Balaca "prezidentlər"

Həbib Rüstəm (Kabus)

16-11-2015, 15:38 Oxunub: 1026
Xalqda dövlətə, dövlətdə isə xalqa qarşı laqeydlik olan ölkənin öz varlığını itirməsi an məsələsidir. Xalqın dövlətə qarşı inancının olmaması artıq ona ehtiyacının olmadığı anlamına gəlir. Çox təəssüf ki, hamımıza doğma olan, böyüyüb başa çatdığımız bu məmləkət hal hazırda bu vəziyyətə ən uyğun olan ölkələrdən biridir.

2015-ci ildə, yəni, bu il Azərbaycanda Parlament seçkiləri keçirildi. Bu, bir ölkə, bir dövlət üçün çox önəmli hadisədir. Ancaq elə bir vəziyyət yaranıb ki, 2015-ci il Azərbaycanın yaddaşında seçki ili kimi yox, Avropa Oyunlarının keçirildiyi il kimi qalıb. Sizi narahat etməyə bilər, ancaq əslində bu, dövlətin öz hökmünü, zəruriliyini itirməsi deməkdir. Əlbəttə günahlandıracağımız çox adam, çəkə biləcəyimiz çox ad var. Ancaq dövlət şəxslərin üstündə bərqərar deyil. Hal hazırda Azərbaycanda hökm sürən bu biabırçı və təhlükəli vəziyyətin səbəbkarı dövlət və onun buraxdığı nöqsanlardır. Xalq, ona göstəriləni qəbul etməyə öyrəncəlidir. Bu, bir növ onun missiyasıdır. Bu yanaşmaya əsasən tam rahat şəkildə deyə bilərik ki, dövlət Azərbaycanda keçirilən Avropa Oyunlarına onun Milli Məclisinə seçkilərindən daha çox diqqət ayırdı.

Maraqlıdır, bəzi istisnaları hesaba almasaq Azərbaycanda bu seçkilərə inanan yeganə təşkilat və birlik biz idik. Biz seçkilərin legitimliyinə kölgə salmaq istəyənlərlə belə mübarizə apardıq. Bütün xalqın seçkilərə inancının öldüyü, dövlətə inamının sarsıldığı bir dövrdə bütün resurslarımızdan istifadə edib seçkilərə qatıldıq. İlk mərhələdə namizədimizi 95 saylı Dairə Seçki Komissiyası qeydə almaq istəmədi. Çünki yerli icra hakimiyyəti ilə, daha doğrusu Tərtərin icra başçısı və xalq arasında "başçı" ləqəbini götürmüş Müstəqim Məmmədovla aramızda problem var idi. Bu problemin kökü isə bir il bundan öncə namizədimiz Şəhriyar Məcidzadənin yazdığı yazıya və Etatist.com-un Tərtərdə radikal dini qruplaşmalarla bağlı apardığı araşdırmaya gedib çıxırdı. Bizim bu əsaslı araşdırmamız "başçı"nın xoşuna gəlməmişdi. O da, öz tutduğu postdan istifadə edib bizimlə prinsip aparırdı. Bu səbəbdən hörmətli Müstəqim müəllim namizədimizin seçilməməsi üçün əlindən gələni etdi. Doğrudur, namizədliyə qeydiyyayımızı sonradan MSK təsdiqlədi. Bu hadisə dövlətə olan sonsuz inamımızı daha da möhkəmləndirdi, amma...

İşimizin çətin olacağını və tərtərlilərin "Allah" kimi qorxub çəkindiyi "başçı"nın bizə çox əngəl yaradacağını bilirdik. Amma bu qədər qudurğanlıq gözləmirdik doğrusu. Qanunların bizə tanıdığı təbliğat hüququnu əlimizdən ala bilmədiyini görən "başçı" kəndlərdəki icra nümayəndələrini işə saldı. Hər görüş keçirəcəyimiz kənddə qapı-qapı gəzib "Şəhriyar Məcidzadənin görüşünə getməyin" deyən icra nümayəndələrinin igidliyini və məharətini gördük. Hələ hər kənddə maşınla gəzib görüşə gələn insanları geri qaytaran bələdiyyə sədrləri də var. Qapını döyüb insanlara "evdən çıxma" deyən bu icra nümayəndələri yəqin ki, "başçı"nın qərarı ilə evdən çıxır, evə gedir və onun icazə verdiyi vaxtlarda öz həyat yoldaşını və uşaqlarını görür. Çox maraqlıdır.

Çox düşündüm. "Xalqda da az yoxdu" deyənlər haqlıdır. Axı bir kişi niyə başqa bir kişinin sözü ilə evindən çölə çıxmasın? Vallah öz adımdan deyim ki, mənim qapımı döyüb "bu gün evdən çıxma" deyən bir nümayəndəciyin aqibəti heç yaxşı olmaz. Amma bizim qəhramanlıqdan, igidlikdən və cəsarətdən ağız dolusu danışan camaatımız sözə baxan uşaq kimi evindən çıxmağa qorxmağa başladı. Gələnlər gəldi. Gəlməyənlərin isə görünür elə gəlməməkləri yaxşı imiş.

Biz Bakıda oturub sanballı məmurların özbaşınalığından danışırıq. Amma siz bölgələrdə icra nümayəndələrinin "fövqəl güclərindən" bixəbərsiz, inanın. Hər rayonun icra hakimiyyəti və hər kəndin təyin olunmuş icra nümayəndəsi var. Bu icra nümayəndəliyi adı zibillərin təmizlənməsinə baxan, çayxananın ofisiant köməkçisi kimi bir şeydir. Amma di gəl ki, xalq bu "müdrik insanlardan" qorxduğu kimi heç Allahdan da qorxmur.

Biz Əskipara kəndində olanda bir kişi ilə söhbət etdik. Çox maraqlı bir şey dedi bizə. Dedi ki, icra başçısı rayonun, icra nümayəndəsi isə kəndin prezidentidir. Onda başa düşdüm ki, Azərbaycanda tam mənada dövlət anlayışı yoxdur, mərkəzi hakimiyyətə tabe olan yerli feodalların idarə etdiyi ərazilər və insanlar var.

Cənab prezident, sizin kiçik bənzərləriniz, geydirmə oxşarlarınız, balaca maketləriniz var imiş. Düşünürəm ki, icra başçısına "rayon prezidenti" adının verilməsi həyəcan təbili çalmağın vaxtının yetişdiyini deyir. Əskiparadan sonra biz bunu bütün kəndlərdə eşitdik.

İcra hakimi və onun gülməşəkər nümayəndələri Tərtərdə Azərbaycan qanunlarını veclərinə almırlar. İstədiklərini edirlər və öz işlərindən başqa hər şey ilə məşğul olurlar. Bizim sevgili rəqibimiz, seçkidə öz hörmətini aşağı edən Sahib Alıyevə çəkinmədən dəstək verən, görüşlərimizə əngəl törədən bu adamlar heç prezidentin sərəmcamını belə saymırlar.

Bu "balaca prezidentlər" vaxtı çatanda böyümək istəyəcək, əziz dostlar və sevgili dövlət məmurları! İstədikləri evi tikib, istədiyini sökən, rayona ayrılmış pulları mənimsəyən, əlillər üçün dövlət tərəfindən ayrılan pulsuz dərmanları əlillərə verməyib pulla satan, dövlət büdcəsindən ayrılmış pulu cibinə qoyub artezian qazmaq üçün xalqdan 5000 manat pul isyətəyən, qaz çəkmək üçün 500 manat tələb edən "başçı" və onun nümayəndələri var bu ölkədə.

Bir sualım var: Dövlət?! Hanı o dövlət?! Bu sual əslində xalqın biz hər dəfə dövlətə inamdan danışanda bizə verdiyi sual idi. 2015-ci ildə feodalizm dövrünü geri qaytarıb respublika dəyərlərindən danışırıq.

Gələk seçki gününə. Gözümüzün qabağında min cür saxtakarlıq edildi, fokslar göstərildi və təmiz qələbəmiz əlimizdən alındı. Təbii ki, əlimizdə foto, video və audio faktlar var. Biz onları dövlətin qarşısına çıxarıb xəbərdar edəcəyik. Amma bir az açıq danışaq. Bu artıq biabırçılıq və gülməli vəziyyət deyil, son deməkdir. Biz "dövlət sağ olsun" deyib yolumuza davam edərik. Amma dövlət sağ qalmır. Dövlət öz hökmünü və iqtidarını hər gün itirir. Axı dövlətə inamın bu qədər azaldığı dövrdə seçkini saxtalaşdırmaq süqutu və qaçılmaz xaosu yaxınlaşdırmaq, dövləti məhv etməkdir. Mənim deyəcəklərim bu qədərdir. Gerisi dövlətin qərarı ilə tənzimlənəcək.

"Başçılar", nümayəndələr, "balaca prezidentlər" dövlətə xidmət etmir, illərdir uğrunda mübarizə aparıb, qanımızla qurduğumuz bu dövləti dağıtmaqla məşğuldur. Əgər bunun qarşısı alınmasa demək ki, mən yanılıram. Demək ki, dövlət artıq çoxdandır ki, yoxdur.

Tanrı Azərbaycanı qorusun!
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar