Qurd sədaqəti

Həbib Rüstəm (Kabus)

8-08-2015, 19:01 Oxunub: 1516
"Sözlər həqiqət deyil, ağızdan çıxan səslərdir. Həqiqəti öyrənmək üçün sözə deyil, yaşamağa ehtiyac var" .

Şəms Təbrizinin bu sözləri məni düşündürmüşdü. Amma nə qədər təsirli və düşündürücü olsa belə bunlar da söz idi. Ona görə onun həyatını oxudum və sözlərinin həqiqətə bir işarə olduğunu anladım. Həqiqət nə idi? Həyatla ölümün arasında sıxışıb qalan zaman boşluğu? Yoxsa "niyə" sualı altında sonsuz dərinliyə enmək? Yaza bilməyəcəm həqiqətdən. Yazsam yalan olar.

Mən hər zaman insanları iki yerə bölmüşəm. Bu, sizin üçün çox primitiv görünə bilər, ya da sizə çox dar və birtərəfli baxış kimi gələ bilər. Amma vecimə də deyil. Mənim üçün hər zaman iki insan növü olub: şərəfli və şərəfsiz insanlar. Zaman keçdikcə bu baxış müəyyən qədər dəyişdi, daha doğrusu püxtələşdi. Ancaq öz təməl dayaqlarını itirmədi. Mənim üçün həyatda, həyatın özündən də önəmli olan şey insanın mənliyini və şərəfini itirməməsi idi. Hər zaman düşünürdüm ki, yalnız bu cür insanlar sədaqətə layiqdirlər. Hər keçən il, mənə haqqlı olduğumu göstərdi.

Bəs sədaqət nə idi?

Gün ərzində çox işlətdiyim sözlərdən biri olsa da bu haqqda ətraflı düşünməmişdim heç vaxt. İlk dəfə yaponların yaşayışı ilə bağlı məqalələr oxumağa və tarixlərinə göz gəzdirməyə başlayanda sədaqət barədə uzun-uzadı düşündüm. Yaponiyada xanədanlıq savaşı dövründə daha çox populyarlaşmağa başlayan samuray fəlsəfəsi mənə həqiqətən çox təsir etdi. Sədaqətin bir ağacla təsvir olunması, dünyanın önəmini və vacibiyyətini gözümdə öldürdü. Hər bitən ağac, hər çıxan çiçək və quruyub düşən yarpaq həyata sadiqdir. Yapon xalqına sədaqət bu cür izah olunurdu. Mən anladım ki, sədaqət həyatla bağlı olan bir şey deyil. Nə də ölümə aid olan anlayış deyil. Sədaqət, həyatın və ölümün qüdrətini itirməsi ilə, onlara olan inancın bitməsi və bağın qopması ilə başlayır. Sədaqət təslimiyyətdir. Sədaqət, hər gününü eyni yaşamaq, özünə, acizliyinə qalib gəlib, iradəni, həqiqəti zikr etməkdir. Sədaqət, bəzən sadəcə gülümsəməkdir. Sənə doğrularının yalan olduğunu deyənlərə qəhqəhə çəkib gülmək. Sədaqət bəzən özünü cəzalandırmaqdır. İtirdiyin hər saniyəyə, mübarizə apara biləcəyin hər dəqiqəni boş keçirdiyinə, həyatı yatdığına və ölümdən qorxduğuna görə özünü cəzalandırmaqdır. Sədaqət bəzən özünü unutmaqdır. Keçirdiyin bir günün sonunda dayanıb bu günü özün kimi deyil, sanki sadiq olduğun şəxs kimi keçirdiyinə təəccüblənməkdir. Sədaqət bəzən susmaq, bəzən danışmaq, bəzən qürur duymaq, bəzən hirslənməkdir. Bəzən məsləhət almaq, bəzən sual vermək və cavabı ilə əslində razılaşmasan belə onu doğru olan ən böyük gerçək kimi qəbul etməkdir. Mən sədaqəti hər gün eyni yaşamaqdan, xidmət etməkdən gün, ay anlayışını unudan bir savaşçıdan öyrənmişəm. "Sədaqətliyəm" desəm xəyanətkar olaram. Sadəcə xəyanət etməmək üçün özümü rəndələyir, insani vərdişlərimdən, qabıqdan çıxırmış kimi çıxmağa çalışıram. Özümü daşlara sürtüb dərimi soymağa çalışıram ilan kimi. Vaxtı keçmiş, qurumuş, yük kimi, üstünlüyə doğru gedən yolda belimdə ağırlıq edən dərimi soyuram. Amma sədaqət deyil bu hələ.

Azərbaycan ona sadiq olanlara aid olmalıdır. Çünki bu ölkədə sədaqət çoxdan unudulub. Yaddaşlarda yer yoxdur artıq ona. Yerini bənzər, amma saxta anlayışlar alıb. Çünki Azərbaycan xalqının sədaqət simvolu itdir. Xalq, iti sədaqətli heyvan kimi tanıyır. Ona görə onu evində saxlayır, çox sevir. Ancaq it sadiq deyil, yaltaqdır. Yemək verdiyin, qabağına su qoyduğun üçün sənə tabe olan bir yaltaq heyvan.

Bir də qurd var. İnsanlar ondan qorxur, gördüyü yerdə ancaq öldürməyi düşünürlər. Çünki qurd tabe olmur, baş əymir, təslim olmur və kölə qala bilmir. Çünki onun ayağına zəncir vuranda məğlubiyyətlə razılaşmır, dişləri ilə ayaqlarını qopararaq qaçır. Qurd öz dişisi öləndə yalquzağa dönür və nə yoldaşına nə azadlığına nə də təbiətə xəyanət etmir. Azərbaycan xalqı bir-birinə "it sədaqəti" ilə sadiq olur. Ona görə də xəyanət bu ölkədə sədaqətdən daha çox işlənən, daha çox istifadə olunan söz və daha çox rastlanan haldır. Mən hər kəsə qurd sədaqəti diləyirəm. Çünki sədaqət, bəzən hökmdar "ölmək xəyanətdir" dediyi üçün yaşamaqdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar