Şeytanlar

Elvin Əliyev

11-12-2017, 11:20 Oxunub: 1741
İnsan sosial varlıqdır və fərdlər arasında birgə yaşayış yalnız dövlətin təzyiq aparatları vasitəsilə deyil, dəyərlər iyearxiyası və simvolik iqtidar vasitəsilə təmin edilir. XX əsrin əvvəllərindən etibarən bir çox mütəfəkkir, bu iqtidar şəbəkəsinin deşifrə edilməsi, sosial matritsanın hansı əsaslar üzərinə qurulmasını aydınlaşdırmaq üçün fəlsəfi və sosioloji sistemlər yaradıblar. İqtidar sözü əvvəllər daha çox siyasi hakimiyyətə işarə edirdisə, sosiologiyanın, linqvistikanın, psixoanalitikanın inkişafı ilə bu anlayış daha da inkişaf etdirildi və izi həyatın bütün sferalarında rast gəlinən bir növ şəbəkə kimi görülməyə başlandı.

Reallıq nədir və yaxud "reallıq həqiqətənmi realdır?" Məşhur fransız filosof və sosioloq Pyer Burdyenin simvolik iqtidarla bağlı fikirlərindən belə anlaşılır ki, reallıq əslində müəyyən bir qrup, bir baxış bucağı tərəfindən şəkilləndirilmiş simulyakrdan başqa bir şey deyil. Hər sistem öz "real"llığını yaradır və bu reallıq doğulduğumuz andan etibarən bizə yeridilir. İlk öncə ailə, sonra məktəb, sonra da yaxın və uzaq ətrafımız bizim bu sosial qaydaları mənimsəməyimizə (habitus) "kömək" edir. Sosial həyat müxtəlif sahələrdən ibarətdir, hər sahənin isə öz mümkün və mümkünsüzləri, öz dəyərləri, öz xeyir və şəri var. Bu dəyərlər, qaydalar vasitəsilə biz həyatı dəyərləndirir, həyatımızı və davranışlarımızı bu qaydalar üzərində formalaşdırırıq. Bu dəyərlər vasitəsilə digər insanlar da bizi dəyərləndirirlər. Sistemin yaratdığı normalar əsasında həyatını formalaşdıran insanlar "normal”, digərləri isə "anormal" olaraq tanınır. Sistemin ayaqda qalması, "anormal"ların sıxışdırılması, uzaqlaşdırılması sayəsində həyata keçirilir ki, əxlaq bu məsələdə əsas meyar kimi götürülür. Nitsşe, "iddia edirəm ki, mənim Üstinsanıma şeytan deyəcəklər!" deyirdi.

Üstinsan kimdir? O, hər şeydən öncə mövcud dəyərləri dağıdan və təyin olunmuş xeyirlə şərin o tayına keçən, yəni simvolik iqtidarı, mövcud sistemi tamamilə aşmış insandır. Həyatını çağdaş normalar üzərinə qurmuş insan üçün təbii ki, o, şeytandan başqa bir şey deyil. Yeniliyi, tərəqqini, yeni sistemləri hər zaman bu "şeytanlar" gətirirlər və o normal insanlar keçmişin qalıqları kimi tarixin məzarlığına basdırılmağa məhkum olurlar.

Yuxarıda da qeyd etdiyim kimi sosial həyat müxtəlif sahələrdən ibarətdir və hər sahəyə simvolik iqtidarın müəyyən bir qolu hökmranlıq edir. İncəsənətdən tutmuş, siyasətə qədər hər sahənin müəyyən dəyərləri, xeyir və şəri, mümkün və mümkünsüzlükləri var. Hər sistem daxilində müəyyən dialektika hökm sürür, insanlar isə bu dialektikada müəyyən bir tərəfi seçməklə kifayətlənirlər, çünki reallıq bundan ibarətdir. Bu, sistemin insanlara yaratdığı şərait seçim haqqıdır. Lakin əgər diqqət etsəniz, bu dialektikalarda hədəf eyni, yollar isə fərqlidir. Alternativ yol eyni hədəfə başqa yolla getmək deməkdir, fərqli istiqamət seçmək isə tamamilə "anormallıq" sayılır. Simvolik iqtidar özünü ən çox sözlər və deyimlərdə göstərir. Əgər yeni bir yol, yeni istiqamət seçsəniz, daha böyük hədəflər uğrunda mübarizə aparmağa başlasanız, ilk öncə ətrafdakı insanlardan "mümkün deyil", "alınmayacaq" kimi sözlər eşitməyə, sonda isə anormal rəftarı görməyə başlayacaqsınız. Çünki normalda insanlar, sistemin yaratdığı şərait və dialektikadan kənara çıxa bilmirlər.

"Doxa" qavramı Pyer Burdye sosiologiyasında xüsusi yer tutur. Bu sözlə o, gerçəklik haqqında insanlarda yaranmış yanlış gümanları ifadə edir. Bizə yeridilən dəyərlər dünya görüşümüzü formalaşdırır və bu dünya görüşü, ağıl, məntiq bizə nələr etməyin mümkün olduğunu, nəyin yararlı, nəyin zərərli olduğunu bildirir, davranışlarımızı müəyyən edir və reallıq haqqında təsəvvürlərimizi formalaşdırır. Məsələn, münasibətlərin maddi əsaslar üzərinə qurulduğu dövrümüzdə fədakarlıq heç də ağıllı hərəkət sayılmır. Mənəvi dəyərlərin çökdüyü, həzzin yeganə meyar olduğu, hər kəsin digərlərindən daha çox şeyə sahib olmaq istədiyi neoliberal rəqabət cəmiyyətində etatist olmaq, dövlətini, xalqını düşünmək və daha güclü bir dövlət naminə fəaliyyət göstərmək onlar üçün ağılsızlıqdır. Çünki sistemin yaratdığı reallıq haqqında təsəvvür diqtə edir ki, "heç nə mümkün deyil!".

MFM-ə üzv olduğum ilk vaxtlardan etibarən fəaliyyət dövrümüzdə digər insanların bizə qarşı mənfi reaksiyalarının səbəblərini düşünürdüm. Hədəflərimizi bildirdikdə ya bunların mümkünsüz olduğunu, ya da mütləq kiminsə dəstəyinə ehtiyacımız olduğunu bildirirdilər. Hər uğurumuzda isə bu uğurun arxasında mütləq kimdənsə dəstək aldığımızı, kimlərdənsə maliyyələşdiyimizi və s. düşünüblər. Çünki onların "reallığında" kiminsə dəstəyinə sığınmadan, haradansa maliyyələşmədən, yalnız öz gücünə fəaliyyət göstərmək mümkünsüzdür. Məsələnin onların düşündüyü kimi olmadığını, öz gücümüzə fəaliyyət göstərdiyimizi gördükdə isə yenə də bunu mənfi reaksiya ilə qarşıladılar. Çünki biz onların reallığını dağıdırıq, bu isə onlar üçün "şeytan" olmağa bərabərdir. Lakin onlar bir şeyi unudurlar. Bu günün “şeytanları”, sabahın Məsihləridir!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar