Əli Kərimlinin söyüş batalyonu üçün yazı

Azər Həsrət

30-07-2015, 21:00 Oxunub: 757
Beləliklə, təşəkkür edirəm. Prezident İlham Əliyevə təşəkkür edirəm ki, 21 illik jurnalist fəaliyyətimi dəyərləndirdi. Mənə də “Əməkdar Jurnalist” fəxri adını layiq bildi. Ad-san arxasınca qaçan, bundan ötrü qapılar döyən birisi olmasam da.

Prezident İ.Əliyev böyüklük etdi, cılız təfəkkürdən, xırda hesablardan uzaq olduğunu bir daha göstərdi. O, həmişə bəyan etdiyi kimi hər bir vətəndaşın Prezidenti olduğunu əməlində növbəti dəfə sübut etmiş oldu.

Bir prezidentin zatən belə olması lazım. Şəxsinə olan münasibətdən deyil, dövlətə, millətə münasibətdən çıxış etməyi bacaran lider böyük adamdır, əsl Öndərdir!

Prezident İlham Əliyev belə bir Öndərdir! Hərçənd onun Şəxsinə də sayğım gün kimi aydındır, buna görə kimsəyə hesab verəcək də deyiləm.

Bu gün üçün Azərbaycanın ən uyğun lideri məhz Odur! Bunu açıqca, birmənalı, nala-mıxa vurmadan demişəm, deyirəm və deyəcəyəm!

Mövqeyim birmənalıdır! Ancaq “Əməkdar Jurnalist” fəxri adına layiq görüldükdən, cənab Prezidentin bu təltifi şəxsən təqdim etməsindən sonra ortaya elə adamlar elə iddialar atdılar ki, sanki mən üzdə bir, arxada başqa mövqedəyəmmiş!

Bu iddiada olanların böyük çoxluğu məni ümumiyyətlə tanımayanlar olduğu üçün onlarla işim yox. Çünki bu adamlar yanlış təbliğatın qurbanıdır, dayaz insanlardır, siyasətdən anlamazlar. İşim onların bu səmimiyyətindən vicdansızca sui-istifadə edənlərlədir.

“Əməkdar Jurnalist” adına layiq görülməyim bir də şəxsimə olan ictimai marağı təkrar təsdiqləmiş oldu. Açığı, düşünmürdüm ki, bu qədər maraqla izlənirəm. Təbii, bilirdim ki, müəyyən siyasi dairələr, özəlliklə də Qərbdən qidalanan bəzi şəxslər və qurumlar mənim hər kəlməmi, hər addımımı zərrəbinlə yoxlayır, bir səhv tutmağa çalışırlar. Lakin unudurlar ki, bütün əməllərim üzdə olduğu kimi və üzdə olduğu qədərdir. Heç bir zaman gizli, bağlı qapılar arxasında iş çevirmədim, çevirmərəm də.

Əməkdarlığımı ilk “təbrik” edən məlum erməni qrupu oldu. Tvitterdə hər zamanki kimi atmacalı bir paylaşım etdilər. Mən də hər zamankı kimi görməzlikdən gəldim, baş qoşmadım. Amma yenə də hər zamankı kimi növbəti “zərbəni” bu erməni qrupuyla sinxron fəaliyyət göstərən “Azadlıq” qəzetindən gözləməyə başladım.

Sağ olsunlar, çox gözlətmədilər. Bir video paylaşdılar. Dünənimi və bu günümü müqayisə etdilər. Yəni, baxın a, Azər Həsrət dünən hakimiyyət haqqında necə sərt danışırdı, bu günsə onları tərifləyir. “Tərifləməyimi” də Az.TV-yə verdiyim müsahibədən kadrlarla sübut etdilər.

Tərifmiydi mənim müsahibəm? Təbii ki, yox. Sadəcə təşəkkür idi. Üstəlik qeyd edirdim ki, öz dövlətimin məni mükafatlandırmasına çox sevinirəm. Xarici dövlətlərdən mükafat gözləyən bəzi jurnalistlərdən fərqli olaraq. Təbii ki, belə hallarda səni təltifə layiq görmüş şəxsə təşəkkür edərsən. Mən də Prezident İ.Əliyevə təşəkkür etmişəm. Etməliydim də. Buna görə kimsənin də məni qınamağa haqqı yoxdur.

İndi adamlar iddia edir ki, guya bu yolla Prezidentə yaltaqlanırmışam. Gülməkdən uğunub getmişəm doğrusu. Birincisi ona görə ki, cənab Prezidentin mənim yaltaqlanmağıma qəti ehtiyacı yoxdur. İkincisi də ona görə ki, mən zatən onun siyasi kursunu açıq şəkildə dəstəkləyirəm, onun yanındayam və bu siyasi mövqeyimi həmişə ən uca səslə dilə gətirirəm. Yəni belə bir durumda içi boş “qazanlar” kimi guruldamağıma, yaltaqlanmağıma heç bir gərək qalmır.

“Azadlıq” qəzetinin bu əxlaq dışı təbliğatına Əli Kərimlinin söyüş batalyonu həvəslə qoşulub. Bu adamlar artıq bir həftədən çoxdur ki, öz ana-bacılarını, əzizlərini söydürmək yarışına girişiblər. Mən onların heç birinə reaksiya vermirəm. Çünki çirkabdır, palçıqdır, bulaşmaq istəmirəm. Amma bu Əli Kərimliyə də acımağım gəlir. Bir zamanların ən parlaq, ən perspektivli siyasi lideri görün nə hallara qaldı!

Vaxt vardı, “Azadlıq”ın təbirincə desək dünən, mən onu dəstəkləyirdim. Özü də ən pis günlərində onun yanında olmuşam, başımı balta altına belə qoymuşam. Amma sonradan öyrənəndə ki, bu adam mənim kimi neçə-neçə tərəfdarını alver predmetinə çevirib, ondan birdəfəlik üz döndərdim. Çünki öz tərəfdarlarına xəyanət edən bir liderin arxasınca gedilməz!

Ondan fərqli olaraq İlham Əliyev heç bir tərəfdarına xəyanət etməyib! Prezidentin bütün siyasi karyerasında ona sonadək sadiq olan elə bir insan tapa bilməzsiniz ki, İ.Əliyev həmin adamı dəftərlərdən silsin, gözdən salsın, qaralasın! Olmayıb! Amma liderlik məsələsində İ.Əliyevlə heç bir şəkildə müqayisəyə gəlməyəcək Əli Kərimli isə ən sadiq tərəfdarlarını dəfələrlə satıb, xərcləyib və bu gün də həmin xətti davam etdirir! Sual oluna bilər ki, niyə? Səbəbini onun xəyanətkar mahiyyətindən soruşmaq lazım məncə!

Mənim dünənimi və bu günümü müqayisə edən videoya gəlincə, deyəsən, bəzi şəxslər üçün bəzi məqamlara aydınlıq gətirmək lazımdır.

Dünənə aid videonu bir tapıntı kimi təqdim edənlər unudur ki, onu elə mən özüm şəxsən internetdə dərc etmişəm. Çəkinsəm, qorxsam, gizlətmək istəsəydim yəqin ki, dərc etməzdim, deyilmi? Deməli, keçmişimlə bağlı heç bir qaranlığım yoxdur ki, hakimiyyətin xoşuna gəlməyəcək videolarımı belə paylaşmaqdan çəkinmirəm.

Digər tərəfdən, iddia edilir ki, niyə dünən elə danışırdım, bu gün belə? Çox sadə bir cavabı var: çünki dünən tənqidlər üçün əsas vardı, bu gün o əsaslar aradan qalxıb! Azərbaycanın hələ də 10 il öncəki bir ölkə olduğunu iddia etmək üçün yalnız kor və xəbis, zatı qırıq olmalıdır bir insan! Ki, belələrini də özü başda olmaqla Əli Kərimli üzərimə səfərbər edib!

Ölkə 10 ildə ciddi şəkildə dəyişib, münasibətlər dəyişib, jurnalistlərə münasibət isə kökündən dəyişib! Belə olan halda mən hakimiyyəti 10 il öncəki sərtliklə necə tənqid edə bilərəm axı? Bunu etmək üçün ya Əli Kərimli, ya da onun söyüş batalyonunun yarımqafalı sürünənləri ağılda olmalısan! Mən o ağılda deyiləm!

Bu sosial media hücumu maraqlı bir müşahidəmi də ortaya çıxardı. Kimin kim olması məsələsində.

Dostlarım da bir növ sınanmış oldular. Bəziləri olanları görməzlikdən gəlib susdular, mənə heç bir formada dəstək nümayiş etdirmədilər. Gördüm, susdum, amma özüm üçün nəticə də çıxardım.

İkinci kateqoriya insanlar isə mənə çamur atmaq üçün marığa yatanlar idi. Fürsət gözləyirmişlər ki, əsaslı-əsassız bir səbəb ortaya çıxsın, hücuma keçsinlər. Əslində, bu adamlar mənə hücumla xeyrimə çalışmış oldular. Çünki ağlı başında olanlar anladı ki, belə çirkin kateqoriyadan olanların hücum etdiyi insan pis ola bilməz. Örnək üçün, hacı-reket jurnalistdən tutmuş reket saytlara, qəzetlərə qədər hamısı sanki məqam gözləyirmiş kimi hücuma keçdi. Maraqlıdır ki, bu çirkab yığını məhz Əli Kərimlinin bir işarəsilə hərəkətə başladı. Demək, adam bunların ümidinə qalıbmış…

Guya duruma aydınlıq gətirmək üçün dəxli olmayan qruplarda paylaşım edənləri də gördük, qeydə aldıq. Sağ olsunlar, dünənədək burnumuzun ucuna qədər buraxmışdıq onları, bu əməllərindən sonra məsafəli davranmalı olduğumuz qənaətindəyik…

Və hakimiyyətə yaxın, hakimiyyətə bağlı şəxslərin də Əli Kərimlinin bu kampaniyasında yer alması suallar doğurur. Anlamıram, bu adamlar cənab Prezidentin təqdirini sorğu-sual etməkmi istəyir? Yaxud bunlar mənsub olduqları düşərgəyə qarşımı çıxmağa qərar verdilər? Düzdür, sayları çox deyil, amma hər halda gözə dəyəcək qədərdirlər. Özləri də məni ikili siyasət yürütməkdə ittiham edir bunlar…

Aydınlıq üçün deyim ki, mövqeyim birmənalıdır, qətidir.

Hə, bir də yeni ortaya çıxan bəzi dünənki uşaqlar məni əqidəmə xəyanətdə ittiham etməyə başlayıb. İctimai-siyasi təcrübəm bunların yaşlarından belə çoxdur. Onlardan soruşmaq istərdim ki, ümumiyyətlə mənim hansı əqidənin daşıyıcısı olduğumu nə bilirsiniz?

Bilib-bilməməyinizdən asılı olaraq xəbər verim ki, 25 il öncə hansı əqidənin sahibiydimsə, bu gün də o əqidəni şərəflə daşımaqdayam! Bir addım belə kənara çıxmadım, çıxmaq fikrim də yoxdur. Hələ xəbəriniz olsun ki, hazırkı hakimiyyət başda Prezident İ.Əliyev olmaqla nəinki mənim əqidəmə zidd deyil, əksinə, əqidəmə ən uyğun olan siyasi qüvvədir.

Bütün bu müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanda adam kimi müxalifətçilik edə bilməyən Əli Kərimli sindromu yaranıb. Bu sindrom insanlar arasında gərginlik yaratmağa, normal müzakirə imkanı varkən küçə səviyyəsində dedi-qodu atmosferinə rəvac verməyə xidmət edir. Və təəssüf ki, bu iyrənc və bayağı yanaşmanın önündə bir zamanlar milli azadlıq hərəkatının avanqardı olan, hazırda isə Əli Kərimlinin cılız hesabları üçün istifadə edilən divar kağızı səviyyəsinə enmiş “Azadlıq” qəzeti gedir.

Getsin. Çaxçax baş ağrıtsa da dəyirman öz işindədir. Biz bunlara zaman xərcləyib hədəfimizdən yayınsaq onların səviyyəsinə enmiş olarıq. Enmədik, enəcək də deyilik.

Söyüşlərinizə də davam edə bilərsiniz. Dəfələrlə dediyim kimi, hər söyüşünüzün on qatını zatən hər birinizə qaytarırıq.

Söydürün özünüzü, əzizlərinizi. Sizin əlinizdən başqa nə gələr ki?…
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar