Gözünüzə zəif göründük?

Cavid Əliyev

16-02-2016, 15:14 Oxunub: 923
2012-ci ilin may ayında bir qrup gənc yığışıb, Milli Fikir Mərkəzini yaratmışıq, 4 il dayanmadan gəncliyimiz üçün çalışmışıq. 150-dən çox müzakirə, seminar, 20-dən çox aksiya keçirmişik. Gəncləri oxutmuşuq, radikal dinçilərə qoşulan gəncləri düşdükləri tələlərdən xilas etmişik.

Gənclərin söz azadlığını təmin etməkdən ötrü, onlar üçün sayt yaratmışıq və ideologiyasından asılı olmayaraq hər gəncə həmin saytda yer vermişik və hətta yazmağı təklif etmişik. Keçdiyimiz yolda çox əziyyətlər çəkmişik, amma volüntarist olduğumuz üçün dayanmamışıq, çətinliklərə qalib gəlmişik.

Gənclərimizə yalan danışmamışıq, heç bir zaman onları siyasi məqsədlərə görə satmamışıq, Avropadan qrant almaq üçün qabağa verməmişik, tərəfimizə çəkmək üçün utopiya olan fikirlər aşılamamışıq. Vəd verməmişik, quru həqiqət vermişik, o qədər quru ki, yanımızda sadəcə çılpaq həqiqəti qaldıra bilən insanlar qala bilib. Bərabərlikdən, romantizmdən danışıb, başlarını yeməmişik mərd gəncliyimizin.

Dini radikalizmin, ideoloji terrorun, milli ayrıseçkiliyin iç üzünü açıb ortaya qoymuşuq və alternativini irəli sürmüşük. Cəmiyyətə yüzlərlə gənc qazandırmışıq. Bəziləri təşkilatda qalmaq istəməyib, yol açmışıq məsləhət verib, işlərində uğur qazanması üçün köməklik etmişik. Yanımızda olmasalar belə, pula, dəstəyə, hər nəyəsə ehtiyacları olanda kömək üçün əlimizdən gələni etmişik. Onlar da biliblər ki, bizim qapımız açıqdır, çünki bu qapı onların qapısıdır, evləridir, onlar həmişə bizim ailəmiz olaraq qalacaqlar.

Gəncliyin hər şeydən üstün olduğunu deyib, nəsillər arası savaşı qabartmışıq. Demişik ki, köhnə nəsil Azərbaycan gəncinə yer vermir. Onlarla mübarizə üsulunu intellekt və iqtisadi azadlıq kimi göstərib, hər kəsin bacarığı doğrultusunda savadı ilə pul qazanmasına imkan yaratmışıq. Yanımızdakıları heç bir zaman əzdirməmişik. Təşkilat rəhbərliyi həmişə onlardan qabağa keçib, onlara dəyən zərbəni öz üzərinə götürüb.

Bu illər ərzində bizə əks olan ideologiyalara qarşı həmişə dözüm göstərmişik. Heç bir zaman onlar haqqında danışanda təhqirə keçməmişik, intellektual mübarizənin tərəfdarı olmuşuq. Onlar bizə əks olsa da, bəzi vaxtlarda, hətta onlara dəstək də vermişik. Kömək etdiklərimizin adlarını yazmağı ədəbsizlik bildiyimə görə, yazmıram. Amma artıq ədəbin də sonuna çatdığı bir dönəm gəlib. Artıq nə səbr qalıb, nə ədəb sərhədləri.

Bizim gənclərdən biri video paylaşıb və orada köhnə nəslin səhvlərini və kommunist zehniyyətini tənqid (təhqir yox) edib. Amma bəzi özünə kommunist deyənlər, çıxıb gəncimizi və başqalarını təhqir etməyə başlayıblar. "Niyə təhqir edirsiniz?" deyə sual verəndə "xoşumuza gəlmir, edirik" cavabı almışıq. "Nömrəni ver, gəl görüşək" deyəndə, bizim onları döyəcəyimizi iddia ediblər. Qeyri-ciddilikdə ittiham olunmuşuq, amma hələ ki, onların ciddiliyinin nə olduğunu tam anlamamışam. Onlardan nümunə götürüb, onlardan daha ciddi olmağa çalışıb, biz də təhqirə iki qat artıq təhqirlə cavab vermişik. Bizə elə gəlib ki, yəqin onların ciddiyəti təhqirdən ibartədir. Amma təəccüblənmişik, çünki biz ciddiyəti qıraqda kimisə təhqir etmək kimi görməmişik. Ciddiyət bizə görə ortaya qoyulan iş və fəaliyyətdir. Bu arada öz ciddiyətimizi göstərib, hər həftə həmin insanları müzakirələrimizə dəvət etmişik, amma təsir etməyib.

Haşiyə: Dünən bir təşkilatın idarə heyətinin üzvünə zəng vurub deyirəm ki, "Məcid qardaş, sizin üzvlərinizdən biri bizi təhqir edib, "səviyyəsiz" yazıb. Ona deyin bir şəxslə işi varsa, olsun, amma təşkilatı, bütün ideoloji cərayanı bura qatmasın". Cavabında mənə deyir ki, "mən üzvlərimə cavabdeh deyiləm". Deyilsənsə, deyilsən də... Bu da sizin təşkilatçılıq səviyyənizdir. Bu qədər intizamsızlığın içində inqilabdan danışırsınız. Nə deyim?! Sadəcə uğurlar arzulamaq olar...
 
Mənə bilirsiniz nə maraqlıdır. Görəsən biz qeyri-ciddiyiksə, bunların bizimlə nə işi var? Mən heç vaxt ciddi qəbul etmədiyim adamı, təşkilatı yadıma salmıram. Nədir bunların dərdi? Yoxsa bunlar bizi təhqir edib, bizimlə "məzələnə" biləcəklərini düşünürlər? Onları yanıltmalı olacam. Çünki bu təhqirlərin cavabı hər müstəvidə verilə bilər. Hüquqi müstəvidə belə...

İndi "qeyri-ciddi" biz, "ciddi" yoldaşlarımıza uğurlar arzulayırıq. İntellektual mübarizə istəsələr, adam kimi danışmağı öyrənsələr, onları masa arxasına dəvət edərəm. Gəlsinlər intellektlərini göstərsinlər və əgər düz çıxa bilsələr və masanın arxasında bizə qarşı arqumentləri qalsa, həmin an onların tərəfinə keçəcəm və onlar kimi sevmədiyim insanları təhqir etməyə başlayacam. Amma əmin olun ki, onlar heç öz arqumentlərinə belə güvənməyəcək qədər acizdirlər. Çünki həqiqətə söykənmirlər, inandıqları dəyərlər saxta və yalandır. Yalan olduqları üçün mübarizə üsulları lağ-lağadır. Əsl qeyri-ciddilik özünə güvənməyən insanlarda olur.

P.S: Bu "facebook"u çıxaranın atasına lənət. Adam qalır belə. Nömrə istəyirsən yazmır, "etmə" deyirsən monitorun qarşısında pələng olur. Amma yenə də sağolsun Marks Zukerberq, hamının iç üzünü ortaya qoymağa şərait yaratdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar