Qayıdış – Bozqurdlar dirilir

Həbib Rüstəm (Kabus)

14-04-2016, 15:09 Oxunub: 822
Öz həyatını, yaşam tərzini itirən millət ya başqalarının həyatını, ya da başqalarının onun üçün seçdiyi həyatı yaşayar. Öz dəyərlərindən uzaqlaşaraq başqa dəyərlərə sığınan toplum saxtakar olmağa və əbədi yalana məhkumdur. Etiraf edirəm, başqalarının bizim üçün seçdiyi həyatı yaşayırıq və saxtakarlığa, yalana məhkumuq!

Tanrının ölümü

Bütün əfsanələr insanın xəyal gücünün məhsuludur. Zəif insanlar qurduqları xəyallar barəsində danışmaqdan qorxar, onları reallaşdıracaqlarına heç zaman inanmazlar. Güclü insanlar isə öz xəyallarını həyatlarının tək həqiqətinə çevirər, ətraflarındakı insanlara və onların doğrularına, sözlərinə, həqiqətlərinə "yox" deyərlər. Özlərini əhatəyə deyil, əhatəni özlərinə uyğunlaşdırarlar. Tarix boyu qurulan bütün böyük dövlətləri, imperiyaları, böyük şəxsiyyətləri yaradan xəyaldır. Türk milləti, millətin aparıcı qüvvələri hər zaman irrasional düşünüb. Bu düşüncə onları maddiyyatdan uzaqlaşdıraraq, dünyanın yeni düzənini öz beyinlərində qurmaq və insanların reallıq kimi qəbul etdiyi dünyanı dəyişdirə bilmə imkanını tanıyıb.

Bir düşünün. Quraq səhralarda, boş düzənliklərdə, parça-parça tayfaların biri-birini əzib, üzərilərində kiçik bir hakimiyyət qurmaq üçün savaşa girdiyi yerlərdə bir uşaq doğulur. Və bütün dünyaya hökm edəcəyini deyir. Çox inandırıcıdır? Taxta və qamışdan özlərinə ev düzəldən bir ailədə doğulan uşağın bir gün hündür divarları aşaraq, böyük ürküdücü, işğal üçün gəlib məğlub olmuş orduların qan ləkələri ilə bəzənən qalaları, dünyaya yön verə bilən mədəniyyət beşiyi olan şəhərləri fəth etməsi çoxmu inandırıcıdır? Təbii ki, yox. Ancaq bu mümkünsüzü mümkün etməyi bacaran çox şəxsiyyətin adını çəkmək mümkündür. Şərqi Asiyanı öz təsirində saxlayıb bütün tayfalara nəzarət edən böyük Çin imperatorlarının o böyük və ürküdücü sədlərini aşmağı bacaran çox adlar çəkə, çox ordular sıralaya bilərik.

Qərbin dəmirdən yoğrulmuş gücü olan Romanın silkələndiyi zamandan örnək verə bilərik. Sadəcə inanc gərək idi bütün bunlara. Tayfaları öz həqiqəti altında birləşdirmək, böyük qurultay çağırıb şamanın razılıq və xeyir duasını almaq kifayət edirdi. Çünki dəmirdən daha möhkəm inanc bütün dünyanı diz çökməyə vadar edəcək qədər güclüdür.

Göylərin hakimi Tenqrixan, yerlərin hakimi isə onun seçdiyi xaqandır. Əlbəttə ki, əgər Tanrı sənə "bütün düzlərin tək hökmdarı sənsən" deyirsə və buna inanırsansa bütün ordular, qalalar, şəhərlər sənin qarşında çökməyə məhkumdur. Bunun üçün də həmin o quraq səhralardan, boş, soyuq, təhlükəli düzənliklərdən böyük hökmdarlar çıxırdı.

Böyük köçlərdən sonra isə bu inanc daşıyıcıları uzaq yerlərdə yerli xalqlarla qarışdı, təsirə düşdü, inancını, həyat kredosunu itirməyə başladı. Böyük ülkülər adiləşməyə, öz tutumunu itirməyə başladı. Xristian pasifizmi, İslam bərabərliyi seçilmişləri öz inanclarından uzaqlaşdırdı. Biz özümüzdən, öz dəyərlərimiz, inanclarımız və ənənələrimizdən uzaqlaşdığımız gün lənətləndik. Çöküşə məhkum olduq. Bizə ədaləti, yer üzünün tək hakimiyyətini verən Tanrını öldürdük. Daha fatehlər doğulmur, xaqanlar seçilmir bu millətin içindən.

Unudulmaq

Tarix hər zaman onu şəkilləndirənlərin əlində vasitədir. Çox asanlıqla millətlərin keçmişini dəyişir və gələcəyinə nəzarət edirlər. Hələ mənimsədiyimiz eranın başlanğıcından daha əvvəl baş verən hadisələri, köçləri, savaşları türk millətinin adından ayırıblar. Bəli, doğrudur, biz heç zaman ad yazmağı, böyük daşlar üzərində həyatımızı, qələbələrimizi həkk etməyi sevməmişik. Çünki həyatımız yalnız bizə məxsusdur və bütün dəyərlər mütləqdir. Çünki qələbələr ayrıca bir bəxş deyil, etməli olduğumuzdur və bizə biçilən, bizim biçdiyimiz taleyin hökmüdür. Bunun üçün də adımızı tarixin səhifələrindən silməyi bacarıblar. Fiziki həyatda ölüm unudulmaqdır. Biz unudulmuşuq. Öncə özümüz, sonra başqaları tərəfindən.

Qayıdış

Yeni fikir, yeni ideologiyalar adı altında dünyanı öz bağçasına çevirmiş millətlərin irqçiliyi ilə üz-üzəyik indi. Öz adətlərini, dəyərlərini geniş izahlarla yazıb, ideologiyalara çevirib mədəniyyətlərarası savaşda bizi məğlub edirlər. Onların bizə verdiyi, sahibləndiyimiz və mənimsəməyə alışdığımız hər fikir bizim yox, onlarındır. Başqa, bizim olmayan dəyərlərlə yaşamağa çalışdığımız üçün həyatımızı saxtakar kimi yaşayırıq, yaltaqlıq qanımıza hopur və özümüzü heç cür stabilləşdirə bilmirik. Çox miskin bir haldayıq və bunu anlamırıq, anlasaq da qəbul etmirik. Az da olsa özümüzü dərk etməyimizin, kim olduğumuzu arada xatırlamağımızın isə bir səbəbi var: Kodlar.

Biz öz genlərimizdə qocaman bir tarixin xatirələrini daşıyırıq. Eşitdiyimiz hər türk sözünə, musiqisinə qeyri-şüuri şəkildə, çox zaman heç anlamadan verdiyimiz reaksiya bizə keçmişimizi xatırladır. Bu, genetik yaddaşdır. Bu xatırlatmalar bizi ayağa qaldıra bilmir, hələ də yuxu sandığımız ölümə dalırıq. Ancaq çöküş varsa, diriliş də var. Tərk etmək varsa, qayıdış da var. Çökmüşüksə, tarixin gizlədilən səhifələrinə gömülmüşüksə yenidən dirçələcəyik. Öz həyatımızdan, özlüyümüzdən və dəyərlərimizdən uzaqlaşmışıqsa yenidən özümüzə qayıdacağıq. Heç bir fikir, heç bir doğru, heç bir ordu, silah, toplum, qanun, sərhəd bunun qarşısını ala bilməz.

Sadəcə gözünüzü yumun və keçmişinizi təsvir edin. Qanınızda daşıdığınız yaddaş sizə keçmişinizi fısıldayacaq. Və siz yenidən xəyal quracaqsınız - böyük xəyal. Dünyadan, kainatdan böyük və bütün həqiqətlərdən daha həqiqi. Ruhunuzu əbədiyyətdən gizləməyin, azadlığa buraxın. Ölümün sizin üçün adiləşdiyi an şaman qulağınıza kimliynizi və gələcəyinizi pıçıldayacaq. Ergenekon sizin içinizdə başlayacaq!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar