Ankaranı kim partlatdı? Ehtimal…

Azər Həsrət

14-03-2016, 10:58 Oxunub: 446
Ankarada yenə də partlayış oldu. Təfsilatı geniş işıqlandırılmaqda olduğu üçün, üzərindən keçirəm. Yalnız bunu kimin, hansı qüvvənin etdiyi üzərində dayanmaq istərdim. Ehtimallar var. Mənim də ehtimallarım var.

Bir çoxlarına görə, bu terrorun arxasında Rusiya dayanır. Tutarqa kimi Türkiyənin Rusiya uçağını vurmasından sonra münasibətlərin pisləşməsi göstərilir. Ağlabatandır. Çünki Rusiya məntiqlə bu və ya digər şəkildə Türkiyədən səs gətirən qisas almalıydı. Bura Rusiya prezidenti V.Putinin davamlı olaraq Türkiyəni emosional şəkildə hədəfə almasını da əlavə etsək, quzey ayısının belə bir terrorun arxasında ola biləcəyi ehtimalı daha da möhkəmlik qazanar. Haqlı olaraq. Yəni görünən odur ki, Rusiyanın Türkiyədən alacağı qisası var, üstəlik, Suriyadakı Türkiyə düşməni qruplarla işbirliyi içindədir, deməli, onların əlilə Ankaranı qana bulaya bilər.

Elə fevralın 17-də Ankarada baş vermiş terror zamanı da bu ehtimallar güclü şəkildə təbliğ edilirdi. Bütün qərb mediası səs-səsə verib olayın arxasında Rusiyanın olma ehtimalını həvəslə tirajlayırdı.
Amma burada daha maraqlı bir məqam çoxlarının diqqətindən qaçır. Yaxud da bilərəkdən arxa plana keçirilir: Türkiyə Prezidenti R.T.Erdoğanın planlanan Azərbaycan səfəri.

Fevralın 18-i üçün səfər nəzərdə tutulmuşdu, Ankarada partlayış bir gün öncə – 17-də baş verdi. Ağır bir olay Erdoğanın Azərbaycan səfərini ertələməsinə səbəb oldu.

İndi də Erdoğan martın 15-də Bakıya gəlməlidir. Terror ayın 13-də baş verir.

Anlaşılan odur ki, hansısa qüvvələr Türkiyə prezidentinin Azərbaycana səfərini əngəlləmək istəyir. Bəli, məhz bu sonuc, məncə, daha qabarıq şəkildə nəzərə çarpır. Bəlli olduğu kimi, Erdoğanın Bakı səfərində Türkiyə-Azərbaycan Yüksək Düzeyli Strateji İşbirliyi Konseyinin V toplantısı keçiriləcək. İndi bir anlığa düşünək ki, belə bir yüksək düzeyli toplantı kimin işinə yaramaz? Təbii ki, həm Azərbaycanın, həm də Türkiyənin ortaq düşmənlərinin. Bu, məsələnin bir tərəfi.

Digər tərəfdən də xatırladaq ki, Rusiya-Türkiyə münasibətlərindəki gərginlikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin bu iki böyük dövlət arasında münasibətlərin ilıqlaşmasında roluna ciddi zərurət yaranıb. Onun son aylardakı təmaslarını və çalışmalarını yaxından izləyənlər birmənalı deyə bilər ki, İ.Əliyev bu rolun öhdəsindən böyük ustalıqla gəlməkdədir. O, davamlı olaraq Moskva və Ankarayla danışıqlar aparır, ayrıntıları açıqlanmasa da, iki ölkə arasındakı münasibətlərin istiləşməsinə çalışır və görünür, bu işdə irəliləyiş də var. Elə isə Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşması kimin işinə yaramır? Bax, Ankaradakı fevral və indi də mart terrorunun arxasında məhz o qüvvələrin olması ehtimalı heç də zəif dəyərləndirilməməlidir.

Burada əsas məqsəd, təbii ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin bərpasını əngəlləməkdir. Bir az dərin düşünəndə isə daha bir məqsədin konturlarını da görə bilərik: Azərbaycan Prezidentinin vasitəçilik rolunu heçə endirmək.
Əgər məhz Prezident İ.Əliyevin vasitəçiliyi sonucu Rusiya ilə Türkiyə umu-küsünü bir qırağa qoyub ortaq məxrəcə gələrsə, bu, onun qlobal səviyyəli siyasət adamı olduğunu bir daha təsdiqləməklə, mövqelərini daha da möhkəmləndirmiş olardı. Həm ölkə içində, həm də qlobal səviyyədə. Təbii ki, belə bir uğurdan sonra qərbin İ.Əliyevlə güc mövqeyindən danışması daha da çətinləşmiş olardı.

Bütün bunları diqqətə alaraq belə ehtimal edə bilərik ki, Ankara terror olaylarının arxasında Rusiya-Türkiyə münasibətlərinin normal məcraya düşməsini, bu işdə Prezident İ.Əliyevin uğurlu vasitəçiliyini həzm edə bilməyən qüvvələr dayanır.

Təkrar sual edək: kimdir onlar?

Məncə, hər kəs bunun qərb mərkəzləri olduğunu anlamışdır artıq.

O zaman, əgər belədirsə, nə etməli? Məncə, R.T.Erdoğan heç nəyə baxmadan bu dəfə Bakıya gəlməli, yüksək düzeyli görüşləri və toplantıları keçirməlidir. Ki, bunu istəməyən güclərə onlardan çəkinmədiyini göstərsin.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar