Soyadımıza biganəlik haqqında

Azər Həsrət

9-02-2016, 14:30 Oxunub: 750
Soyad bir millətin pasportudur. Özəlliklə də dünyada tanınmaq, seçilmək istəyən millətlər soyadlarından bərk-bərk yapışarlar. Ki, ölkədən kənara çıxanda ilk təmasdan milli kimlikləri aydın sezilsin.

Bizim də soyadlarımız milli pasportumuz ola bilərdi. Amma hələ də olmur. 25 ildir Azərbaycan müstəqil bir dövlətdir. Sovetlər yoxdur, rus əsarətindən də çoxdan qurtulmuşuq. Milli özünüdərkin möhkəmləndirilməsi yönündə dövlət xeyli iş görüb. Vətəndaşlarımız da passiv sayılmazlar. Diqqətə dəyər xeyli müsbət işlərin görüldüyünü iddia edə bilərik.

Hətta müstəqillik yeni qazanıldıqdan sonrakı ilk illərdə belə milli özünüdərklə bağlı problemlər vardı. O problemlərin hər biri yavaş-yavaş həll edildi. Ötən yüzilin 90-cı illərində dövlət idarələrində yazışmaların rus dilində aparılması yəqin ki, hər kəsin yadında olar. Bakıda, bir çox rayon mərkəzlərində və iri şəhərlərdə insanların çoxunun rus dilində danışmağa üstünlük verməsi də artıq tarix olub. Yəni Azərbaycan addım-addım milli kimliyinə doğru hərəkət edib, arzu olunan sonuclara da nail olub. Amma bütün sahələrdə deyil. Özəlliklə də soyad sahəsində.

Bəzən TV kanallarımızda, xəbər saytlarında 5-10 yaşlı uşaqları göstərirlər, haqlarında danışırlar. Təqdimatda həmişə diqqətimi çəkir ki, 10 uşaq təqdim edildiyi zaman onlardan ən yaxşı halda 3-nün soyadı milliləşdirilmiş olur. Yerdə qalan 7 nəfərin soyadı isə ruscadır. Heyrət edirəm buna. Sovet dövründə doğulmuş insanların soyadlarının rusca olması anlaşılandır. Amma müstəqillik dönəmində belə uşağına rusca soyad verən ata-ananı anlamaq şəxsən mənim üçün çox çətindir.

Yaxud da bəzi TV kanallarında aşıqları göstərirlər. Onların arasında məktəb uşaqları da olur. Saz və söz sevən birisi olaraq belə verilişlərə həvəslə baxıram. Həm də həvəslə bərabər qəzəb də məndən əl çəkmir. Çünki saz, söz adamı kimi efirə çıxanların da soyadlarında rus istilasının əlamətləri hələ də qalır. Halbuki Sovet dövründə belə ən tanınmış şairlərimiz, yazıçılarımız, aşıqlarımız əksərən rus soyad sonluğundan imtina etməyə özlərində cəsarət tapmışdılar. Kimisi rəsmi olaraq soyadını milli ünsürlə təmin etmiş, kimisi də bunu etməyə çətinlik çəkdiyindən özünə milli ləqəb götürmüşdü. Yəni saz, söz adamları əllərindən gələni edirdilər ki, soyadlarında yad ünsür olmasın.

Bugünümüzdə isə baxıram ki, 15 yaşlı aşıq şəyirdi efirdə göstərilir, soyadının sonunda rus boyunduruğu Sovet dönəmində olduğu kimi yerindədir! Heyrət edirəm buna, vallah, heyrət!

Aşığın, şairin ruhu milli kimliyinə yad ünsürün qarışmasına izn verməməlidir! Amma hələ də bu ünsür bir boyunduruq kimi boynumuzdan asılı qalır…

Məni heyrətləndirən başqa bir kəsim isə milliyyətçi cameəyə aid dostlarımdır. Adamlar Oğuz Xaqandan, Dədə Qorquddan, Turandan, Türk birliyindən yazırlar, danışırlar, amma soyadlarındakı rus ünsüründən imtina etmirlər! Bunu anlamaq şəxsən mənim üçün ən imkansız bir məsələdir!

Bəzi dostlarımla bu yöndə söhbətlərim də olub. Kimisi iddia edib ki, ailəsinin illərdir daşıdığı soyaddan imtina edə bilmir, kimisi də sonundakı rus ünsürünü atarsa soyadının eybəcər səslənəcəyini deyir. Mənsə onlara izah etmişəm ki, şəxsən öz soyadım ən pis səslənən, amma hər şeyilə Türk olan bir sözlə ifadə edilsəydi, bundan qürur duyar, onu ürəkdən sevərdim. Demək istədiyim odur ki, milləti sevmək, onun uğruna çalışmaq bütöv olmalıdır. Mənim soyadım rus ünsüründən arındırıldığı zaman pis səslənəcək deyib də bəhanə uydurmaqla millətçilik olmaz!

Ümumiyyətlə isə, əlinə qələm alan, yazan, efirə çıxan hər kəs soyadındakı rus ünsüründən imtina etməlidir. Sənət adamları – aktyorlar, müğənnilər, xanəndələr də özlərini məhz milli soyadlarla tanıtmalıdır. Özəlliklə də Türk kimliyi üzərinə özünü tanıtmağa çalışan deputatlar, sənət adamları bu məsələdə hər kəsə örnək olmalıdır. Bəzən kiminsə hansısa üzrlü səbəbdən (Hərçənd bunun nə üzrü ola bilər ki? – A.H.) bunu etməsində problem varsa, o zaman özlərini ata adlarıyla təqdim edə bilərlər. Filankəs oğlu, filankəs qızı kimi. Buna da zaman, bürokratiya bəhanəsi uydurmaq mümkün olmaz yəqin ki.

Bu arada onu da qeyd edim ki, Azərbaycan dövləti soyadların milliləşdirilməsi üçün ən asan yolu təmin edir. Üstəlik, buna görə heç bir ödəmə də tələb edilmir. Qalır tənbəllikdən, biganəlikdən imtina edib soyadımızı rus əsarətindən qurtarmaq. Əgər bunu da etməyə əriniriksə, bizim başımıza nə gəlirsə, yaxşı olur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar