Tenqri

Həbib Rüstəm (Kabus)

8-02-2016, 14:37 Oxunub: 1239
Əsrlər öncə təbiətin hökmü ilə köç etmiş və bir-birindən ayrı, parçalanmış şəkildə yaşayan böyük ulusa mənsub olan müdrik bir şəxs tarixin gedişatını dəyişdi. Gərəkli olarsa, əgər bilmədən və ya bilərəkdən öz millətini fəlakətə apararsa seçilmiş olan hətta öz atasına belə mərhəmət göstərməməlidir. Bu qutlu yol uğrunda bütün zəifliklər yox edilməli, tərəddüdlər silinməlidir. Bu şəxs öz yanındakılara və onların ailələrinə, öz ardıcıllarına və sonrakı nəsillərə, nəhayət bütün dünyaya bunun dərsini keçdi.

Biz onun adına böyük xaqan Mete deyib, onu böyük ehtiramla anırıq. O, sonrakı nəsillərə böyük imperiya miras qoymuşdu. Ancaq bundan daha böyük miras onun qoyduğu iz, yol, qayda və həyat tərzi idi. Sadəcə sonrakı nəsillər bunu anlamadı deyə, miras qalan böyük imperiyanı da itirdi. Ən pisi isə budur ki, bu millət yalnız Mete xaqanın mirası olan imperiyanı deyil, ondan sonra qurduğu onlarla böyük dövləti və gücü də itirdi. Dünya mənim millətimə skif, sak, hun, tatar, moğol, türk və digər adları qoyur. Ancaq mənim mənsub olduğum soy, ədaləti qorumaq və insanları bu ədalətə tabe etmək üçün Tanrıdan əmr alan böyük döyüşçülərdən gəlir.

Biz türk idik, bizi "türkçü" etdilər

Öz yolunun doğruluğunu isbat etməyə çalışan insan əslində özü bu yola şübhə duyur. Çünki həqiqətin isbata ehtiyacı yoxdur. Öz həqiqətinə inanan insan bu həqiqəti isbat etməyə çalışmır, sadəcə doğru bildiyi kimi yaşayır. Eynilə bir millət də öz adına sahiblənmək istəyərkən, bu adı ağzına saqqız edib, şüarlarla və boş sözlərlə millətini müdafiə etdiyini düşünəndə öz yaşayışını unudur. Bu gün bizim insanımız özü kimi yaşamaq əvəzinə başqalarının ona verdiyi həyatı yaşayır, başqalarının onun üçün çizdiyi yolu gedir və başqalarının vasitə olaraq verdiyi şeyi öz mübarizəsi zənn edir. Mən hər şeydən öncə mənsub olduğum millətin qanunlarını və yaşayışını sevirəm. Təəssüf ki, mənim millətim bu gün yoxa çıxıb. Çox az sayda nümayəndəsi qalıb. Ətrafda isə özünə "türk" deyib, türk yaşayışının nə demək olduğunu bilməyənlər çoxluq təşkil edir. Bir insanı məğlub etmək, sıradan çıxarmaq istəyirsənsə onun ideallarını, dəyərlərini, inanclarını və iradəsini əlindən al.

Mənim millətimin əlindən onun yaşayışı alınıb. Artıq müəqəddəs qanunlar öz qutsallığını, sözlər ağırlığını, əmrlər hökmünü, başbuğlar sədaqətini, insanlar itaətini itirib. Daha xəyanətin cəzası ölüm, sədaqətin mükafatı ehtiram deyil. İndi hər kəs fərqlilik, şöhrət, ad və pul dərdindədir. Qələbə sevinci ilə dolan döyüşçülər, ölümün üstünə şığıyan orduların qurulan çadırları, köçdə olan ailələrin yurdları yoxa çıxıb, axşam düşənə yaxın yeməyi öz istisi ilə bişirsin və soyuqdan titrəyən bədənləri isitsin deyə qalanan ocaqlar sönüb. Sağılan isti süddən hazırlanan qımızlar daha savaş əhvalını yüksəltmir. Bu millət artıq özünü, özünə məxsusluğunu, türklüyünü itirib. Türk kimi yaşamağı kənara qoyaraq bizə başqa millətlərin qoyduğu "türkçü" adını mənimsəyib. Öz adətlərini unudub ərəbləşir, öz mədəniyyətini kənara itələyib farslaşır, öz dövlət anlayışından uzaqlaşıb kommunistləşir, liberallaşır. Bir də geridə milli kimliyini xatırlayanlar qalır ki, onlar da Qərbin praktikadan keçirdiyi, illər öncə vasitə kimi istifadə edib bizə ötürdüyü yöntəmlərlə mübarizəyə atılır. Özünə "milliyyətçi" deyənlərin istifadə olunması məni ən çox üzən haldır.

Qərar şamanlara məxsusdur

Mənim üçün mənsub olduğum soy önəmlidir. Ancaq bunun səbəbi tarixdə böyük imperiyalar, dövlətlər qurmağımız, böyük ordulara sahib olmağımız kimi bəsit şeylər deyil. Mən hər zaman nəticəyə baxıram. Etiraf etməliyik ki, biz mədəniyyətlərarası savaşda məğlub olduq, gücümüzü itirdik. Bu gün 7 türk dövləti var. Ancaq türkdilli dövlətlərin qurultayında həmin bu dövlətlərin nümayəndələri rus başqa dillərdə danışır, türk dilində yox. Bu gün biz dünyanın hesablaşacağı bir dövlətə sahib deyilik. Bəşəriyyətin inkşafına tövhə verə bilmirik. Bəli, bunlar həqiqətdir.

Millətimə bəslədiyim sevginin səbəbi daha dərindir. Mən bu millətin şamanlar tərəfindən yönətildiyini bilirəm. Hər zaman xaqanların yanında bir şamanın olması sizi heç zaman düşündürməyib? Bəs qərarların qəbul olunmasında onların iştirakı? Təbiətə təslim olan, əbədiyyətə qovuşan və böyük rabitəyə sahib olan bu insanlar bütün köçlərin, yürüşlərin, döyüşlərin həyata keçirilməsini təmin edirdilər. Mən hər şeyin fərqindəyəm. Mifologiyaların mənşəyini və yaranma səbəblərini, dinlərin, şəriətin həqiqədən danışmadığını və elmin heç zaman onu izah edə bilməyəcəyini bilən biri kimi deyirəm bunu. Enerjini yönləndirən və material dünyaya tam təsir edə bilən bu insanların türk dövlətlərinin dərinliyində yer alması sadəcə təsadüf deyil. Budur mənim bu millətə olan sonsuz sayğımın, heyranlığımın və sevgimin səbəbi.

"Sevirəm" deyirsənsə, bunun səbəbinin nə olduğunu bilməlisən.

Həqiqi, təməlli və möhkəm bir səbəb yoxdursa, hətta millətinə, ölkənə duyduğun sevgi belə boşdur və bitəcək. Mən sevgimin, heyranlığımın səbəbini çox yaxşı bilirəm.

Buna görə də, hansı soya aid olduğumu heç zaman unutmadım. Mən türk kimi yaşamağın və yaşayanların tərəfindəyəm. Mən həqiqətin fərqində olan bir soya mənsubam. "Tanrı" sözünün işləndiyi hər bölgədə, hər coğrafiyada mən yaşayıram. Kainat da, anladığımız və anlamadığımız hər şey də mənəm. Onu da bilirəm ki, türk - ordu və dövlət deməkdir. Artıq yeni dövr başlayıb və biz bu dövrü anlayaraq özümüzü ona yox, onu öz qanunlarımıza, yaşayışımıza uyğunlaşdırmalıyıq. Biz bu torpaqlarda doğulduq və bu boşuna, səbəbsiz ola bilməz.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar