Etatizm və iradə fəlsəfəsi

Həbib Rüstəm (Kabus)

19-01-2017, 13:37 Oxunub: 1596
Dövlət anlayışını qəbul etməyənlərin əsas səbəb olaraq göstərdikləri şeylər hər zaman dövlətin insanın seçimlərinə, iradə azadlığına qarşı olmasıdır. Daha doğrusu qarşı olduğu iddiasıdır. Ancaq bu məsələyə daha dərindən baxanda tamam fərqli nəticələr əldə etmək mümkündür.

Dövlət, insan iradəsinin nəticəsidir...

Təbiət iradə üstündə mövcuddur. Çünki təbiətdə hər zaman güclülər və zəiflər var. Güclülər hökm etməyə və yaşamağa, zəiflər isə mövcud vəziyyət ilə razılaşaraq tabe olmağa və ölməyə məhkumdur. Vəhşi təbiət belədir. Aslan ceyrandan daha güclüdür deyə ceyran aslanın yemidir. Çünki aslan həyatda qalmaq üçün qidalanmalıdır. Demək ki, güclü olan aslanın həyatda qala bilməsi, yaşaması üçün zəif olan ceyran qurban olmalıdır. Bu qayda bütün canlılar üçün keçərlidir. Ancaq üstün şüura sahib olan insan mövcud düzəni qismən dəyişərək vəhşi təbiətin içində yeni bir sistem qura bilir. Yəni vəhşi təbiətdə olduğu kimi güclü olanın zəif üzərində mütləq hakimiyyət əldə etməməsi, onları əzməməsi və öldürməməsi, dolayısı ilə insanın insana canavar olmaması üçün yeni bir düzən yaradılır. Ortaq qaydalara və qanunlara, hüquqlara və ümumi azadlıq anlayışına dayanan yeni bir sistem. Biz buna ictimai müqavilə deyirik. Hər kəsin (ən azından çoxluğun) qəbul etdiyi normalar əsasında təbiət içində bir dairə sərhədlənir. Bu müqavilənin sayəsində artıq birinin yaşaması üçün digəri ölməli deyil. Belə düşünək, insan iradəsi təbiətin mövcud şərtləri ilə razılaşmadığı, hər kəsin yaşamaq hüququnun var olduğu və insanların biri-birini öldürməməsi üçün dövlət yaratdı. Demək ki, dövlət ümumi iradədir.

İnsan, ümumi iradənin parçası kimi...

Dövlət üçün yalnız vətəndaş mövcuddur. Yəni, dövlət insanları dininə, irqinə görə bölmür və fərqləndirmir. Bəs hər birimizin bəlkə də hər gün qurduğu cümlələrin içində istifadə etdiyi vətəndaş sözü hansı anlama gəlir? Vətəndaş yuxarıda qeyd olunan ictimai müqaviləni quran insanların adıdır. Yəni, dövlətin əsasıdır. Dövlətin qanunları vətəndaşların düşüncələri, fikirləri, seçimləri və qərarları əsasında formalaşır. Azərbaycanda çoxluq dövlətdə vətəndaşın heç bir rolu olmadığı, sadə vətəndaşların dövlət əhəmiyyətli qərarların qəbulunda iştirak etməsinin absurd olduğu və heç bir gücünün olmadığı kimi yanlış fikirlərə sahibdir. Müasir dövrdə bu tip fikirlər artıq yalnız geridə qalmış, inkişafdan dayanmış cəmiyyətlərə aid hesab olunur. Təəssüf ki, bizim cəmiyyətimiz də bu fikirləri paylaşır. Ancaq reallıq heç də belə deyil. İnsanlar anlamalıdırlar ki, vətəndaşlar dövlətin istənilən addımında ən əsas rolu oynayır və oynamalıdır. Çünki dövlət insanları, dolayısı ilə vətəndaşlarını məhz vəhşi təbiətin dağıdıcılığından qorumaq üçün elə həmin insanların yəni vətəndaşların tərəfindən yaradılmış bir gücdür. Bunu biraz daha mifləşdirib izah etsək, Tomas Hobbsun "Leviafan"ına bənzər bir varlıqla simgələyə bilərik. Ortaq istəklərimiz nəticəsində bizi qoruması, ədalət yaratması və aramızdaki stabilliyin keşiyində durması üçün bir varlıq yaradıb, sonra onun necə yaşayıb, necə çalışacağına biganə qalmaq nə dərəcədə məntiqlidir? Axı o bizim iradəmizin nəticəsidir. Bizim özümüzü dövlətdən ayrı görməyimiz böyük bir gücü, ona sahiblənən, siyasi anbisiyaları olan eqosentrik insanların əlinə verməkdir. Sonra isə hüquqların pozulduğundan, qanunların iflic halda olduğundan danışırıq. Əslində isə bütün bu baş verən fəlakətlərin səbəbi bizik və bu problemlərin mövcud olmasına özümüz zəmin yaradırıq. Bütün vətəndaşlar dövlətin bir parçasıdır. Etatizm, dövlətlə insanı ayrılmaz və bütöv görür. Vətəndaş fərdi maraqlarını, istəklərini dövlət maraqlarından üstün görməməlidir. Çünki əslində insanın öz həyatını digərlərininkindən daha müqəddəs, daha üstün tutması bəşəri cinayətdir. Bu dövlətin mövcud olmadığı dövrlərin düşüncəsidir və yenidən insanlar arasında ədalətin pozulmasına, biri-birinə düşmən olmasına zəmin yaradacaq bir fikirdir. Bu bizi inkişafdan saxlayaraq kiçik istəklərimizin əqlimiz üzərindəki hökmranlığına gətirib çıxaracaq.

Etatizmdə güclü və zəif insan

Fridrix Nitsşenin üst insan adını verdiyi obraz bizə insanın hansı mərtəbədə olduğunu göstərir. Onun fikirincə insan, heyvanla üst insan arasındaki bir mərtəbədir, yəni hal-hazırda aşmalı olduğu bir yerdədir. Üst insan nədir? Çoxları bu fikirin Nasional Sosializmin "üstün irq" ideyasının formalaşmasında təməl olduğunu bildirir. Ancaq Nitsşe üst insan deyəndə burda hər hansısa bir irqin digərlərindən üstün olması nəzərdə tutulmur. Burda öz eqosundan, duyğularından, zəifliklərindən qurtulmuş və təkamüldə yeni pilləyə çıxmış olan insandan söhbət gedir. Əslində bu obraz sufilərin kamil insan obrazı ilə eynidir deyə bilərik. Deməli üstün insan öz eqosundan, dolayısı ilə özündən vaz keçən insandır. Etatizmin vicdanlı vətəndaş obrazını bununla paralel götürə bilərik. Vicdanlı vətəndaş özünü dövlətlə bütün görən, öz fərdi istəklərindən, maraqlarından imtina edib, dövlət maraqlarını daha üstün tutan insandır. Fərdçilik bir xəstəlik, zəiflikdir. İnsanı yalnız kiçildə bilər. Cəmiyyətdən özünü təcrid edərək öz məninə sığınan insan təkamüldən dayanar və həm də ruhi yüksəlişdən məhrum olar. Güclü insanlar fədakar olur. Yuxarıda qeyd edildiyi kimi, dövlət ümumi iradə, ümumi gücdür. Özünü bu gücdən, bütövdən ayrı görənlər insan orqanizmindən çıxarılan bir orqan kimidir. Bütövdən ayrı çürüməyə məhkumdur. Yalnız öz içindəki tənbəlliyə, acizliyə, zəifliyə qalib gəlmiş insanlar, dövlətin hədəflərini öz hədəflərinə çevirərək təkamül prosesində önəmli rol oynaya bilər.
Şərhlər : 1 Şərh yaz
Boz Qurd Sedi 18 fevral 2017 03:04  

Cox Gozel yazidi elin qolun var olsun!

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar