Rusiyaya əzələ nümayişi, yoxsa?..

Azər Həsrət

17-03-2016, 12:18 Oxunub: 521
Bəzi qüvvələr Prezident İlham Əliyevin martın 15-də Türkiyəyə etdiyi çox uğurlu səfəri gözdən salmağa çalışır. Təbii ki, buna nail ola bilmirlər və bilmələri də mümkün deyil. Çünki cənab Prezidentin bu səfəri o qədər yerində və uğurlu alındı ki, həm Türkiyə, həm də Azərbaycan ictimai rəyində birmənalı dəstək və təqdir görməkdədir. O baxımdan, istər Türkiyədə, istərsə də Azərbaycanda bu səfərə hansısa formada tənqidi yanaşmağa cəhd edənlər ciddi ictimai qınaqla qarşılaşır, susmağa məcbur olur.

İşi-gücü çamur atmaq, Azərbaycan dövlətinin uğurlarını gözdən salmaq olan qüvvələr hər yola əl atır. Amma nə etsələr də alınmır. Bunu görüb qəti əmin olduqları üçün, Prezident İlham Əliyevin bu səfərini Rusiyaya, Vladimir Putinə meydan oxumaq kimi yozmağa başlayıblar.

Doğrudanmı bu səfər Putinə meydan oxumaq üçün edildi? Doğrudanmı İlham Əliyev bu gedişlə tərəfini qəti şəkildə müəyyən etdiyini göstərmək istədi? Doğrudanmı bundan sonra Rusiyayla münasibətlərimiz Rusiya-Türkiyə münasibətlərindən asılı olacaq?

Məncə, əsla! Cənab Prezidentin bu səfəri əsla Rusiyaya meydan oxumaq, Putinə yerini göstərmək məqsədi güdmürdü. Əksinə, gərgin Rusiya-Türkiyə münasibətlərinin dialoq məcrasına yönəldilməsi üçün gərəkli idi.

Ümumiyyətlə isə, Azərbaycanın “Rusiya və ya Türkiyə” kimi bir seçim qarşısında qaldığını iddia etmək olmaz. Ölkəmizin hər iki dövlətlə münasibətləri yüksək səviyyədədir və onların heç biri Azərbaycanı küncə sıxıb “ya mənimləsən, ya da mənə qarşısan” tələbi irəli sürmür.

Qardaş Türkiyədə hər kəs yaxşı anlayır ki, Azərbaycanın Rusiyayla münasibətlərində yaranacaq istənilən soyuqluq ölkəmizin ciddi zərərinədir. Ona görə də Türkiyə siyasi zirvəsi müstəqillik dönəmində heç vaxt bizi belə seçim qarşısında qoymayıb və qoyması da ağlabatan deyil.
Öz növbəsində Rusiya da yaxşı anlayır ki, Türkiyə Azərbaycan üçün vazkeçilməz bir dövlətdir. Bu baxımdan Rusiya siyasi zirvəsi də Azərbaycanı Türkiyəylə münasibətlər məsələsində seçim qarşısında qoymayıb və qoyması da mümkün deyil.

Bu gerçəyi hər iki dövlətdə bizim kimi anlayırlar və Azərbaycana münasibətdə mütləq nəzərə alırlar. Bu isə o deməkdir ki, nə Türkiyə, nə də Rusiya ölkəmizin öz müstəqil seçimindən vazkeçməsi üçün səy göstərmir.

Bütün bunlarla yanaşı, cənab Prezidentin bu səfəri nəinki Rusiyaya əzələ nümayişi deyil, əksinə, o dövlətin bu gün ciddi ehtiyac duyduğu bir məsələnin həllində gərəklidir.

Azərbaycanın hər iki dövlətlə çox yaxın əlaqələrinin olması, Prezident İlham Əliyevin şəxsən hər iki dövlətin başçılarıyla dostluq münasibətləri imkan verir ki, Rusiya-Türkiyə münasibətlərindəki gərginlik aradan qaldırılsın. Hazırkı şəraitdə bu münasibətlərin yaxşılaşdırılmasında ən ciddi rolu oynaya biləcək tək siyasi lider İlham Əliyevdir. Görünür, bunu Rusiyada da, Türkiyədə də yaxşı anlayırlar.

Ona görə də Rusiya ictimai rəy generatorları Prezident İlham Əliyevin Türkiyə səfərinə yumşaq münasibət sərgiləməkdədir. Bura Rusiya əsgərlərinin məhz Prezident İlham Əliyevin Türkiyəyə səfər etdiyi gün Suriyadan çıxarılmağa başlamasını da əlavə etsək, coğrafiyamızda çox gərəkli bir prosesin getdiyini birmənalı deyə bilərik.

Son olaraq belə qənaətə gəlirik ki, cənab Prezidentin Türkiyə səfəri sadəcə terrora uğramış qardaş ölkəyə dəstək deyil, həm də Rusiya-Türkiyə münasibətlərinin normallaşması baxımından çox böyük tarixi hadisədir. Zaman gələcək, bu səfər ən ciddi tarixçilər, siyasətçilər, təhlilçilər tərəfindən bugünkündən də yüksək qiymətini alacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar