"Talış bölücüləri"

Azər Həsrət

11-03-2016, 12:07 Oxunub: 394
Son günlər yenə də Azərbaycan mediası bizə düşmən olduğu şübhə doğurmayan mərkəzlərin ölkəmizi qarışdırmaq üçün ortaya atdığı cəfəngiyatın ardınca sürünür. Yenə də Moskvada adının belə çəkilməsinə layiq olmayan hansısa bir zat İrəvanda keçirilmiş hansısa bir tədbirə qatılıb, talışların adından danışıb və ermənilərlə talışları qardaş adlandırıb. İddia da edib ki, bu iki xalqın nicatı birləşib türklərə qarşı mübarizə aparmaqdadır.

Bu, şəxsən mənim üçün yeni bir şey deyil. Çünki Moskvanın xüsusi xidmət orqanlarının bəslədiyi o zatları da, onların ermənilərlə qardaşlığını da yaxşı bilirəm. Onların Bakıdakı uzantıları ara-sıra mənə də sataşırlar, cavablarını da verirəm, gedirlər işlərinin ardınca.
Bu üçbucağın bir bucağı da Moskva və İrəvanla birlikdə Tehranda yerləşir və ümumi xordan geri qalmamağa çalışır.

Hər üç tərəf, təbii ki, çirkin məqsədlərə xidmət edir. Onların əsl məqsədi Azərbaycandakı qardaşlığı, çoxmillətli, çoxmədəniyyətli, xoşgörülü ortamı gərginliyə sürükləmək, suyu bulandırıb ağalarının balıq tutmasına yardımçı olmaqdır.

Yəni bunlar talışların adından danışsalar da, azacıq düşüncəsi olan adam dərhal anlayır ki, əsas məqsəd o deyil.

Belə cəhdlər təkcə talışların adından edilmir. Ləzgilərin, avarların, tatların, kürdlərin və başqa azsaylı xalq və etnik qrupların adına da bu cür ürəkbulandırıcı fəaliyyət göstərənlər var. Koordinatlar isə yenə də eynidir: Moskva, Tehran və İrəvan.
Hər üç dövlətin Azərbaycanla bağlı özəl maraqları var və onlar, bir qayda olaraq, üst-üstə düşür. Düşməsə belə, qarşılıqlı şəkildə bir-birilərinin işinə yarayır.

Bu üçlüyün əsas məqsədi, təbii ki, insanların milli hisslərilə oynamaqdır. Yəni, baxın, görün, talışların haqqı tapdanır. Guya onlar ikinci növ vətəndaş münasibəti görür və s.

Halbuki Azərbaycanda nəinki talışların, ümumiyyətlə heç bir başqa etnik qrup və xalqın ikinci növ vətəndaş münasibəti gördüyü yoxdur. Bəlkə də var, amma o da ölkənin titul milləti – türklərdir. Azlıqların elə bir probleminin olduğunu heç kim iddia edə bilməz.

Lakin sözüm bunda deyil. İş ondadır ki, Azərbaycan mediası və ictimai rəyi bu təxribatçıların toruna düşür. Özü də həvəslə. Onların məqsədi stəkanda fırtına yaratmaqdır. Bunun üçün Azərbaycan mediasının qapıları da həmişə üzlərinə açıqdır.

Biz anlayırıq ki, media azadlığı olmalıdır. Amma axı niyə unuduruq ki, təxribatçılar üçün tribuna rolunu oynamamalıyıq?
Baxıram, bəzi xəbərlərdə, şərhlərdə “talış separatçıları”, “talış bölücüləri” ifadələri keçir. Hardadır o bölücülər? Görən olubmu? Ümumiyyətlə, Azərbaycan daxilində hansısa talışın bu dövləti, bu xalqı parçalamaq üçün hər hansı hərəkətini görmüsünüzmü? Bir Əlikram Hümbətov vardı, zamanında onu da Azərbaycan dövlətinə sadiq talışların özləri zərərsizləşdirdilər.

Talışlar da, digər azsaylı xalqlar da bu ölkədə hamı kimi eyni həyatı yaşayır. Ona görə də Moskvadan, Tehrandan, İrəvandan ortaya atılan iddialarla Azərbaycan xalqının bölünməz tərkib hissəsi olan azsaylı xalqlara münasibətdə “separatçı”, “bölücü” ifadələrini əsla işlətməməliyik.
Hansısa sapıq bu torpağın çörəyilə böyüyüb, sonra gedib özünü ermənilərə satıbsa, onun iddialarını əsas tutub mənsub olduğu (bəlkə də heç mənsub deyil – A.H.) etnik azlığın hisslərinə toxunacaq ifadələrə yol verməklə, əslində, həmin sapığa xidmət etmiş oluruq. Bu baxımdan diqqətli olmalıyıq. Adam zatən guya talışların adına İrəvandan Bakıya xəbər göndərirsə, burada Amerika kəşf etməyə gərəkmi var?

O cür adamları Azərbaycan etnik palitrasının ayrılmaz tərkib hissəsi olan azlıqların adıyla deyil, öz adlarıyla çağırmaq lazımdır: erməni uzantıları. Yəni məsələ bu qədər sadədir.

Sözardı: Məncə, belə iddialara hamıdan öncə elə o etnik azlıqların nümayəndələri cavab versə, yaxşıdır. Çıxsınlar, desinlər ki, ay filankəs, sən kimsən ki, bizim adımızdan danışırsan?
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar