Sən bu kitabı oxumalısan

Azər Həsrət

14-05-2016, 12:03 Oxunub: 755
Bəyaz zanbaqlar ölkəsinə ilk dəfə 2009-cu ildə getmişdim. Xoşuma gəlmişdi. Helsinki və ətrafında 5 günlük səfərimiz yaddaqalan olmuşdu. Ümumiyyətlə isə bu ölkəni – Finlandiyanı və insanlarını çox bəyənmişdim.

Ötən ay (aprel, 2016) Finlandiya mövzusu yenidən mənə tuş gəldi. Öncə Helsinkidə keçirilməsi nəzərdə tutulan dünya mətbuat azadlığı günü – 3 may tədbirləri üçün səfər hazırlıqlarına başladım.

Ardından da Milli Fikir Mərkəzindəki gənc dostlar Qriqoriy Petrovun “Bəyaz zanbaqlar ölkəsində” adlı kitabının təqdimatına dəvət etdilər. Bu kitab birbaşa Finlandiya ilə bağlıdır. (Orijinal adı: Финландия, страна белых лилий).

Kitabın təqdimatından bir həftə sonra yenidən Finlandiyaya gedəcəyim də bəlli olduğu üçün onu əldə edib oxumaq, nə üçün bu gənclərin diqqətini çəkdiyini özüm üçün müəyyən etmək istəyirdim.
Təqdimata qatıldım, kitabı hələ oxumadığım üçün haqqında bir söz demədim. Amma söz verdim ki, mütləq oxuyub fikirlərimi paylaşacam.

Elə də etdim. Vaxt azlığından kağız üzərində kitab oxumaq imkanım olmadığı üçün internetdən e-variantını tapıb, tabletimə qeyd etdim ki, yolda oxuyum.

Bir az Bakıda olarkən oxudum. Qalanını da Bakı-Kiyev, Kiyev-Helsinki təyyarəsində həll etdim.

Gəldiyim qənaət doğrudan da diqqətə dəyərdir.

Kitab çox sadə bir mövzunu əhatə edir. 150 il öncəsinin Finlandiyasında cəhalət, nadanlıq hökm sürür. Digər yandan da müstəqilliyin olmaması finlərin inkişafını əngəlləyir. Onlar daim işğalı altında olduqları isveçlərdən ikinci növ insan münasibəti görür. Fin gəncləri əsgərlikdə belə bir qayda olaraq aşağılanır, təhqir edilir.
Fin kəndlisinin yaşadığı ev qaranlıq və bərbad bir komadır. Normal pəncərəsi belə yoxdur bu evin. Üfunət iyi verir daim.

Kişilər bir qayda olaraq içkiyə qurşanıb. Xəstəliklər tüğyan edir. İndiki dildə desək, millətin genofondu təhlükə altındadır. Bu gedişlə fin milləti bir müddət sonra ümumiyyətlə yox olub gedə bilər.

Bütün bunları görən, anlayan və çıxış yolunu bilən fin gəncləri də yox deyil. Snelman adlı bir gənc ortaya çıxır, özü kimi gəncləri başına toplayıb bütün Finlandiyanı ayağının altına alır. Bu gənclər yerlərdə camaatı toplayıb onları maarifləndirir. Sözün əsl mənasında hər cür xəstəliklə mücadilənin mümkünlüyünü göstərir, insanlarda milli qürur hissini, özünəinamı oyadır. Onları inandırır ki, finlər heç də başlarının üzərində ağalıq edən isveçlərdən aşağı millət deyil.

Bu gənclər finlərin oxuyub savad yiyəsi olmasını ən başlıca çıxış yolu kimi görür.

Daha sonra kitabda konkret örnəklərlə bu cəhalətdən qurtulub uğur qazanmış insanlar haqqında danışılır. Bunlardan biri Yarvinendir. Digəri isə Karokep. Başqa obrazlar da var. Bu insanlar fərqlidir. Amma sonda hamısı uğurlu, normal obrazlardır. Birisi normal yolla normal həyat qurub. İkincisi isə cinayət aləmindən gəlib, tövbə edib, özünə iş qurub və insan kimi yaşamanın yolunu tapıb.

Bu kitabda kasıb bir şirniyyatçının böyüyüb necə bir iş adamına çevrilməsi olayı da ayrıntılarıyla təsvir edilir.

Ümumi mənzərə bundan ibarətdir ki, nadan və cahil finlər sadəcə maariflənməklə, eyni zamanda özünə hörmət qoymağı öyrənməklə həyatın dibindən sıyrılıb yüksəlir, yüksəldikcə də millətin özünə inamı artır. Adam oxuduqca özünü onların yerinə qoyur, düşünür və bu günümüzün gerçəkliklərilə tutuşdurur. Doğrudur, indi nə finlər o finlər, nə də Finlandiya o Finlandiya deyil. İndi dünyanın ən rahat, ən azad ölkələrinin önündə gedən, inkişaf etmiş, seçilən bir Finlandiya və fin xalqı var. Əlbəttə ki, Snelman və onun kimi gənclərin hesabına. Məhz onların 150 il öncə başlatdığı maarifləndirmə hərəkatı bugünkü Finlandiyanın təməlini təşkil edir.

İstər-istəməz bu kitabın coğrafiyasını Azərbaycana da daşımaq olar. Bizdə də o dönəmlərdə eyni cəhalət, nadanlıq vardı. Biz də finlər kimi işğal altındaydıq. Bizim də irəli çıxmaq istəyənlərimizin başından basırdılar. Və bizdə də maarifçi insanlar önə çıxıb millətin gözünü açırdılar.
Bütün bunlar öz yerində, amma düşünürəm ki, kitabın mövzusu günümüz Azərbaycanı üçün hələ də çox aktualdır. Tez-tez yaşamından şikayət edən, kasıblıqdan əziyyət çəkən insanlara rast gəlirəm. Onlara iş qurmanın yollarını da göstərirəm. Amma aldığım cavab məni üzür: xırda bir işlə nə qazanmaq olar axı?

“Bəyaz zanbaqlar ölkəsində” adlı kitabda bu sualın cavabı o qədər aydın verilib ki, onu oxuyub anlamayacaq insan gərək ki, daha heç kimi günahlandırmaya. Ona görə də bu kitab sadəcə elm adamları, ziyalılar üçün deyil, hər bir sadə insan üçün də çox faydalıdır.

Ordu, biznes, məmurlar, dövlət, maariflənmə, xəstəliklərlə mücadilə, sağlam həyat tərzi – bir sözlə bir insana gərək olan hər bir məsələnin izahı və yolu bu balaca kitabda öz əksini tapıb.

Oxudum, sevdim bu kitabı. Özünə karyera qurmaq istəyən, haradan və necə başlamaq haqqında sual qarşısında aciz qalan gənclərə dönə-dönə tövsiyə edərdim.
Hə, bir də onu qeyd edim ki, böyük Mustafa Kamal Atatürk nahaqdan bu kitabın oxunmasını tövsiyə etmirmiş. Bunun səbəbini kitabı oxuyan hər kəs dərhal anlayacaq.

Gənclərə, özəlliklə də bu təşəbbüsü gerçəkləşdirən Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadəyə təşəkkür edirəm. Bu gənclər küçə qaragüruhundan fərqli olaraq maarifin, elmin gücünü yaxşı bilir, yaxşı təbliğ edir. Məhz belə gənclərin oyanıqlığı, sağlam baxışları bir çox gənclərimizi uyuşdurucu, yanlış din bataqlığı, gərəksiz küçə hərəkətlərindən çəkindirməyə, doğrudan da sağlam və savadlı həyat qurmağa yardımçı olur.

“Bəyaz zanbaqlar ölkəsində” Milli Fikir Mərkəzinin Etatizm Akademiyasının ilk nəşridir. Uğurlu başlanğıcdır. Gənclər vəd edir ki, belə kitabların nəşrini davam etdirəcəklər. Mən də vəd edirəm ki, onların bütün nəşrlərini eyni həvəslə izləyəcək, oxuyacaq və başqalarının da oxuması üçün təşviq edəcəyəm.
Onu da əlavə edim ki, elə Şəhriyar Məcidzadə də öz komandasıyla günümüzün Snelmanıdır məncə.

Sözümü kitabın üzərində yazılmış bir çağrıyla bitirmək istərdim: Sən bu kitabı oxumalısan.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar