Mən Azərbaycanam

Həbib Rüstəm (Kabus)

4-05-2015, 01:09 Oxunub: 1089

Yalan yoxdur, yalnız doğruları yazacam. Doğulmaq ölmək kimidir. Xatırlamadığın, ancaq dərinlərdə izi olan bir həyata yenidən göz açmaq. İşıq gözümüzü qamaşdıranda, səslər qulağımızı deşəndə, toxunuşlar yad hisslər yaradanda ilk dəfə ağlayırıq. Nə qədər də çətindir bir körpənin dünyanı qəbul etməsi. Əbədi olduğumuz, tarixdən, dünyadan daha qoca olduğumuz halda, "yeni doğuldun" deyirlər bizə. Oysa biz heç zaman ayrılmamışdıq onlardan.

Yalan yoxdur, yalnız doğruları yazıram, mən hər zaman ölümümü düşünmüşəm. Hətta onu arzuladığım, həsrətində olduğum və yenidən ona qovuşmaq istədiyim anlar olub. İnsanlar buna acizlik deyirdi, amma mənim üçün ölümün son demək olmadığını anlamırdılar, inanmırdılar. İnananlar isə ölümün mənim üçün başlanğıc olduğunu sanırdılar. Oysa mən başlanğıcın və sonun olmadığının fərqində idim. Sualların və boşluğun içində batmamağın, itməməyin ancaq bir yolu var idi - öz dəyərlərini yaratmaq və ona bəşəriyyətin əbədiyyətə təslim olduğu kimi təslim olmaq. Onu yaşamaq və ona itaət etmək. İtaət - tanrıların ibadətidir. 

Yalan yoxdur, yalnız doğruları yazıram, bəli mən də sevdim. Sevmək, özündən imtina etməkdir, vaz keçməkdir. Mən Azərbaycana aşiq oldum. Nəfəs aldıqca havasını, istiliyini duyduqca torpağını sevdim. Şüurumun dərinliklərində olan, öyrənirəm sandığım şeyləri xatırlayıb onun dilində ifadə etdikcə dilini sevdim. Hər birinin mən olduğunu anladıqca insanlarını və ondan başqa dəyərimin olmayacağına qərar verdikdən sonra, acılarını sevdim. Ağacları nəsə pıçıldayır, səması nəyisə vəd edirdi. Özümü ona təslim etdim. Gözümü açanda gördüm ki, Azərbaycan özünə qarşı içində nifrət bəsləyir. İnsanları artıq sevmir onu. Hər kəs öz yalanına, öz "mən"inə dəli kimi bağlanıb. Özünə nifrət etmək acizlikdir. Anlamırlar. 

Azərbaycanın əbədiyyəti bizik, insanlar. Öldükdən sonra, nəfəs verəcək ağaclara, ağacları yaşadacaq suya, yenidən doğulacaq körpələrə çevriləcəyik. Heç zaman ondan uzaq qalmayacağıq. Onun əbədiyyətini var edən zərrələrik biz. Biz, bizə həyat verən hava, üzümüzü güldürən çiçəklər, keçmişimizin heykəli olan ata, gələcəyimizi doğan anayıq. 

Yalan yoxdur, yalnız doğruları yazıram. Sadəcə bir miras var, o da bizim yaddaşımızdır. Mən atalarımın mirasına sahib çıxmaq isyirəm. Sevgim var, günəşin çıxmasını qələbə ilə qarşılayıb, bu vətənə aşiq olan azadlıq aşiqi mənəm. Nifrətim var, satqınlığı görən, arxadan vurulan savaşçı, qundaqda güllələnən körpə, vətənin yaşaması üçün özünü fəda edən şəhid mənəm. Hədəfim var, yenidən doğulan və həqiqətə çatmadığım, ülkümə yetişmədiyim təqdirdə bir daha yenidən doğulacaq olan mənəm. Mən yoxam, mən Azərbaycanam!

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar