Dünyanın sütunu bizik

Cavid Əliyev

8-05-2015, 17:44 Oxunub: 1972
Həyat acımasızdır. Bu dünyada gördüyün hər şey acımasız, duyğusuzdur. Acımasızlıq qəddarlıq deyil, təbiətin qanunudur. Soyuq da, isti də, yay da, qış da sadəcə təbiətin qanunu ilə işləyir.

Duyğulu qış təsəvvür edin. Ayrıseçkilik edən soyuğun birini dondurmasını, başqasına isə mərhəmət etməsini təsəvvür etmək mümkün deyil. Amma ahəng nə qədər mükəmməldir. Hər şey öz yerində, olmalı olduğu kimidir. Hər hissəcik öz yerini tutub.

Təbiət ayrıseçkilik etmir və öz ədalətini göstərir. Ayrıseçkilik edən sadəcə bizik, insanlar. İnsanların ən böyük problemləri onların duyğuları, hisləridir. Duyğular bizim üçün nə qədər gözəl olsa da bir o qədər təhlükəlidir. Bütün ədalətsizliklər, cinayətlər duyğularla hisslərin üzərində dayanır... Hislərinə hakim olan və onların köləsi olmayan cəmiyyət təsəvvür edin. O cəmiyyətdə paxıllıq, lazım olanından daha artığını istəmək kimi anlayışlar yoxdur, bu, hətta gülüncdür.

Ədalət rəmzi sayılan, bir əlində qılınc bir əlində isə tərəzi tutan qadının gözü bağlıdır! Ədalətin duyğusu olmur! Ədalət heç bir zaman mərhəmət etmir, çünki mərhəmət daha çox haqsızlığa yol açar. Mərhəmət etmək şahların şan şöhrəti sayılır, amma məhz mərhəmət edən şahların, haqsızlığa göz yumanların sonu dar ağacı ilə qurtarırdı. Çünki təbiət hər zaman ədaləti yenidən bərqərar edir.

Duyğulardan, hislərdən danışan insanlara fikir verin, onların hansı öz həyatında xoşbəxtdir? Mən bütün əminliyimlə deyirəm: heç biri. İnsan təkcə bədəndən ibarət deyil, insan içində bütün kainatı sığdırmış bir möhtəşəmlikdir! Güclü olmağın yolu ədalətli olmaqdan keçir. Amma ən böyük ədalət özünə qarşı olmalıdır. Hər axşam özünə hesab verməyən, səhvlərinə görə özünü günahlandırmayan, cəzalandırmayan insan başqalarına qarşı ədalətli ola bilməz.

İnsanlar ona görə mərhəmət edirlər ki, onlar özləri də mərhəmət etdiyi insanın səhvlərini ya ediblər, ya edirlər, ya da ki, mütləq edəcəklər. Həyat mənə mərhəmət etməyib, daim öz ədalətli üzünü göstərib, səhv edəndə dərhal əzib, düz edəndə isə yolumu açıb.

İnsanların həyatlarında səhvlər də, düzlər də daim olur. Biz o səhvləri düzəltmək əvəzinə həmin səhvlərin sayını çoxaldırıq. Sonra isə həyatdan şikayətlənib, özümüzü görmədən ədalət tələb edib, almayanda həmin mükəmməl qurulmuş sistemə "ədalətsiz" deyirik.

Mən demirəm. Artıq şikayət etməkdən də vaz keçmişəm. Özümü gözü qapalı, əlində qılınc tutan ədalətə buraxıram. Çünki artıq səhv etməkdən yoruldum. Sadəcə səhv etməkdən yorulan insanlar ədalətdən qorxmazlar. Hər zərrə öz yerindədir. Mükəmməlik də elə budur. Zərrə yerində olmasa sistem necə işləyəcək? Bizə seçim haqqı verilir, biz isə o sistemdə yer almağı seçmək əvəzinə özümüzə çılpaq yalanın, illuziyanın üzərində qurulan sistem yaradırıq. Sonra başımıza gəlməyən iş qalmır. Həyatımızın sonuna qədər anlamırıq ki, bütün həyatımızın yaradıcısı elə bizik. Bütün bunlara baxmayaraq sistem bizsiz də mükəmməl şəkildə işləyir.

Baxın, mən dünyanın sütununu tapdım! Bu dünyanın sütunları bizik, özümüz. Virusu isə hisslərimizdi.
Şərhlər : 1 Şərh yaz
Adil 20 sentyabr 2016 23:24  

Məncə,Elə strateji hədəflər qoyulmalıdır ki,tarixdə layiqli yeri olsun,əhsən sizə

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar