Ermənilər üçün statistika istehsal edənlər

Azər Həsrət

19-08-2015, 18:57 Oxunub: 912
Belə bir durum var ki, əgər rəqiblərin, bədxahların sənin haqqında heç nə danışmır, heç nə yazmırsa, deməli bitmisən.

Bəli, istər düşmən, istər bədxah, istərsə də rəqiblərin səninlə bağlı müzakirə açır, öz əxlaq(sızlıq)larını ortaya qoyursa, doğru yoldasan.

Buna builki mətbuat bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən “Əməkdar Jurnalist” fəxri adına layiq görüldükdən sonra bir daha və qəti əmin oldum.

Yazdılar, təhqir etdilər, normal tənqid edənlər də oldu. Amma bütün bunların fövqündə bir gerçəyi də aşkar etmiş oldum. Məni təhqir edənlər sadəcə öz içimizdən olanlar deyildi, bir qrup erməni də onlarla səs-səsə verdi, dəridən-qabıqdan çıxdı. Maraqlı tandem idi...

Ötən yazılarımın birində də qeyd etmişdim ki, bu təhqir kampaniyasının önündə, nə qədər təəssüfləndirici olsa da, bir vaxtlar mənim də işlədiyim “Azadlıq” qəzeti gedir.

Getsin, zatən sürünmək üçün yarananlar uça bilməzlər. Bunlar da sürünsünlər.

Bütün bunlar öz yerində, sözüm bunda deyil.

Artıq neçə həftədir ki, bu məsələni yazıb-yazmamaq haqqında götür-qoy edirəm. Sonunda qərara gəldim ki, yazım. Yazım ki, ictimaiyyət daha bir həqiqətdən bir daha xəbərdar olsun.

Yuxarıda qeyd etdiyim kimi, “Azadlıq” qəzetinin başbilənləri məhz 22 İyul – Milli Mətbuat Günündə mənə öz ağıllarınca badalaq vurmaq üçün bir videomontaj yayınlamışdı. Ki, baxın, Azər Həsrət dünən bu “rejimi” yıxıb-sürüyürdü, bu günsə “tərifləyir”.

Çoxu saxta profillərdən olmaqla yüzlərlə şərh (əslində, təhqir) yazıldı bu videonun altında. Eyni qaydada yüzlərlə bəyəni və paylaşım gəldi. Hətta o həddə ki, ermənilər əməlli-başlı bayram etdilər. Elə bu yazımın yazılmasına səbəb də ermənilərin “Azadlıq” qəzetinin tərbiyəsizliyindən vəcdə gələrək toy-bayram etməsidir.

Tvitterdə mənim hər hərəkətimi zərrəbinlə yoxlayan bir neçə erməni var. Onlar haqqında adətən yazmıram. Əməllərinə də baş qoşmuram. Düşməndir, zatən belə davranması təbiidir. Heç yazdıqlarına da reaksiya vermirəm. Amma fərqinə varıram ki, onlarla “Azadlıq” qəzeti bir-birilərinə pas ötürməkdən də qalmırlar.

Sözümün canı var.

“Azadlıq” qəzeti məlum təhqir kampaniyasını başladandan bir neçə gün sonra, məhz mənim doğum günümdə, məlum ermənilərin öndə gələni bir paylaşım etdi. “Azadlıq” qəzetinin düşmən üçün xüsusi canfəşanlıqla istehsal etdiyi statistikanı paylaşdı erməni.

Yazırdı ki, “Azər Həsrət, 1186 nəfər bunu “bəyənir”. 1245 paylaşım var. 32 min baxış olub. Elə bilirəm, adamlar öncəki “səni” daha çox bəyənib...”

Ermənilər üçün statistika istehsal edənlər

Erməninin həvəslə paylaşdığı bu statistika “Azadlıq” qəzetinin istehsalıdır. Facebook-da yayınlanmış videodan söhbət gedir. Ermənini sevindirən rəqəmlər sonrakı günlərdə bir qədər də artıb.


Bir erməninin mənə qarşı olması, əleyhimə olan hər cümləni əldə bayraq etməsi normaldır. Zatən düşməndir.

Bəs “Azadlıq”ın əməlini hara yozaq? Necə olur ki, bir zamanlar Azərbaycan milli azadlıq hərəkatının tribunası olmuş, milyonların sevə-sevə oxuduğu, güvəndiyi bu qəzet indi düşmən ermənilərin sevimlisinə çevrilib?

Yaxud da əsas hədəfi bu “rejim” olan Əli Kərimlinin divar kağızı niyə işini-gücünü atıb Azər Həsrətə zaman xərcləyir?

Olmaya, əsas hədəfdən birdəfəlik əllərini üzüblər? Bəlkə İlham Əliyev hakimiyyətinin yenilməz olduğunu yüzdə yüz dərk etdiklərindən o hakimiyyətə heç bir rəsmi bağlılığı olmayan Azər Həsrəti hədəf almaqla siyasi mübarizəni imitasiya edirlər?

Qınamıram, mümkündür ki, mənə qarşı təşkil etdikləri təhqir kampaniyasının məğzi elə budur. Bu yerdə onlar üçün şəxsini bəyənməsəm də bəzi fikirlərinin haqlı olduğunu qəbul etdiyim Adolf Hitlerdən bir sitat vermək istərdim: “Bir adam “ideya” dediyi şey uğrunda 30-40 il mübarizə aparıb hər hansı bir uğur qazanmayıbsa və rəqibini məğlub edə bilməyibsə, bu 30-40 illik nəticəsiz məşğuliyyət onun qabiliyyətsiz olduğunun açıq dəlilidir”.

Necə də doğru deyib, deyilmi? Bu gün Əli Kərimli elə təxminən 30 ilə yaxındır ki, “rejim”lə mübarizə aparır, ortada heç bir nəticə yoxdur. Hitlerin sözü olmasın, bu adam qabiliyyətsizdir. Qabiliyyətsizliyini ört-basdır etmək üçünsə, heç dəxli olmadan Azər Həsrətə qarşı söyüş kampaniyası təşkil edir. Və bu kampaniyada tərəfdaşları da saxta Facebook hesabları və ermənilərdir...

Haradan hara, Əli Kərimli?...
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar