daşında axtarmağa başladılar və yenə yalan qalib gəldi.

Qaliley odda yandırıldı; həqiqəti dediyi üçün yandırlıldı. Amma sonunda həqiqət yalana qalib gəldi. Martin Lüter həqiqəti deyirdi. Ona görə, Roma kilsəsi onu təqib edirdi.

Dediyim odur ki, insanlar yalan tələb etdikcə həqiqət həmişə var olub. Hər dövrün həqiqət daşıyıcıları var. Onlar həmişə çıxıb insanlara həqiqəti deyiblər, insanların yalanın, instinktlərin arxasınca qaçmamağını tələb ediblər. Hər dövrün həqiqəti də, təkdir, ayrılmazdır və şübhə altına alınmazdır.

İnsan iki həqiqəti öz içində yaşatmağa çalışanda həqiqəti itirir. Məşhur bir deyim var: İşıq üstəgəl işıq bərabərdir qaranlıq. İki həqiqət olan yerdə heç bir zaman aydınlanma ola bilməz.

Qandi Hindistanda həqiqəti deyəndə ordular ona qarşı çıxdı, onu əzməyə çalışdı. Amma insanlar onun həqiqətləri ilə birlikdə öz "həqiqətlərini" də yaşatmaq istədilər. Nəticədə Hindistan iki yerə bölündü - Pakistan və Hindistan. Cəmiyyət də iki yerə bölündü müsəlmanlar və hindlilər. Amma Qandi ölməmişdən öncə həmin iki tərəf gəlib silahını Qandinin ayağının altına atmışdı. Çünki ortada tək həqiqət var idi: Qandinin gətirdiyi həqiqət.

Həqiqət həmişə yalanla mübarizə aparacaq və qalib gələcək. Hər dəfəsində qalibiyyətdən sonra insan yeni həqiqətlər yaratmaq istəyəcək.

Bu gün Azərbaycanda "həqiqət" deyən o qədər insan, təşkilat və qurum var. Amma onların hansının yalan və ya hansının həqiqət olduğunu anlamaq üçün sadəcə bir şeyə baxmaq lazımdır. Onlar dedikləri şeyləri özləri yaşayırlarmı? Hər kəs gözəl gələcək quracağından danışır, bəs o danışanlar o gələcəyi öz həyatlarında və ətrafında qura biliblərmi?


Hər şey niyyətə bağlıdır. Yaxşı bir cümlə var: niyyətin hara mənzilin də ora. Niyyət öz daxilini yol üstündə göstərər. Azərbaycanda hakimiyyət də, müxalifət də, sadə xalq da, başqa bütün cərayanlar da öz niyyətlərini göstəriblər. Onların hamısı yalandır. Çünki heç biri dediyi və təlqin etdiyi ideyaları yaşaya bilmir. Ona görə ortaya çoxlu "həqiqət" maskası altında gizlənən yalanlar çıxır.

Dediyimiz kimi, işıq üstəgəl işıq, bərabərdir qaranlıq. Həqiqət Mövlana Cəlaləddin Ruminin dediyi kimi, olduğu kimi görünür, göründüyü kimi olur.

Qandi deyirdi ki: "Mənim üçün həqiqət ən önəmli prinsipdir. Bu həqiqət təkcə sözdə deyil, həm də düşüncədədir. Bizim anlayışımızdakı nisbi həqiqət deyil, tam və sarsılmaz həqiqətdir. Şübhəsiz, daimi prinsipdir. Mən hələ onu tapmamışam, amma axtarıram. Və bu axtarışlarda mənə dəyərli olan hər şeyi verməyə hazıram. Həyatımı belə verərəm".

Həqiqət üçün hər şeydən keçməyə hazır olmaq lazımdır. Həqiqət nədir? - Bizim üçün həqiqət təkdir - Azərbaycan. Hamımız şəxsi maraqlarımızdan imtina edib Azərbaycan üçün yaşamağa qərar verəndə bu ölkədə həqiqət bərqərar olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar